16:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası

"Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
Azərbaycan Respublikasının Baş naziri 
Novruz MƏMMƏDOV
 
Bakı şəhəri, 8 avqust 2019-cu il
¹ 350
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 8 avqust tarixli 350 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi
QAYDASI
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra - işəgötürənlər) tərəfindən əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.
1.3. Məşğulluq sahəsində nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir.
 
2. Nəzarətin formaları və istiqamətləri
 
2.1. Məşğulluq sahəsində nəzarət aşağıdakı formalarda həyata keçirilir:
2.1.1. plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar;
2.1.2. monitorinqi.
2.2. Məşğulluq sahəsində nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:
2.2.1. məşğul şəxslərin reyestrinə məşğul şəxslər barədə məlumatların daxil edilməsi;
2.2.2. işəgötürənlər tərəfindən Xidmətin göndərişi əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi;
2.2.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatın reyestrə daxil edilməsi;
2.2.4. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların Xidmətə təqdim edilməsi;
2.2.5. işəgötürənlər tərəfindən Xidmətin göndərişinin təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın qəbul edilərək Xidmətə təqdim edilməsi;
2.2.6. işəgötürənlər tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Xidmətə rəsmi məlumatın verilməsi;
2.2.7. işəgötürənlər tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların "Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nə (bundan sonra - MEİS) daxil edilməsi;
2.2.8. işəgötürənlər tərəfindən Xidmətin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların MEİS-ə daxil edilməsi.
 
3. Nəzarətin həyata keçirilməsi qaydaları
 
3.1. Plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
3.2. Məşğulluq sahəsində monitorinq bu sahədə məlumatların toplanmasından, öyrənilməsindən və monitorinqin nəticələri üzrə tədbirlərin görülməsindən ibarətdir.
3.3. Monitorinq aşağıdakı qaydada həyata keçirilir:
3.3.1. məşğulluğa dair toplanılan məlumatlar təhlil edilir və öyrənilir;
3.3.2. monitorinqin nəticələri əsasında Xidmət tərəfindən məşğulluq sahəsində vəziyyət barədə rübdə bir dəfə hesabat hazırlanır;
3.3.3. monitorinqin nəticələri üzrə tədbirlər hazırlanır və həyata keçirilir.
3.4. Monitorinq zamanı aşkar edilmiş hüquq pozuntuları müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).