14:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Suyun nə dərcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq". Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi yaşayış məntəqələrinin içməli su təminatı mühüm yer tutur. Çünki keyfiyyətli içməli su ilə təchizat həm də sağlam həyat deməkdir. Bu tədbirlər Şərur rayonunda da uğurla davam etdirilir.
İyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olmuşdur. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
 
Əvvəlcə Arpaçay subölücüsündə yeni tikilmiş qalereyaya baxış olmuşdur. Məlumat verilmişdir ki, "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinə əsasən tikilmiş qalereya Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3, hündürlüyü 2, uzunluğu isə 134 metrdir. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Qalereyadan su anbarına qədər diametri 900 millimetr olan plastik borularla 1500 metr xətt çəkilmiş, üzərində 2 suboşaldıcı tikilmişdir. Su anbarlarından Şərur şəhərinə qədər isə 9,5 kilometr uzunluğunda plastik boru xətti çəkilmişdir. Arpaçay subölücüsünün ətrafında metal tordan 3200 metr uzunluğunda hasar çəkilmiş, 14 video-nəzarət kamerası quraşdırılmışdır.
 
 
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev demişdir ki, layihə üzrə tikinti işlərinə 2012-ci ildə başlanılmış, bugünədək Şərur şəhəri və ətraf 4 kənddə - Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngədə içməli su şəbəkəsi, Şərur şəhərində həm də kanalizasiya şəbəkəsi tikilmişdir. Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılmışdır. 2 hektar ərazidə yerləşən kompleksdə sahəsi 700 kvadratmetr olan sutəmizləyici qurğu, gözətçi binaları, hər birinin tutumu 400 kubmetr olan 2 xam, ümumi tutumu 27 min 500 kubmetr olan 3 təmiz su anbarı yerləşir. Sutəmizləyici qurğu binasında idarəetmə, elektrik təchizatı otaqları, anbar və yeməkxana vardır. 
 
 
Arpaçay subölücüsündə tikilmiş qalereyadan kompleksə daxil olan su Almaniya istehsalı olan ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür. Xam su anbarlarına ötürülmüş suyun təmizlənməsi İsveçrə və Türkiyə istehsalı olan 3 mərhələli filtr qurğuları vasitəsilə həyata keçirilir. Mexaniki filtrlərə daxil olan su 100, sonrakı mərhələdə torba filtrlərdə 10, kartric filtrlərdə isə 1 mikrona qədər təmizlənir. Filtr qurğularında təmizlənmiş suya natrium hipoxlorid vurulduqdan sonra təmiz su anbarına yığılır və özaxını ilə şəbəkəyə verilir.
Sutəmizləyici qurğu gün ərzində 20 min 400 kubmetr və ya saniyədə 236 litr su təmizləmə gücünə malikdir. Binada İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunmuş 5 xətt quraşdırılmışdır. Gələcəkdə tələbatın artması nəzərə alınaraq sutəmizləyici qurğuda əlavə 2 xəttin yaradılması üçün ehtiyat yer ayrılmışdır. Baş verə biləcək fövqəladə hal zamanı ozonlaşmış suyun xam su anbarına daxil olmadan ehtiyat xətlə təmiz su anbarlarına ötürülməsi nəzərdə tutulmuşdur. İş prosesi tam avtomatlaşdırılmışdır. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur.
Ali Məclisin Sədri sutəmizləyici qurğunu işə salmışdır.  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: Bu gün dünyanın qarşısında duran problemlərdən biri də təmiz su təminatıdır. Hər bir ölkə içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsində su ehtiyatlarından qənaətlə istifadə etməlidir. Ölkəmizdə bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Vaxtilə Bakı şəhərinə Şollar suyunun çəkilməsi, keçmiş Sovetlər Birliyi dövründə isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu məsələnin diqqətdə saxlanılması, həyata keçirilən tədbirlər bu gün ölkəmizin və onun Naxçıvan Mutar Respublikasının su təminatında ciddi dönüş yaratmışdır. Ötən əsrin 70-ci illərində Şərur rayonunda Arpaçay SuAnbarı, eləcə də ölkəmizdə yeni su anbarları və kanalları tikilmiş, subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə bu işlər davam etdirilmişdir. 
 
 
Ali Məclisin Sədri demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əiyevin yolu uğurla davam etdirilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq şəhər, rayon və kəndlərdə içməli və təsərrüfat suları ilə təminat sahəsində mühüm işlər görülür. Muxtar respublikamızda da bu məsələ diqqətdə saxlanılmış, dövlət proqramında nəzərdə tutulmuş vəsait hesabına Şərur şəhəri və ətraf kəndlərdə 2012-ci ildən etibarən yeni içməli su sistemlərinin qurulmasına başlanılmışdır. Şərur şəhərində, eləcə də Mahmudkənd, Zeyvə, Düdəngə, Cəlilkənd və Yengicə kəndlərində 240 kilometrə yaxın içməli su, 50 kilometrə yaxın kanalizasiya xətləri çəkilmiş, ümumilikdə 30 minə yaxın əhali təmiz və tam standartlara cavab verən su ilə təmin olunmuşdur. Layihə çərçivəsində yeni sutəmizləyici qurğu da inşa olunmuşdur. Burada su ozonla təmizləndikdən sonra mexaniki, torba və katriç filtirlərindən keçirilərək anbarlara yığılır və oradan öz axını ilə şəbəkəyə ötürülür.
 
 
"Bu ərazilərdə əhalinin içməli su təminatında daim çətinliklər olmuşdur. Ona görə də kollektiv tikilənlərdən səmərəli istifadə etməli, onları qorumalı, sutəmizləyici qurğu saz vəziyyətdə saxlanılmalıdır. Bilməlisiniz ki, 30 minə yaxın insanın su təminatı sizin gündəlik əməyinizin nəticəsində mümkün olacaqdır", - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
 
             25.07.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).