0:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub.
 
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
 
 
 
Ölkəmizə rəhbərliyi dövründə ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu bir məqsədə - xalq və Vətən naminə fəaliyyətə həsr olunmuşdur. Heydər Əliyev siyasi xətti Azərbaycanı müstəqilliyə qovuşdurmuş, parçalanmaq təhlükəsindən xilas etmiş, inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmiş, güclü iqtisadi potensial yaradılmışdır. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik və müstəqillik ideyasının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu mənada, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. Dahi şəxsiyyət bu barədə deyirdi: "1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır".
Bu inkişaf və tərəqqi ötən əsrin 90-cı illərində öz yerini dağıdıcılıq və təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi.
Xalqımızın böyük oğlu hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zamanın ağır məngənəsindən xilas etmişdir. 1990-cı ilin 22 iyulunda Naxçıvana gələn ulu öndər qədim diyarı işğaldan qorumaqla yanaşı, həm də bütövlükdə Azərbaycanın xilasına başlamışdır. Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında üçrəngli dövlət bayrağımız qəbul olunmuş, milli ordu quruculuğuna və iqtisadi islahatlara başlanmış, bir sözlə, müstəqil dövlətçiliyimizin əsasları yaradılmışdır.
Həmin dövrdə Naxçıvanda görülən bu işlərin əksinə olaraq Azərbaycan parçalanmaq, işğal və məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir şəraitdə xalq nicat yolunu yenidən ulu öndərin siyasi hakimiyyətə qayıdışında gördü. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla Milli Qurtuluş tariximizin əsasını qoymuşdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olmuş, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilmiş, irimiqyaslı iqtisadi layihələr icra olunmuş, qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Hərc-mərclik və anarxiyaya son verilmiş, qanunun aliliyi təmin olunmuş, vətəndaş həmrəyliyi bərqərar edilmiş, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılmışdır.
Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır. Çünki ümummilli liderin şərəfli ömür yolu əsl kamillik nümunəsidir. Bu nümunə Azərbaycan xalqının həm mənəvi, həm siyasi, həm də sosial-iqtisadi uğurlarının əsasıdır.
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı bölgədə və dünyada etibarlı tərəfdaşa və lider ölkəyə çevirib. Artıq Azərbaycan dünyada inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoyur. Bütün bunların səbəbini isə ölkə Prezidenti cənab İlham Əliyev belə izah edir: "Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk".
Bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranmış, iqtisadiyyat dinamik inkişaf etmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır.
 
 
 
Bildirilmişdir ki, muzey ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Burada nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir. Hazırda muzeyin fondunda 4807 eksponat vardır.
Heydər Əliyev Muzeyinin əməkdaşları ilə görüşən Ali Məclisin Sədri onlara təşəkkürünü bildirərək demişdir: Heydər Əliyev Muzeyi Azərbaycanda ümummilli liderimizin sağlığında - 1999-cu ildə yaradılan ilk muzeydir. Muzeyin ilk ziyarətçisi də ümummilli liderimiz Heydər Əliyev olmuş, dahi şəxsiyyət muzeyin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Ötən dövrdə muzeyin fondu xeyli zənginləşmiş, mühüm tədbirlər keçirilmişdir. Muzeyin yeni eksponatlarla zənginləşdirilməsi bundan sonra da diqqətdə saxlanılmalı, internet saytı yenilənməli, virtual fəaliyyət təmin olunmalı, ziyarətçilərə ətraflı məlumat verilməli, dahi şəxsiyyətin həyat və fəaliyyəti təbliğ olunmaldır.
Ulu öndər Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bugününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan dövlətçilik yoludur. Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının milli sərvətidir.
 
 
12.05.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).