16:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir.
 
Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur 
 
Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: "Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir". 
Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulmuş, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılmışdır. Bu il də Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri tikilir. 
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisinə baxmışdır. 
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi Böyükdüz kəndində "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan 800 hektar ərazini əhatə edəcəkdir. Tikinti zamanı 5197 metr ana xətt və 73 min 217 metr paylayıcı boru xətti çəkiləcəkdir. Ümumilikdə qapalı suvarma şəbəkəsi qurularkən 80 kilometrdən artıq boru xətləri çəkiləcək, torpaq sahələrinin dayanıqlı su təminatı yaradılacaqdır. Xətlərin üzərində 145 sutənzimləyici siyirtmə, 780 hidrant və 138 suboşaldıcı quraşdırılacaqdır. 
 
 
Bildirilmişdir ki, yeni suvarma şəbəkəsinin qurulması da torpaqlardan daha səmərəli istifadə olunmasına imkan verəcəkdir. "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən1300 hektar sahədə taxıl əkilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada taxıl əkini zamanı toxuma olan tələbat yerli istehsal hesabına ödənilir. 
Böyükdüz kəndində qurulacaq qapalı suvarma şəbəkəsinin su təminatı Araz su anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcəkdir. Su anbarında hər birinin gücü saniyədə 1500 litr olan 2 nasos quraşdırılacaq və ikinci nasos stansiyasına qədər 2 kilometrlik boru xətti çəkiləcəkdir. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 840 litr olan 3 nasos quraşdırılacaqdır. Nasos stansiyasından su 3,8 kilometrlik boru xətti ilə Böyükdüz kəndi ərazisindəki 4 min kubmetr həcmi olan paylayıcı hovuza vurulacaq və öz axını ilə qapalı suvarma şəbəkəsinə ötürüləcəkdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına hərtərəfli diqqət göstərilir, yeni suvarma şəbəkələri tikilir. Bu il də muxtar respublikada əsas investisiya qapalı suvarma şəbəkələrinin qurulmasına və nasos stansiyalarının tikintisinə ayrılmışdır. Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkəsi qurulduqdan sonra "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış 1500 hektardan artıq torpaq sahəsi əkin üçün tam yararlı vəziyyətə gətiriləcək, eyni zamanda dövlət və bələddiyə mülkiyyətində olan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda rayonun Külüs kəndində nasos stansiyasının qurulması isə 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaqdır. Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, qapalı suvarma şəbəkəsinin tikilməsinə sərf olunan vəsait geri qayıtmalıdır. 
Ali Məclisin Sədri torpaqların düzgün qeydiyyata alınması və kateqoriyaların uyğun icarəyə verilməsi, tikinti işlərinin mühəndis texniki tələblərə uyğun aparılması və payız əkin mövsümünə qədər başa çatdırılması, yeni qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar vermişdir. 
 
 
Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev yaradılan şəraitə görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, torpaqlardan səmərəli istifadə edəcəklərinə, əkin sahələrini genişləndirəcəklərinə söz vermişdir.
 
Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır 
 
2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qurulmuş, uzun müddət suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Görülən işlərin davamı olaraq bu il rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur. 
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti işləri ilə maraqlanmışdır. 
 
 
Məlumat verilmişdir ki, qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcəkdir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaqdır. 
Sələsüz, Türkeş və Mərəlik kənd sakinlərinin əsas məşğuliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olmuşdur. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır. 2019-cu ildə Türkeş kəndində istifadəyə verilmiş 343 hektar qapalı suvarma şəbəkəsinin 258 hektarında payızlıq taxıl, 10 hektarında yazlıq bitkilər əkilmişdir. Ərazinin qalan 75 hektarında isə mərhələli şəkildə yazlıq əkinlər aparılır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, aparılan abadlıq quruculuq işləri, yeni suvarma şəbəkələrinin qurulması, torpaqların əkin dövriyyəsinə qatılması kəndlərin gələcək inkişafına xidmət edir. Sələsüz, Türkeş və Mərəlik inkişaf etmiş müasir kəndlərin sırasına qoşulacaqdır. İki il ərzində bu kəndlərin 600 hektardan artıq torpaq sahəsində suvarma şəbəkəsinin qurulması imkan verəcəkdir ki, sakinlər bol məhsul istehsal edərək ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etsinlər. Bu tədbirlər dövlət vəsaiti hesabına həyata keçirilir, tikinti işləri müvafiq dövlət qurumları tərəfindən aparılır. Məqsəd ondan ibarətdir ki, torpaqlar əkilsin, bol məhsul istehsal edilsin. 
Sakinlər adından minnətdarlıq edən Sələsüz kənd bələdiyyəsinin sədri Bəxtiyar Tarverdiyev yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini bildirmişdir.
 
  30.03.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).