3:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda "Bərəkət Toxumçuluq" kompleksi istifadəyə verilmişdir.
 
Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir. 
Aprelin 9-da Naxçıvan şəhərində "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada aqrar sahəyə göstərilən dövlət dəstəyi, innovativ texnologiyaların tətbiqi və elmi əsaslara söykənən layihələrin icrası kənd təsərrüfatının bütün sahələri üzrə məhsuldarlığı artırmış, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Əkinçiliyin inkişafında keyfiyyətli toxum təminatı əsas diqqət yetirilən məsələlərdəndir. Güclü maddi-texniki bazaya və geniş əkinəyararlı torpaq sahəsinə malik olan "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın torpaq mülkiyyətçilərini məhsuldar və keyfiyyətli toxumlarla təmin edir. Ötən il təsərrüfatda 1067 ton toxum istehsal edilərək satışa verilmişdir. 2020-ci ilin məhsulu üçün 1300 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Yeni komlpeksin istifadəyə verilməsi bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcəkdir. Elşad Əliyev kənd təsərrüfatının inkişafına göstərdiyi hərtərəfli qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
 
 
"Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Dərgah Fərəcov çıxış edərək demişdir ki, muxtar respublikada aqrar sahə, xüsusilə əkinçilik hərtərəfli inkişaf edir. Torpaq mülkiyyətçilərinin toxumla təminatında "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühüm rolu vardır. Toxumçuluq təsərrüfatında 60 nəfər işlə təmin olunmuşdur. Dərgah Fərəcov toxumçuluq təsərrüfatının kollektivi və yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, torpaq mülkiyyətçilərini, ailə təsərrüfatlarını və fermerləri keyfiyyətli toxumlarla təmin edəcəklərinə söz vermişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və rifah vardır. İnsanların yaşayış səviyyəsi yüksəldilir. Ölkəmizdə digər sahələrlə yanaşı, kənd təsərrüfatı da inkişaf etdirilir, ərzaq təhlükəsizliyi təmin olunur. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı qarşıda duran əsas vəzifədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada ərzaq təhlükəsizliyi təmin edilmişdir.
Ali Məclisin Sədri demişdir: Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir. Görülən işlərin nəticəsində muxtar respublikada suvarılan torpaqların sahəsi 62 min hektara çatdırılmışdır. Bu torpaqlardan yüksək keyfiyyətli məhsul götürmək üçün keyfiyyətli toxumlara ehtiyac vardır. Ona görə də muxtar respublikada toxumçuluq inkişaf etdirilir. Hazırda toxum tələbatının 80 faizə yaxını yerli istehsal hesabına ödənilir. "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəyə verilməsi ilə muxtar respublikamızda toxuma olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. Təsərrüfatın istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi vardır. Bütün bunlar da təsərrüfatda keyfiyyətli və təlabata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə və gəlirlərin artmasına imkan verəcəkdir. "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət vəsaiti hesabına yaradılıb. Bundan sonra təsərrüfatın saxlanılması və inkişafı isə kollektivin üzərinə düşən vəzifədir.
Ali Məclisin Sədri demişdir: Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın. Bunun üçünsə, şərait yaradılmalı, mütərəqqi suvarma üsulları tətbiq olunmalı, müasir texnikalar alınıb gətirilməli və yüksək keyfiyyətə malik məhsuldar toxumlardan istifadə olunmalıdır. Bu gün istifadəyə verilən "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan tələblərə cavab verən toxumçuluq təsərrüfatıdır. Təsərrüfat müasir texnikalarla təmin olunub, kollektiv formalaşıb və əkin sahələrində mütərəqqi suvarma sistemləri qurulub.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, toxumçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkür etmişdir.
 
 
Məlumat verilmişdir ki, "Bərəkət Toxumçuluq" kompleksinə taxıl anbarı, qarışıq yem sexi, toxumların satış mərkəzi, tutumu 500 ton olan hazır məhsul anbarı, 2 min hektar əkin sahəsi, texnika və avadanlıqların saxlanılması üçün qaraj, eləcə də təmiri sexi daxildir. 1924 kvadratmetr sahəni əhatə edən taxıl anbarında bütün texniki tələblər nəzərə alınmışdır. Burada ümumi tutumu 24 min ton olan 48 bunker vardır. Hər birinin tutumu 500 ton olan bunkerlər taxılın keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
 
 
Qarışıq yem sexinin istehsal gücü ildə 72 min tondur. Bildirilmişdir ki, burada quşlar üçün kökəltmə və yumurtalıq, mal-qara üçün isə ətlik və südlük istiqamətində 8 çeşiddə yem istehsal olunur. Xammal təminatı yerli istehsal hesabına ödənilir ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Müasir avadanlıqların quraşdırıldığı müəssisədə istehsal prosesi tamamilə avtomatlaşdırılmış qaydada həyata keçirilir, hazır məhsullar müxtəlif ölçülərdə paketlənərək satış mərkəzinə göndərilir.
3 mərtəbəli satış mərkəzində 9 iş otağı, laboratoriya, mətbəx, qazanxana və satış zalı yerləşir. Laboratoriyada quraşdırılan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Satış mərkəzində taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının, eləcə də dekorativ güllərin, meyvə tinglərinin, gübrələrin, dərman preparatlarının, qarışıq və qüvvəli yemin, kənd təsərrüfatında istifadə olunan alət və avadanlıqların da satışı həyata keçiriləcəkdir.
"Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2 min hektar əkin sahəsi ayrılmışdır. Uzun müddət əkilməyən həmin torpaqlarda meliorativ tədbirlər həyata keçirilmiş, su təminatı yaxşılaşdırılmış, əkinlərin aqrotexniki qaydalara uyğun aparılması və məhsuldarlığın artırılması üçün 1023 hektar sahədə qapalı suvarma sistemi tikilib istifadəyə verilmişdir. Hazırda digər ərazilərdə də qapalı suvarma şəbəkələrinin qurulması davam etdirilir. Bu ilin məhsulu üçün yerli şəraitə uyğun "Fatimə", "Qobustan", "Qualiti" və "Bezost" taxıl sortları əkilmişdir.
 
 
Bildirilmişdir ki, əkin işlərinin aparılması üçün cəmiyyətə 38 adda 87 texnika və texnoloji avadanlıq alınmışdır. Hazırda istifadə olunan 6 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, eləcə də digər maşın və avadanlıqlar yüksək iş əmsalına malikdir.
Ali Məclisin Sədri keyfiyyətli toxum sortlarının yetişdirilməsi, bazarın qorunması, toxuma və qüvvəli yemə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, aid qurumlarla birlikdə məhsuldar toxum sortlarından istifadə ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
 
* * *
Toxumçuluğun inkişafı bitki genefondunun qorunub saxlanılması və ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindəndir. Digər bir tərəfdən keyfiyyətli toxum istehsalı həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada toxum bazarı düzgün təhlil olunur, tələbat öyrənilir, bu sahə üzrə mütəxəssislər hazırlanır. Bütün bunlar bir daha təsdiq edir ki, "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili əkinçiliyin inkişafı və ərzaq təhülkəsizliyinin təmin olunması ilə yanaşı, həm də keyfiyyətli məhsul istehsalı və əhalinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.
 
            09.04.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).