19:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muzdlular yığma və onlardan hərbi əməliyyatlarda istifadə etmə cinayət məsuliyyəti yaradırmı.?
 
Beynəlxalq və milli qanunvericiliyə əsasən muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.
1970-ci il dekabrın 4-də qəbul edilmiş "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyanın 2-ci maddəsinə əsasən muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi cinayət hesab olunur. Muzdluların bu növ fəaliyyətinə dair qəti qadağa 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarında yer almışdır.
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 16 dekabr 1970-ci ildə qəbul etdiyi "Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında" Bəyannamədə, 24 oktyabr 1970-ci ildə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında" Bəyannamədə, 14 may 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin XXIX sessiyasında qəbul edilmiş "Təcavüzün tərifi" adlı qətnamədə muzdluluq beynəlxalq sülhə və təhlükəsizliyə qorxu, bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməklə qadağan edilmişdir.
Muzdluluğun ictimai təhlükəliliyi təkcə muzdluların onları bu işə cəlb edən şəxslərin siyasi iradəsini yerinə yetirərək adam öldürmək, qarət, zorakılıq və sair cinayətlər törətməsində deyil, həm də adam öldürmə və başqa cinayətlərin peşələrinə çevrildiyi bir təbəqənin yetişməsindədir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası 30 sentyabr 1997-ci il tarixli Qanunla Birləşmiş Millətlər Təşkilatının «Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında» Beynəlxalq Konvensiyasına qoşulmuş, bu Beynəlxalq Konvensiyanın müddəalarından irəli gələn öhdəliklərlə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğunlaşdırılmış, bu Məcəllənin 114-cü maddəsilə muzdluların yığılması, onlara təlim keçilməsi, maliyyələşdirilməsi və başqa cür maddi təminat verilməsi, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
 
07.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).