8:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Silahlı münaqişə nədir.?
 
Beynəlxalq silahlı münaqişə xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından, müharibənin elan olunub-olunmamasından asılı olmayaraq iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişədir.
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının 8 iyun 1977-ci il tarixli "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" II Əlavə Protokolunun 1-ci maddəsinə əsasən öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək üçün müstəmləkə hökmranlığına və xarici işğala, habelə irqçi rejimlərə qarşı xalqların apardıqları silahlı mübarizə də beynəlxalq silahlı münaqişə hesab edilir.
Beynəlxalq silahlı münaqişələrlə bağlı ən mühüm normalar 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarında və bu Konvensiyalara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç Protokolda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş konfransda "Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollara əsasən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum edilməsi, hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntıların törədilməsi, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum edilməsi, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum edilməsi, hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevrilməsi, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, müvəqqəti barışıq haqqında sazişin və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişin pozulması qadağan edilir.
Bununla yanaşı, bu beynəlxalq sənədlərdə ətraf mühitə geniş, uzun sürən və ciddi ziyan vuran hərbi əməliyyatların keçirilməsinə dair metod və vasitələrdən istifadə edilməsi, mülki əhalidən aclıqdan mübarizə üsulu kimi istifadə edilməsi, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edilməsi, sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə hücum edilməsi, həmçinin yetkinlik yaşına çatmayanların silahlı qüvvələrə cəlb edilməsi qadağan edilmişdir.
Cenevrə Konvensiyalarını və onun Əlavə Protokollarını qəbul etmiş dünyanın 190-dan çox dövləti bu konvensiyalardan irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsini öz üzərinə götürür və bu öhdəliklərin pozulmasına görə beynəlxalq-hüquqi məsuliyyət daşıyırlar.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 21 aprel 1993-cü ildə Cenevrə Konvensiyalarına qoşularaq beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğunlaşdırılmış, o cümlədən, bu Məcəllənin 116-cı maddəsilə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
 
07.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).