11:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda alıcının hüquqları.
 
Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, habelə istehlakçının tələblərini ödəməyən lazımi keyfiyyətli qeyri-ərzaq malı satıldıqda istehlakçının hüquqları ilə bağlı məsələlər müvafiq qanunvericiliklə tənzimlənir.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 624-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə alıcı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə (yəni, alıcıya lazımi keyfiyyətli olmayan qüsurlu mal satıldıqda), öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aldığı malı lazımi keyfiyyətli malla dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcı tərəfindən təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını, malın qüsurlarının aradan qaldırılmasına alıcının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, qüsurlu malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və alqı-satqı müqaviləsinin ləğv edilməsini, yəni malın geri qaytarılması və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Alıcıya keyfiyyətsiz ərzaq malı satılan halda isə keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunarsa, satıcı həmin malı keyfiyyətli mal ilə dəyişdirməli və ya həmin malın dəyərinin məbləği alıcıya qaytarmalıdır.
Satıcı alıcıdan lazımi keyfiyyətli olmayan malı geri götürməyə və alıcının yuxarıda göstərilən tələblərindən birini yerinə yetirməyə borcludur. Alıcının malı dəyişdirmək tələbi olduqda tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya öz aralarında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Qüsurlu malı dəyişdirmək tələbi mal olmadıqda isə müvafiq tələbin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda alıcı digər tələblərinin yerinə yetirilməsini tələb edə bilər. Qeyd etmək lazımdır ki, alıcı lazımi keyfiyyətli olmayan malın dəyişdirilməsi və geri qaytarılması ilə bağlı tələblərini o zaman verə bilər ki, satıcı tərəfindən ona lazımi keyfiyyətli olmayan mal satılsın və satılan malın qüsurları barədə ona əvvəlcədən bildirilməsin. 
Bununla yanaşı, qanunvericilikdə lazımi keyfiyyətli, lakin istehlakçının tələblərini ödəməyən qeyri-ərzaq malının dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı hallar müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə görə lazımi keyfiyyətli qeyri-ərzaq malı formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa, onun tələbatını ödəmirsə və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
Lakin qanunvericilikdə istehlakçının tələblərini ödəməyən lazımi keyfiyyətli malın alındığı yerdə uyğun mala dəyişdirilməsi üçün bəzi şərtlər müəyyən edilmişdir.
Belə ki, alıcı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, mal və ya kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, yalnız bu halda satıcı tərəfindən dəyişdirilə bilər. Malın dəyişdirilmə anında satışda uyğun mal yoxdursa, yalnız bu halda alıcı dəyəri yenidən hesablanmaqla istənilən başqa bir mal almaq və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək və ya malı qaytararaq ödədiyi məbləğ dəyərində pulu geri almaq hüququna malikdir.
Lakin bir sıra mallar vardır ki, onlar dəyişdirilməyən mallar siyahısındadır və bu malların siyahısı isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu mallara qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
 
                       26.09.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).