15:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub.
 
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını etmişdir.
 
 

Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, ­bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.
 
 
Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Məmmədsabir kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.
 
 
Rabitə evində poçt bölməsi fəaliyyətə başlamışdır. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 120 internet istifadəçisi vardır.
Bina istilik sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.
 
Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib
 
Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.
Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
 
 
Həkim ambulatoriyasında 8 otaq - baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları, stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulamış, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj xidmətinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
 
 
 
Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub
 
Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.
Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq etmişlər.
Sonra sakinlərlə görüş olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.
Məmmədsabir kənd sakinləri adından minnətdarlıq edən Əhməd Əliyev demişdir: "Bu gün kəndimizdə yeni həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri insanların istifadəsinə verilir. Bu tikililər kəndimizin simasını tamamilə dəyişmişdir. Kənddəki elektrik xətləri yenilənmiş, qaz xətlərində təmir-bərpa işləri aparılmış, yola asfalt örtük salınmışdır. Artıq kənddə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir. Kəndimizin su arxı yenidən qurulmuşdur. Bu da əkin sahələrinin suvarılması üçün çox böyük köməklikdir. Bunların hamısı biz sakinlərin rahat və firavan yaşayışı üçündür. Məmmədsabir kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Bundan sonra da torpaqlarımızı əkib-becərək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacağıq".
 
* * *
 
Məmmədsabir kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənmiş, 1100 metr fiber-optik, 7691 metr rabitə xətti çəkilmişdir. Eyni zamanda kənddə 450 metr hava elektrik xətti çəkilmiş, 1 transformator yarımstansiyasında və 6985 metr qaz xəttində təmir işləri aparılmış, 3200 metr kənddaxili arxlar təmizlənmiş, içməli və suvarma su təminatı yaxşılaşdırılmışdır.
 
 
 
  19.05.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).