17:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası Qaydası

"Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası Qaydası"nın təsdiq edilməsi haqqında
 
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 521 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası Qaydası" təsdiq edilsin (əlavə olunur).
 
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov
 
27 yanvar 2021-ci il
 
¹ 21
 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il "27" yanvar tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
 
Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası Q A Y D A S I
 
1. Ümumi müddəalar
 
1.1. Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası (bundan sonra - Qayda) Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin abilitasiyası qaydasını müəyyən edir.
1.2. Qanunvericiliyə əsasən abilitasiya dedikdə, əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması nəzərdə tutulur.
1.3. Əlilliyi olan şəxslər üçün abilitasiya tədbirləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.
 
2. Abilitasiya tədbirlərinin hazırlanması
 
2.1. Abilitasiya tədbirlərinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi;
2.1.2. abilitasiya tədbirləri üzrə nəticələrin proqnozlaşdırılması;
2.1.3. abilitasiya tədbirlərinin müəyyən edilməsi.
2.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq, əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirlik tərəfindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) abilitasiya tədbirlərinin hazırlanması vaxtı və yeri barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əliliyi olan şəxs abilitasiya tədbirlərinin hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır.
2.3. Abilitasiya tədbirlərinin hazırlanması zamanı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.
2.4. TSEK tərəfindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə abilitasiya tədbirləri 2 (iki) iş günü müddətində hazırlanır.
2.5. TSEK abilitasiya tədbirlərinin müəyyənləşdirilməsi prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.
2.6. Müəyyən edilmiş abilitasiya tədbirlərinin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən abilitasiya tədbirlərinə yenidən baxılır.
2.7. Əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin müraciəti əsasında abilitasiya tədbirlərinə əlavə və ya dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş müddətdən əvvəl baxılır.
2.8. TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosialhüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.
2.9. Abilitasiya tədbirlərinin yerinə yetirilməsi müddəti əlilliyi olan şəxsin sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edilir.
2.10. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş abilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
 
3. Abilitasiya tədbirlərinin həyata keçirilməsi
 
3.1. Abilitasiya tədbirlərinə dair çıxarış elektron qaydada və ya kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.
3.2. Abilitasiya tədbirləri üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada və ya kağız daşıyıcıda TSEK-ə təqdim edilir.
3.3. Təkrar əlilliyin müəyyən olunmasından sonra abilitasiya tədbirlərinin hazırlanması zamanı əvvəlki abilitasiya tədbirlərinin effektivliyinin və görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.
3.4. Müddəti başa çatmış abilitasiya tədbirlərinin yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq Agentliyə təqdim edilir













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).