16:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır.
 
Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.
 
 
Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.
 
 
Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində aparılan abadlıq işləri əlamətdar hadisədir. Bu kəndlərdə 1830-dan artıq əhali yaşayır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir məktəb, dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi, əhalinin gündəlik mallara olan təlabatının ödənilməsi üçün xidmət mərkəzi istifadəyə verilmişdir. Eyni zamanda qaz, elektrik və rabitə sistemi də yenidən qurulmuşdur. Kəndlərdə əsasən arıçılıq, maldarlıq və tərəvəzçilik inkişaf edib. Yaradılan şərait imkan verir ki, kənd əhalisi bol məhsul istehsal edərək bazara çıxarsın, o cümlədən dövlətin qəbul məntəqlərinə təhfil versinlər. Həmçinin kənddə yeni evlər tikilir, insanların yaşayış şəraiti yaxşılaşdırılır. Bütün bunlar da ölkəmizin bu kəndlərin timsalında ümumi inkişafının göstəricisidir. Bu gün təkcə şəhər və rayon mərkəzləri deyil, kəndlərimiz də abadlaşır, inkişaf edir. Kənd və şəhər arasındakı fərq ortadan qaldırılır, məktəblər müasir tələblər səviyyəsində qurulur. Ötən il Muğancıq-Mehrab kənd tam orta məktəbinin 3 məzunu olub və onların hər biri ali məktəblərə qəbul olunub, ikisi yüksək nəticə göstərib. Kəndin əsas inkişaf göstəricilərindən biri də məktəblə valideynlər arasında olan əlaqədir. Çünki təhsil sahəsində uğura yalnız məktəb kollektivinin və ailənin birgə tələbkarlığı, eləcə də şagird çalışqanlığı nəticəsində nail olmaq mümkündür.
Ali Məclisin Sədri demişdir: Yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmalı, tikilənlər qorunmalı, torpaqlar əkilməli, maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq inkişaf etdirilməlidir. Təsərrüfatların inkişafı üçün dövlətimiz tərəfindən lazımi dəstək göstərilir, kreditlər verilir. Sakinlər bu imkanlardan səmərəli istifadə etməli, təsərrüfatlarını inkişaf etdirərək yaşayışlarını daha da yaxşılaşdırmalıdırlar. Muxtar respublika uzun illərdir blokada vəziyyətində yaşayır. Lakin dünyada pandemiya olmasına baxmayaraq muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər problemlərin yaranmasına imkan vermədi. Bu gün əhali rahat yaşayır, təsərrüfatlar inkişaf etdirilir. Gözlənilməz hadisələrin qarşısının vaxtında alınması və onlara hazır olmaq üçün bundan sonra da bütün imkanlarımız səfərbər edilməli, hər bir sakin ölkəmizin inkişafına töhfə verilməlidir.
Ali Məclisin Sədri bir daha aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik etmiş, qarşıya qoyulan vəzifələrin icrasında onlara uğurlar arzulamışdır.
Kənd sakini Feyzulla Abbasov demişdir: "Dünya böyük bir problemlə qarşılaşmasına baxmayaraq, ölkəmizdə və muxtar respublikada quruculuq işləri öz axarı ilə davam edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanır. Kəndimizdə Sovetlər Birliyi dövründə oxuduğumuz ali məktəblərdən daha üstün orta məktəb inşa edilmişdir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və arıçılıqdı. Günnüt yaylasının düşmən tapdağından azad olunması arıçılar üçün geniş imkanlar açıb. Bizə göstərilən qayğı, kəndimizdə görülən işlər saymaqla bitməz. Bir sözlə kəndimiz şəhər görkəmi almışdır. Bütün bunlara görə minnətdarlıq edirik".
 
* * *
 
Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində rabitə, elektrik, qaz və su xətləri də yenilənmiş, 760 metr fiber-optik, 1940 metr yeraltı və 4990 metr hava rabitə xətləri çəkilmiş, 2200 metr elektrik xətti və 2 transformator təmir olunmuşdur. Həmçinin kəndlərdə yeni tikililərə 570 metr qaz xətti çəkilmiş və mövcud 2723 metr qaz xəttində təmir işləri aparılmışdır.
 
 
 
  19.05.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).