12:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır.
 
Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib 
 
Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olmuşdur. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir. 
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınmış 10 "Qazel" markalı yük, eləcə də "Ford" və "Volkswagen" markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxmışdır. 
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir. 
Bildirilmişdir ki, yükgötürmə qabiliyyəti və manevr imkanları yüksək olan qənaətcil avtomobillərindən hərbi hissələrin təminatında istifadə olunacaqdır. Yeni avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən şəraitdə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avotomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ordumuzun qüdrətini daha da artırır. Ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordu, birləşmə və hissələrinin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır. 
Ali Məclisin Sədri demişdir: Döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmamalıdır. Ona görə də muxtar respublikada hərbi hissələrin təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaət olunan hissəsindən alınan yeni avtomobillər də hərbi hissələrdəki döyüş resurslarının qorunmasına və gündəlik təminatın həyata keçirilməsinə imkan verəcəkdir. 
Ali Məclisin Sədri yeni avotomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar vermişdir. 
 
 
 
Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur 
 
Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətləndirilmiş, rayonda geniş quruculuq işləri aparılmışdır. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilmiş, məşğulluq təmin edilmişdir. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır. 
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxmışdır. 
 
 
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat vermişdir ki, layihə çərçivəsində bu günə qədər dərinliyi 80 metr olan 15 subartezian quyusu qazılmışdır. Gələcəkdə subartezian quyularından sutəmizləyici qurğuya qədər təzyiqli boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq hər birinin tutumu 400 kubmetr olan 2 hovuza vurulacaq, daha sonra sutəmizləyici qurğuda təmizlənərək hər birinin tutumu 5 min kubmetr olan 2 təmiz su anbarına yığılacaqdır. Suyun şəbəkəyə verilməsi üçün su anbarlarının çıxışında 3 nasos quraşdırılacaqdır. Nasoslardan su 6,7 kilometrlik borularla hər birinin tutumu 5 min kubmetr olan 2 paylayıcı su anbarına vurulacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir. 
Bildirilmişdir ki, bu günə qədər 129 kilometr içməli su və 95,3 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Gələcəkdə ərazidə çirkab su təmizləyici qurğu da inşa olunacaqdır. Layihə üzrə işlər başa çatdırıldıqdan sonra rayonun Heydərabad qəsəbəsində və kəndlərində əhali keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən bu işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirəcək, əhali təmiz və dayanıqlı içməli su ilə təmin olunacaq, məskunlaşma artacaqdır. 
Ali Məclisin Sədri Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin dövlət vəsaiti hesabına qurulduğunu bildirmiş, tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar vermişdir. 
 
Sədərəkdə işğaldan azad edilən ərazilər əkilir 
 
Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "...Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var". 
Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən ən mühüm amillərdən biri də müdafiə təhlükəsizliyinin təmin olunmasıdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istənilən tapşırığın uğurla yerinə yetirilməsinə imkan verir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bunu bir daha təsdiq edir. Sabitlik və təhlükəsizlik isə insanların rahat yaşayışını təmin edir, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində də torpaqlar əkilir, təsərrüfatlar inkişaf etdirilir, məskunlaşma artır. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılmışdır. 
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olmuş, görülən işlərlə maraqlanmışdır. 
 
 
Məlumat verilmişdir ki, ərazidə müdafiənin dayanıqlığının təmin edilməsi üçün mühəndis maneələri sistemi yaradılmış və minalardan təmizlənmiş, hündürlüyü 5 metr, uzunluğu isə 7 kilometrdən artıq olan təhlükəsizlik bəndi çəkilmiş, ön mövqedə şəxsi heyətin xidməti şəraiti daha da yaxşılaşdırılmışdır. 73 hektar torpaq sahəsində meliorativ tədbirlər görülərək əkinə hazır vəziyyətə gətirilmiş, 1650 metr məsafədə yerləşən "Şirarxı" kanalı üzərində qurulmuş yeni nasos stansiyasından əraziyə su verilmiş, eləcə də mövcud 3 subartezian quyusu bərpa olunaraq 2500 metr boru xətti çəkilmişdir. Həmçinin əraziyə yeni elektrik verilişi xətti çəkilərək subartezian nasosları və hərbi hissə üçün 2 transformator yarımstansiyası quraşdırılmışdır. Bu ilin yazından ərazidə əkin işlərinə başlanılmış, 38 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Hazırda əkin davam etdirilir. 
 
 
Ali Məclisin Sədri bu işlərdə əməyi olanlara təşəkkür edərək demişdir ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülmüş, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda ordumuz tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir. Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir. 
 
Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksi yenidən qurulmuşdur 
 
Naxçıvan Muxtar Respublikasında etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət komplekslərinin tikilməsi xidmətin hərtərəfli təşkilinə imkan verir. 
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanmışdır. 
 
 
Məlumat verilmişdir ki, ötən ildən başlayaraq əsgəri yaşayış kompleksində yenidənqurma işləri aparılmışdır. Ümumi sahəsi 1890 kvadratmetr olan 3 mərtəbəli binada 10 xidməti otaq, 160 yerlik əsgər yataqxanası, 16 yerlik zabit yataqxanası, 176 yerlik yeməkxana, mətbəx, kafe, idman otağı, taktiki sinif, silah otağı, əşya, ərzaq və silah anbarları, hamam-çamaşırxana və qazanxana vardır. Binanın istilik sistemi yenilənmiş, döşəmə, qapı və pəncərələr dəyişdirilmiş, qazanxana, yeməkxana və mətbəx yenidən qurulmuşdur. 
 
 
Şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Sədərək rayonunda olmuş, döyüş mövqelərinin möhkəmləndirilməsi və ərazinin minalardan təmizlənməsi ilə bağlı tapşırıqlar vermişdir. Verilən tapşırıqların nəticəsi olaraq Sədərək rayonunda 75 hektara yaxın torpaq sahəsi minalardan təmizlənərək əkin dövriyyəsinə qatılmışdır. 
 
 
Ali Məclisin Sədri bütün bunların Azərbaycan ordusunun şücaəti nəticəsində mümkün olduğunu bildirmiş, bu münasibətlə şəxsi heyətə təşəkkür edərək demişdir: Torpaq o zaman müqəddəsləşir ki, o həm qorunur, həm də əkilir. "Kitabi-Dədə Qorqud" dastanında da yazılır ki, "Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz". Bu gün qürur hissi keçiririk ki, Sədərək rayonunda torpaqlar qorunur və əkilir. Bunlar ordumuzun və yerli strukturların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsgəri-məişət kompleksində yaradılan şərait də xidməti fəaliyyətin lazımi səviyyədə həyata keçirilməsinə imkan verir. Ona görə də şəxsi heyət xidməti vəzifələrini uğurla yerinə yetirməli, nizamnamənin tələblərinə əməl olunmalıdır. 
Ali Məclisin Sədri ərazinin bundan sonra da etibarlı müdafiə olunacağına və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmişdir. 
Əsgər Məmməd Vəliyev şəxsi heyət adından minnətdarlıq edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əsgəri-yaşayış kompleksi əsaslı şəkildə yenidən qurularaq istifadəmizə verildi. Söz veririk ki, yaradılanları qoruyub saxlayacaq, qarşımıza qoyulan vəzifə və tapşırıqları layiqincə icra edəcəyik. Vətənimiz Azərbaycanın, qədim diyarımız Naxçıvanın müdafiəsini ayıq-sayıq şəkildə təmin edəcəyik.
Sonda şəxsi heyət "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndirmişdir. 
Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilmişdir. 
Ərazidə içməli su anbarı və kanalizasiya çökdürmə qurğusu quraşdırılmışdır. Binanın həyətində abadlıq işləri aparılmış, işıqlandırma sistemi qurulmuş, 2 hektara yaxın yaşıllıq salınmışdır. 
 
 
 
Ön mövqelərdə xidmət nümunəvi təşkil olunub 
 
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olmuş, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanmışdır. 
 
 
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev məlumat vermişdir ki, şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, mövqelər arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaratmışdır. Dayaq məntəqələri və mövqelər müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunmuşdur. 
Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmiş, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
 
 

* * * 
 
Ümummilli lider Heydər Əliyevin quruculuq və inkişaf xətti muxtar respublikanın davamlı inkişafını təmin edir. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olmuşdur. İqtisadi artım dinamikası əvvəlki dövrlərlə müqayisədə dəfələrlə ölçülən Naxçıvan Muxtar Respublikasının hər bir yaşayış məntəqəsində geniş quruculuq işləri aparılır. Vaxtilə işğal təhlükəsi yaşayan Sədərəkdə bu gün məskunlaşma artır, insanların rahat yaşayışı üçün kompleks tədbirlər görülür. Yeni torpaqların əkin dövriyyəsinə qatılması, içməli su və kanalizasiya sistemlərinin qurulması, müdafiənin möhkəmləndirilməsi Sədərək rayonunun timsalında Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. 
 
              24.04.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).