2:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçünücü sessiyasından irəli gələn vəzifələr müzakirə olunub.
 
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaradıb. 2020-ci ilin birinci yarısında muxtar respublikada yaradılmış imkanlardan istifadə edilərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər uğurla davam etdirilib.
 
 
Qeyd olunub ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. 
Ombudsman Ülkər Bayramova bildirib ki, 2020-ci ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında araşdırılıb. 
Vurğulanıb ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. Cari ilin birinci yarısında Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılıb, ötən dövrdə təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 17 tədbir təşkil edilib. 
Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 20 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 31 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 484 nəfər iştirak edib. 
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, həmçinin insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edən Müvəkkil Ülkər Bayramova vurğulayıb ki, 2020-ci ilin birinci yarısında kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilib, Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr davamlı təkmilləşdirilərək daha da gücləndirilib, 6 veriliş, 1 müsahibə Naxçıvan Dövlət Radiosunda və "Naxçıvanın səsi" radiosunda səsləndirilib, 31 hüquqi marifləndirici yazı "Şərq qapısı" qəzetində və muxtar respublikanın rayon (şəhər) qəzetlərində dərc edilib, 5 informasiya materialı digər kütləvi informasiya vasitələrində yerləşdirilib, ümumilikdə isə 43 informasiya materialı kütləvi informasiya vasitələrində işıqlandırılıb. Bununla yanaşı cari ilin birinci yarısında Müvəkkilin fəaliyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində həyata keçirilmiş tədbirlərlə bağlı Müvəkkilin rəsmi internet səhifəsində 73, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 101, ümumilikdə isə 217 informasiya materialı kütləvi informasiya vasitələri və təsisatın rəsmi internet səhifəsində yerləşdirilib. 
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Asiman Abbasov və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirib ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, həmçinin Müvəkkil təsisatı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
           28.07.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).