23:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ənənəvi erməni şərəfsizliyi - İnsan hüquqlarının pozulması.
 
 
 
Son günlər cəbhədə başverən hadisələr ölkə gündəminin əsas mövzularından biridir. Ermənistan tərəfinin sentyabr ayının 27-dən etibarən törətdiyi növbəti təxribat onlar üçün heç də yaxşı nəticələnmədi. İstər texnika, istərsə də canlı qüvvələr baxımından xeyli itkilər verdi, 30 il əvvəl işğal etdiyi Azərbaycan torpaqlarının bir çoxunu itirdi. Məğlubiyyəti qəbul edə bilməyən ermənilər öz "ənənələrinə" sadiq qalaraq yenə də dezinformasiya yaymaqla, beynəlxalq aləmdə yazıq imici yaratmaqla, başqa ölkələrdən yalvararaq kömək istəməklə və ən nəhayət üçüncü ölkələri bölgəyə cəlb etmək üçün mülki insanları, hətta azyaşlıları hədəf alaraq, insan hüquqlarını pozmaqla itkilərini ört-basdır etməyə çalışdı. Təbii ki, törədilən təxribatlardan savayı, mülki əhalinin hədəfə alınması Azərbaycan höküməti, xalqı üçün "səbr kasasını dolduran" son damlalar oldu..
 
NAXCİVANXEBERLERİ.COM olaraq mövzunun aktuallığını nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Vahidə Bayramova ilə həmsöhbət olduq. 
 
Vahidə xanım, erməni xisləti artıq xalqımıza məlumdur. İllərdir, hətta deyərdim ki, tarix boyu onlar bu xisləti "qoruyub saxlayaraq", nəinki xalqımıza, bütün dünyaya qarşı "nümayiş etdiriblər". Tarixi saxtakarlıq, qeyri-insani davranış, beynəlxalq hüquqa zidd addımlar və başqa belə davranışlar.. Artıq "milliləşmiş" bu davranış tərzi içində insan hüquqlarının pozulması faktı isə ilk sıralarda dayanır. Son bir neçə ay ərzində isə bu qəbildən olan faktlara daha tez-tez rast gəldik. İstərdim tarix boyu davam edən və ermənilərin artıq "milliləşən" insan hüquqlarını pozma "ənənəsinə" nəzər salaq..
 
- Bəli, qeyd etdiyiniz kimi, ermənilər tərəfindən insan hüquqlarının pozulması faktlarına tarixdə tez-tez rast gəlirik. Ümumiyyətlə qeyd edim ki, Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi.
1988-1993-cü illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun isə 7 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu və azərbaycanlılar qaçqın, məcburi köçkün vəziyyətinə salındı.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə 1994-cü ilin mayın 12-də atəşkəsə nail olundu və ötən müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirildi. Lakin aparılan danışıqlara məhəl qoymayaraq münaqişənin sülh yolu ilə həllindən boyun qaçıran işğalçı Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladı. Hərbi təxribatlar yolu ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlərini, təcavüz və terror aktlarını davam etdirdi. Nəticədə, 2016-cı ilin aprel təxribatı, 2020-ci ilin iyul hadisələri baş verdi. Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də, onlar nəticə çıxara bilmədilər.

 
Və sentyabr ayında yenidən təxribata əl atdılar. Amma budəfəki nəticə onlar üçün heç də ürəkaçan olmadı..
 
- Bəli, bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşan işğalçı Ermənistanın dayandırılması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi və bu məsələyə lazımınca diqqət yetirmədi.
Nəticədə təcavüzkar siyasətin davamı kimi 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəşə açdı. Nəticədə 28 mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, 144 nəfər isə yaralanıb, 66 mülki obyekt və 427 yaşayış evi yararsız vəziyyət düşüb.
Hal-hazırda işğalçılıq siyasəti yeridən təcavüzkar dövlətin silahlı qüvvələri mülki əhali və hərbi qulluqçular arasında fərq qoymur. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhərlərdə mülki əhalinin sıx yaşadığı məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qur-ğularından intensiv atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törədirlər.
 
Təbii ki, müharibənin belə dünya miqyasında, beynəlxalq hüquq normaları çərçivəsində müəyyən olunmuş davranış qaydaları mövcuddur, müharibə və ya münaqişə tərəfləri həmin qaydalara riayət etməyə borcludur. Amma biz bunu Ermənistan tərəfinin atdığı heç bir addımda müşahidə edə bilmirik. Bəs qarşı tərəf qeyri-insani bu davranışları ilə hansı beynəlxalq hüquq normalarını pozur?
 
- Qeyd edim ki, Ermənistan tərəfdən bütün bu "atılan addımlar" beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin, 1949-cu il tarixli "Cenevrə Konvensiyası"nın, mülki əhalinin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsi"nin, "Uşaq hüquqları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaların ciddi şəkildə pozulması ilə nəticələnir. Bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaratmaqla, insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin təhlükədə qalmasına şərait yaradır.
Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi nəticəsində işğalçı dövlət daha da azğınlaşaraq münaqişə zonasını qəsdən genişləndirir və insanlıq əleyhinə yeni cinayət əməllərini törətməkdə davam edir.
 
Üstəlik müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər, qərarlar da yerinə yetirilmir..
 
- Bəli, bunun ən bariz nümunəsi kimi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi - 822, 853, 874 və 884 saylı qətnamələrini göstərmək olar. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT-nin Təhlükəsizlik Şurasının həmin qətnamələrində Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə hüquqi çərçivə müəyyən edilmişdir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin buna baxmayaraq həmin qətnamələr 27 ildir ki, kağız üzərində qalmaqda davam edir.
 
Ümid edirik ki, dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmayacaq, beynəlxalq təşkilatlar insanlıq əlehinə və müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan dövlətindən mülki əhalinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərdən çəkinməklə işğala son qoymasını tələb edəcək və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atacaq.
 
- Sonda isə qeyd etmək istəyirəm ki, Azərbaycan ordusunun işğal olunmuş torğaqlarımızın azad edilməsi uğrunda həyata keçirdiyi genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində qazanılan qələbələr hər bir Azərbaycan vətəndaşında, o cümlədən gənc nəsildə vətənpərvərlik ruhunu daha da artırır. Azərbaycan xalqı Ali Baş Komandan və ordumuz ətrafında sıx birlik və həmrəylik nümayiş etdirir. Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazır olduqlarını bildirir. Cənab Prezidentin sözləri hər bir Azərbaycan vətəndaşını qələbəyə inamla səsləyir. "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
08.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).