10:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası

"Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarı
 
"Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası" təsdiq edilsin (əlavə olunur).
 
Naxçıvan Muxtar Respublikasının Baş naziri: Ə.Baxşıyev
«25» yanvar 2018-ci il
¹ 17
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir.
 
Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Q A Y D A S I.
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə düşən sığortaedənlərin və sığortaolunanların Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) sistemində qeydiyyatı qaydalarını tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunan "Fərdi şəxsi hesab" anlayışı - dövlət sosial sığorta sistemi üzrə məlumatların toplusunu özündə əks etdirən və Fond tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab mənasını ifadə edir.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
 
2. Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı
 
2.1. Sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.
2.2. Məcburi dövlət sosial sığortası məqsədləri üçün qanunvericiliyə uyğun olaraq, Fondda uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
2.3. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.
2.4. Yeni yaradılan (ləğv edilən) sığortaedənlərin işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları qanunvericiliyə uyğun tənzimlənir.
 
3. Sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı
 
3.1. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmış hesab olunurlar.
3.2. Sığortaolunanların işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları qanunvericiliyə uyğun tənzimlənir.
3.3. Sığortaçı sığortaedənlər tərəfindən hesablanıb ödənilən işsizlikdən sığorta haqları barədə məlumatları sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə almır.
3.4. Sığorta hadisəsi baş verdiyi halda sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı onların sığorta ödənişini almaq hüququnu və sığorta stajını müəyyənləşdirir.
 
4. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarət
 
4.1. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.
4.2. Sığortaolunanlar və sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).