17:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Vəsiyyətnaməni təsdiqləməkdə notariusa bərabər tutulan şəxslərin hüquqi statusu.
 
 
 
Ümumiyyətlə vərəsəlik hüququ dedikdə, ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrin qanun üzrə, yaxud vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müyyənləşdirən hüquq normalarının məcmusu başa düşülür. Bu anlayışdan aydın olur ki, vərəsəlik hüququ bir tərəfdən şəxsin öz əmlakı üzərində sərəncam vermək hüququnu təmin edən, digər tərəfdən isə mülkiyyət hüququnun yaranması əsaslarından biri olmaqla, böyük praktiki əhəmiyyətə malik olan mülki-hüquqi sahədir.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində mülkiyyət hüququnun mühüm bir hissəsini təşkil edən vərəsəlik hüququnun təminatı məsələsi konkret şəkildə təsbit olunaraq dövlətin vərəsəlik hüququna təminat verdiyi bəyan edilib.
Mülki qanunvericilikdə vərəsəlik hüququnun həyata keçirilməsinin iki üsulu-qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəslik nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, qanun üzrə vərəsəlikdən fərqli olaraq vəsiyyət üzrə vərəsəlik zamanı öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs ölməsi halı üçün mülkiyyətində olan əmlakının və ya onun bir hissəsinin başqa şəxslərə verilməsi ilə bağlı öz iradəsini vəsiyyətnamədə ifadə edir.
Mülki qanunvericiliyə əsasən vəsiyyətnamə sadə yazılı formada və ya notariat formada təsdiq edilməlidir. Notariat formalı vəsiyyətnamə dedikdə, vəsiyyət edənin mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və imzalanmış, vəsiyyətin məzmununu əks etdirən yazılı sənədin notarius tərəfindən, notariusun olmadığı yerlərdə isə notariusa bərabər tutulan vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi başa düşülür. Buradan aydın olur ki, notariuslar fəaliyyət qabiliyyəti olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
Lakin bəzi halda vəsiyyət edənin sağlamlığı, iş fəaliyyəti, əmək şəraiti, onun barəsində tətbiq edilmiş rejim və başqa səbəblərdən bilavasitə notariusa müraciət etmək imkanı olmur. Bu zaman vəsiyyət edən vəsiyyətnaməni təsdiq edilməsi üçün olduğu yerdə notariusa bərabər tutulan şəxslərə müraciət edə bilər.
Qeyd edək ki, vəsiyyətnamənin notariat qaydasında təsdiq edilməsinin maneəsiz təmin edilməsi üçün mülki qanunvericilikdə və "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi" Qaydasında vəsiyyətnamənin təsdiqlənməsində notariusa bərabər tutulan şəxslərin dairəsi müəyyən edilmişdir.
Qanunvericiliyə əsasən xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi yalnız həmin müəssisədə müalicə olunan xəstələrin vəsiyyətnamələrini təsdiq edə bilər. Lakin bu qayda müalicə müəssisəsində yalnız stasionar müalicə keçən xəstələrin vəsiyyətnamələrinə tətbiq edilir. Müalicə müəssisəsində ambulator müalicə alıb hər dəfə evinə qayıdan xəstə isə vəsiyyənaməsini ümumi qaydalar üzrə notariusda təsdiq etdirməlidir.
Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsində müalicə edilən və ya yaşayan şəxslərin vəsiyyətnamələrini həmin müəssisələrin baş həkimləri, xüsusi təhsil müəssisəsinin müdavimlərinin vəsiyyətnamələrini isə müəssisənin rəhbəri təsdiq edir.
Bununla yanaşı, yaşayış yerindən uzaqlarda fəaliyyət göstərən axtarış, coğrafi və digər bu cür ekspedisiyalarda olan şəxslərin vəsiyyətnamələri ekspedisiya rəisi tərəfindən, dəniz və hava gəmisində olan şəxslərin vəsiyyətnamələri isə dəniz və ya hava gəmisinin kapitanı tərəfindən təsdiq edilir.
Bəzən hərbi hissələr notarius olmayan məntəqələrdə yerləşirlər.Belə halda orda hərbi qulluq keçən şəxsin, eləcədə həmin hərbi hissədə qulluq edən mülki şəxsin və ya onun ailə üzvlərinin vəsiyyətnamələri hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri və ya rəisi tərəfindən təsdiq edilir.
Azadlıqdan məhrumetmə müəssisələrində cəza çəkən məhkumların vəsiyyətnamələri isə həmin müəssisələrin rəisləri tərəfindən təsdiq edilir.
Qeyd edilənlərdən aydın olur ki, müvafiq qurumların notariusa bərabər tutulan vəzifəli şəxsləri yalnız o halda vəsiyyətnaməni təsdiq edə bilər ki, həmin vəsiyyətnaməni tərtib etmiş şəxs müvəqqəti və ya daimi olaraq həmin qurumlarda yaşasın.
Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq vəzifəli şəxslərin təsdiq etdiyi vəsiyyətnamələr notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamələrə bərabər tutulduğundan, vəsiyyətnamə təsdiq edilərkən notarius üçün qanunda nəzərdə tutlmuş qaydalara əməl edilməlidir. Məsələn: əlillər evində yaşayan kor bir şəxsin vəsiyyətnaməsini təsdiq edən əllilər evinin baş həkimi bunu mülki qanunvericiliyə əsasən, üç şahidin yanında həyata keçirməlidir.
Vərəsəlik münasibətlərinin yaranmasında qanuni əsaslara nisbətən vəsiyyətnaməyə üstünlük verilməsi şəxsin mülkiyyət hüququnun tam təmin edilməsinə yönəlib və qanunvericilikdə notariusa bərabər tutulan vəzifəli şəxsləri dairəsinin müəyyən edilməsi hər bir şəxsin vəsiyyət üzrə vərəsəlik hüququnun maneəsiz təmin edilməsi məqsədi daşıyır.
 
09.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).