11:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda faşizm üzərində Qələbənin 75-ci ildönümü qeyd olunmuşdur.
 
1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 75-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunmuşdur. 
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirmişdir. 
 
 
Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışlar. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər. 
402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınmışdır. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazmışlar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si "Şöhrət" ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i "Qırmızı ulduz", 29-u "Qırmızı bayraq" ordenləri ilə təltif olunmuşlar. 
Azərbaycan xalqı faşizmlə mübarizəyə bütün imkanlarını səfərbər etmişdir. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. 
"Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır", - deyən ulu öndər Heydər Əliyev 1941-1945-ci illər veteranlarına daim qayğı göstərmiş, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunmuşdur. Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və muxtar respublikada müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. 
Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır. Ölkə Prezidentinin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir. Həmçinin dövlət başçısının 2020-ci il mayın 1-də imzaladığı Sərəncamla 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhədə çalışmış və həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il muxtar respublikada faşizm üzərində qələbə günü qeyd olunur. Müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar. 
 
 
 
12.05.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).