14:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir.
 
Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
 
 



Sonra sessiya öz işinə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə və "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamına uyğun olaraq 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 93.2-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilmişdir. Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, seçici siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak etmişdir. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmiş, müxtəlif xarici və yerli, o cümlədən siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.
Bildirilmişdir ki, təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilmişdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilmiş seçkilərin nəticələrini 2020-ci il 22 fevral tarixli Qərarı ilə bütövlükdə təsdiq etmişdir.
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 93.4-cü maddəsinə uyğun olaraq bu Qərar qətidir. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxumuşdur.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 23 saylı Cəhri Seçki Dairəsindən seçilmiş deputat Hacıfəxrəddin Səfərli sədrlik etmişdir.
9 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilmişdir.
 
 

Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.
18 saylı Nehrəm Seçki Dairəsindən seçilmiş deputat Hüseyn Niftəliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək demişdir: 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərin nəticəsi bir daha təsdiq etdi ki, ümummilli liderimiz Heydər Əliyevin yoluna alternativ yoxdur. 1995-ci ildən ötən dövrdə bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurların qazanılmasına səbəb olmuş, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilmiş, ordu quruculuğu sahəsində tədbirlər görülmüşdür. Həmçinin yerli istehsalın həcmi artmış, yeni istehsal müəssisələri yaradılmış, iş yerləri açılmış, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılmış, ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Əvvəllər daxili tələbatı idxal hesabına ödənən Naxçıvan Muxtar Respublikasının bu gün böyük ixrac potensialı vardır. Genişmiqyaslı tikinti-quruculuq işləri şəhər və kəndləri abadlaşdırmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar idman kompleksləri istifadəyə verilmişdir. Vaxt vardı muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün isə Naxçıvan etibarlı qorunur, müdafiə edilir. İnsanlar rahat və təhlükəsiz yaşayırlar. Məskunlaşma ilbəil artır. Bütün bunlar qədim diyarın turizm potensialının artmasına səbəb olmuş, Naxçıvan şəhəri dünyanın 50 ən təhlükəsiz və səyahət edilən şəhərləri sırasına daxil edilmişdir. Bu gün biz ulu öndərin arzuladığı Naxçıvanda yaşayırıq. Muxtar respublikanın inkişaf və tərəqqi tarixinin şahidləriyik.
Hüseyn Niftəliyev demişdir: "Mən həm seçicilərin və deputat həmkarlarımın, həm də bütün muxtar respublika əhalisinin yekdil fikrini ifadə edərək 7 saylı Aralıq Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyini irəli sürürəm!"
Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.
Sonra səsvermə keçirilmişdir.
Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq Seçki Dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.
Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi
3. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
Sessiyanın iş qaydası təsdiq olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir.
10 saylı Şərur Şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov minnətdarlıq edərək göstərilən etimadı doğruldacağını bildirmişdir.
Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişdir.
Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi qəbul olunmuşdur.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.
 
______________________________________________________________________
 
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
 ÇIXIŞI
 
Hörmətli deputatlar və sessiya iştirakçıları!
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna diqqət artırılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər də bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur. Seçkilərdə fəallıq göstərən, ulu öndərimizin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!
Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edir, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına muxtar respublika seçicilərinin etimadına layiq görüldüklərinə görə təbriklərimi çatdırıram!
Biz qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaratmalı, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.
Büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət daha da gücləndirilməli, vergi və rüsumların vaxtında ödənilməsi təmin edilməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları asanlaşdırılmalı, real sektorun inkişafına yönləndirilən kredit növlərinə üstünlük verilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.
2020-ci ilin muxtar respublikada "İxrac ili" elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. Mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilməli, süni qiymət artımının qarşısı alınmalıdır.
Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir. Əkinəyararlı torpaqlardan təyinatına uyğun istifadə olunmalı, mütərəqqi suvarma şəbəkələri qurulmalı, suvarma suyunun düzgün bölgüsünə və səmərəli istifadəsinə nəzarət gücləndirilməli, tələbata uyğun yeni kənd təsərrüfatı texnikaları və mineral gübrələri alınıb gətirilməlidir.
Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artırılmasına səbəb olmuşdur. Ona görə də qarşıdakı dövrdə də ailə təsərrüfatlarının fəaliyyətinə mühüm əhəmiyyət verilməli, istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməlidir.
Muxtar respublikada sığorta işi də təkmilləşdirilməli, aqrar sığorta bazarının formalaşmasına və inkişafına köməklik göstərilməli, Aqrar Sığorta Fondunun fəaliyyəti gücləndirilməlidir. Sosial-iqtisadi inkişafı əks etdirən hesabatlar təhlilli və müqayisəli işlənməli, mətbuatda işıqlandırılmalıdır.
Təbiətin mühafizəsi, ekologiyanın qorunması və yaşıllıqların artırılması ümumxalq işidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Ona görə də yaşıllıqların və meşə fondlarının mühafizəsinə diqqət artırılmalı, ekoloji tarazlığın qorunması ilə bağlı monitorinqlər davam etdirilməlidir. Həmçinin muxtar respublikada müxtəlif növ ağac, gül və bəzək bitkilərinə olan tələbat öyrənilməli, "İqlim otağı"nın və tingçilik təsərrüfatlarının imkanlarından geniş istifadə edilməli, tələbat yerli istehsal hesabına ödənilməlidir.
Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabəti xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də epizootik vəziyyəti nəzarətdə saxlamalı, mal-qara və quşlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri vaxtında aparılmalı, Dövlət Proqramının icrasına diqqət artırılmalıdır.
Muxtar respublikada tikinti və abadlaşdırma işlərinin həcmi ilbəil artır. Həyata keçirilən tikinti işlərinin keyfiyyətinə nəzarət edilməli, ayrılmış vəsaitdən səmərəli və düzgün istifadə olunmalı, tikinti obyektləri mühəndis-texniki tələblərə uyğun layihələndirilməlidir.
Bu gün muxtar respublikanın ümumi inkişafını xarakterizə edərkən enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər xüsusi qeyd olunmalıdır. Gələcəkdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə diqqətdə saxlanılmalı, istehlakçılar dayanıqlı elektrik enerjisi ilə təmin olunmalı, qarşıdakı dövrdə tələbat tamamilə bərpaolunan enerji mənbələri hesabına ödənilməlidir.
Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Bundan sonra da muxtar respublikada yol tikintisinə geniş yer verilməli, keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, sərnişindaşıma işinə və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqi sahəsində fəaliyyət təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir.
Yerlərdə işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, vətəndaşlarla iş gücləndirilməli, ailə təsərrüfatlarının inkişafına dəstək verilməlidir. Torpaqların qanunsuz zəbt olunmasının və təyinatdankənar istifadəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.
Bundan sonra da muxtar respublikada elm və təhsilin inkişafı əsas istiqamət kimi götürüləcəkdir. Bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırılığı diqqətdə saxlanmalı, elmin istehsalatda tətbiqinə nail olunmalı, tədqiqatların əhatə dairəsi genişləndirilməli, Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyası sürətləndirilməlidir.
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Xüsusilə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmışdır. Bu sahədə qarşıya qoyulan vəzifələrin icrası qısa müddətdə başa çatdırılmalı, səhiyyə maarifinə xüsusi diqqət yetirilməli, həkim və tibb işçilərinin peşəkarlığı artırılmalı, bütün yaş qruplarından olan əhali keyfiyyətli tibbi xidmətlə təmin olunmalıdır.
Mədəniyyətin inkişafını təmin etmədən, tarixi-mədəni irsə sahib çıxmadan ümumi inkişafdan danışmaq mümkün deyil. Qarşıdakı illərdə də muxtar respublikada tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəlmiş tədbirlər davam etdirilməli, muzey və kitabxana işi müasir tələblərə uyğun qurulmalı, uşaq-musiqi məktəblərində dərslərin keyfiyyəti artırılmalıdır.
Gənclərin fiziki cəhətdən sağlam böyüməsində və asudə vaxtlarının səmərəli təşkilində bədən tərbiyəsi və idman əsas vasitə kimi götürülməlidir. Bu səbəbdən də idmanın inkişafı sahəsində qarşıya qoyulan vəzifələr və qəbul olunmuş Dövlət Proqramı uğurla icra olunmalı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində işlər də davam etdirilməli, peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Pensiya təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalı, elektron xidmətlərin əhatə dairəsi genişləndirilməlidir.
Müasir dövrdə turizm iqtisadi inkişafın vacib sahəsi kimi götürülür. Ona görə də muxtar respublikanın mövcud turizm imkanlarının tanıdılması və bu sahədə yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tədbirlər görülməli, ölkə və xarici turizm şirkətləri ilə əlaqələr gücləndirilməli, turist cəlbi sahəsində mütərəqqi layihələr həyata keçirilməlidir.
İnformasiya-məlumatlandırma, maarifçilik işi, tanıtım və təbliğat bundan sonra da kütləvi informasiya vasitələrinin əsas fəaliyyət istiqamətinə çevrilməli, internet media resurslarında və sosial şəbəkələrdə Naxçıvanla bağlı məlumatların yayılmasına diqqət artırılmalı, milli dəyərlərimiz, tarixi-mədəni irsimiz və muxtar respublikanın müasir inkişafı ilə bağlı teleradio və qəzet materialları hazırlanmalı, teleradioların yayımlarının keyfiyyəti yaxşılaşdırılmalı və əhatə dairəsi genişləndirilməlidir.
Sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq da mümkün deyil. Muxtar respublikada əldə olunan ən mühüm nailiyyətlərindən biri də ictimai-siyasi sabitliyin təmin olunması, cinayət hadisələrinin sayının kəskin azalmasıdır. Bu sahədəki fəaliyyət davam etdirilməli, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilməli, nizam-intizam daha da möhkəmləndirilməli, maarifləndirmə ön planda saxlanmalıdır. Məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli, bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.
Muxtar respublikada ordu quruculuğu və müdafiə təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində görülən işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır. Qarşılıqlı fəaliyyət planına uyğun olaraq təlimlər keçirilməli, döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı artırılmalı, hərbi hissələrdə quruculuq işləri aparılmalı, hərbi qulluqçuların xidmət, yaşayış və sosial məişət şəraiti yaxşılaşdırılmalıdır.
Hörmətli sessiya iştirakçıları
Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik".
Sağ olun!
 
       25.02.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).