8:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ləğv edilsin.
2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilsin.
3. "Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
4. "Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur).
5. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçsin.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
 
Naxçıvan şəhəri, 07 avqust 2018-ci il
¹ 133-V FR
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2018-ci il 07 avqust tarixli 133-V FR
nömrəli Fərmanı ilə təsdiq edilmişdir
 
 
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun
N İ Z A M N A M Ə S İ
 
1. Ümumi müddəalar
 
1.1. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra - Fond) Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində yaradılmış, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Fond Naxçıvan şəhərində yerləşir.
 
2. Fondun fəaliyyətinin məqsədi və istiqamətləri
 
2.1. Fondun fəaliyyətinin məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür.
2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
2.2.2. investisiya layihələri üzrə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
2.2.3. sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
 
3. Fondun hüquq və vəzifələri
 
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:
3.1.1. Fondun vəsaiti hesabına Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək;
3.1.2. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək;
3.1.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək;
3.1.4. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
3.1.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
3.1.6. sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.7. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
3.1.8. kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək;
3.1.9. sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək;
3.1.10. sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisasının artırılmasına dəstək vermək;
3.1.11. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə kömək etmək;
3.1.12. muxtar respublikada sahibkarlığın bazar infrastrukturunun formalaşmasına və inkişafına kömək göstərmək;
3.1.13. sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
3.1.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. Fonda vəsait cəlb etmək və bu məqsədlə könüllü yardım, qrant alınması ilə bağlı və digər bu kimi əqdlər bağlamaq;
3.2.2. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;
3.2.3. sərəncamında olan əmlakdan istifadə etmək;
3.2.4. sahibkarlıq fəaliyyəti ilə bağlı konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək;
3.2.5. investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək, sərgilər və yarmarkalar təşkil etmək;
3.2.6. xarici dövlətlərin müsbət təcrübəsini öyrənmək;
3.2.7. Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitdən investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün tədbirlər görmək;
3.2.8. əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil kredit təşkilatlarına zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
4. Fondun idarə olunması
 
4.1. İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
4.2. İdarə Heyətinin tərkibi üç nəfərdən - Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki üzvdən ibarətdir.
4.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.4. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.4.1. Fondun fəaliyyətini təşkil etmək;
4.4.2. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.4.3. Fondun strateji məqsədlərinin və planlarının icrasına nəzarət etmək;
4.4.4. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.4.5. Fondun fəaliyyətinə dair illik hesabat hazırlayaraq Nazirliyə təqdim etmək;
4.4.6. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələrə dair təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim etmək;
4.4.7. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə təkliflər vermək;
4.4.8. Fondun fəaliyyətinə dair hesabatı ictimaiyyətə açıqlamaq.
4.5. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya üzvü çıxış edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.6. İdarə Heyətinin sədri:
4.6.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.6.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.6.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.6.4. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;
4.6.5. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.6.6. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.6.7. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.6.8. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.6.9. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.6.10. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.6.11. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar yaradır;
4.6.12. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.6.13. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.6.14. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.6.15. İdarə Heyətinin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
4.6.16. verilmiş səlahiyyətlər daxilində müvafiq sənədləri imzalayır;
4.6.17. Fondun fəaliyyət planlarının icrasına nəzarət edir;
4.6.18. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.7. İdarə Heyətinin üzvləri:
4.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılmaq barədə təkliflər verirlər;
4.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
 
5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
 
5.1. Fondun nizamnamə fondu 67 723 000 (altmış yeddi milyon yeddi yüz iyirmi üç min) manatdır.
5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Fond ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fondun saxlanması xərcləri Nazirliklə razılaşdırmaqla təsdiq olunmuş Fondun maliyyə planlaşdırmasına uyğun olaraq güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) hesabına ödənilir.
5.4. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
 
6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
 
6.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
 
7. Fondda uçot və hesabat
 
7.1. Fond "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.2. Fond "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
 
8. Fondun yenidən təşkili və ləğvi
 
Fondun yenidən təşkilini və ya ləğvini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2018-ci il 07 avqust tarixli 133-V FR
nömrəli Fərmanı ilə təsdiq edilmişdir 
 
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə
Q A Y D A S I
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Fondun vəsaiti Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.
1.4. Fondun müəyyən etdiyi meyarlara uyğun olan bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər.
1.5. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda müvafiq məlumat təqdim edir.
1.6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin ­­­­Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi Fondun vəsaitinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində il ərzində baş verən dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Fonda təqdim edir.
1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair), həmin daxilolmaların Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.
 
2. Fondun vəsaitindən istifadə istiqamətləri
 
Fondun vəsaiti muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə, eləcə də Fondun İdarə Heyətinin qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə real sektorun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
 
3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi
 
3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq Fond limit müəyyən edir. Limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.
3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.
3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə olunmazsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə olunmamış vəsait Fondun İdarə Heyətinin qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.
3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borc və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər.
3.5. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri, onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.
3.6. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda Fondun İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.
 
4. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə
 
4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri, ilkin olaraq, Fonda rəsmi qaydada müraciət edirlər. Fond müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Fond 10 (on) bank günündən gec olmayaraq müəyyən edilmiş investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Fond müsbət qiymətləndirdiyi investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər.
4.2. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2(iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
 
5. Kreditlərin hədləri
 
5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
5.1.2. 2500 manatdan 25 000 manatadək - kiçikhəcmli kreditlər;
5.1.3. 25 001 manatdan 500 000 manatadək - ortahəcmli kreditlər;
5.1.4. 500 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.
5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.
 
6. Kreditlərin müddəti və faizləri
 
6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyükhəcmli kreditlər üçün - 8 (səkkiz) ilədək.
6.2. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
6.3. Fondun digər mənbələrdən cəlb etdiyi vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 6.2-ci bəndi tətbiq edilir.
 
7. Güzəşt müddəti
 
Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
 
8. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması
 
8.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) bank günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, Fondun İdarə Heyəti müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.
8.2. Fond, sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin ­­­­Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.
8.3. Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.
8.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılması bu Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, bu məqsədlə təyin olunmuş səlahiyyətli orqan tərəfindən həyata keçirilməlidir.
 
9. Layihənin monitorinqi
 
9.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
9.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
9.3. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydasını müvəkkil kredit təşkilatı 3 (üç) dəfə və daha çox pozduqda, həmin müvəkkil kredit təşkilatı üçün Fondun müəyyən etdiyi əsas və əlavə limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.
 
10. Yekun müddəa
 
Bu Qaydanın 3.6-cı və 8.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).