14:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Heydər Əliyev adına Hərbi Liseydə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Belə ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq mart ayının 5-də Heydər Əliyev adına Hərbi Liseydə hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Nuca Əliyev, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Fərhad Məmmədov və Heydər Əliyev adına Hərbi Liseyin kursant heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Fərhad Məmmədov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, hərbi xidmətin hüquqi əsaslarının gənc kursantlara təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Nuca Əliyev Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Müvəkkil təsisatı, Müvəkkilin fəaliyyətnin əsas istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri sırasında dünyada ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Bu gün dünyada klassik Ombudsman modeli kimi tanınan qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır.
N.Əliyev çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar aparılmış, insan hüquq və azadlıqlarının daha effektiv müdafiəsinin təmin edilməsi məqsədilə yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmiş, 05 mart 2002-ci ildə isə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatlarının Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini diqqətə çatdıran N.Əliyev qeyd etmişdir ki, muxtar respublikada da insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, bu islahatların nəticəsi olaraq məhkəmədən kənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatı yaradılmışdır. 
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Məruzəçi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. 
Ombudsmanın əməkdaşı əlavə etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il dördüncü çağırış, dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası Qanunu"na edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir. 
Vurğulanmışdır ki, Qanununa edilən əlavə və dəyişikliklərlə Müvəkkilin səlahiyyət dairəsi genişləndirilmiş, Müvəkkilin preventiv mexanizm qismində fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Preventiv qrupun yaradılması, onun üzvlərinə dair tələblər və digər məsələlər təsbit edilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
            05.03.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).