13:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ədalət zəfər çalacaq.
 
 
 
 
Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir.
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək elə həyatın daha şərəfli bir formada davamıdır. Bu səbəbdən də Azərbaycana göz dikib onu istila etmək istəyənlərin arzuları həmişə gözlərində qalıb.
Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur - vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, iradəli, əqidəli, vətənpərvər gənc millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi təcəssüm olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.
Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Elə bunun nəticəsidir ki, indi Vətənimizin bir parçasını xarici havadarlarının köməyilə işğal etməyi bacarmış yağı düşmən yerində sakit otura bilmir, böyük narahatlıqlar girdabında boğulur. Çünki bilir ki, Azərbaycan oğulları Vətənlərini darda qoymayacaq, yağıları tezliklə silib atacaqlar. Düşmən bunu istənilən an etməyə hazır olan Azərbaycan Ordusundan, onun başında dayanan mahir Sərkərdənin qətiyyətindən də yaxşı xəbərdardır. İndi düşmən qarşısında konkret seçim var: ya danışıqlar yolu ilə işğal etdikləri ərazilərimizi könüllü surətdə azad etmək, ya da Azərbaycan Ordusunun zəfər yürüşünə hazır olmaq.
Azərbaycan vətəndaşlarının vətənpərvərliyinin bariz nümunəsi bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdir. Bu döyüşlərdə iştirak edən hər bir hərbi qulluqçunun ruh yüksəkliyi bunu deməyə əsas verir. Lazım olmadığı halda Azərbaycan ordusuna köməyə gələn, könüllü hərbi hissələrə yola düşən, hətta öz xahişləri ilə könüllü ön cəbhəyə getmək istəyən gənclər bu gün saysızdır. Onlar qorxmadan, çəkinmədən qızğın döyüşlərə atılmağa çalışırlar. Gənclər, orta yaşlılar, birinci Qarabağ döyüşlərində iştirak edən döyüşçülər və qazilər, hətta yaşlı nəslin nümayəndələri belə könüllü cəbhəyə getmək üçün can atırlar. Bu Azərbaycan vətəndaşlarının necə yüksək vətənpərvərlik ruhuna sahib olduğunun əyani sübutudur. Bu orduyla, bu xalqla, bu vətəndaşlarla inşallah yaxın günlərdə Qarabağımızı işğaldan azad edəcəyik!!!
Azərbaycanın Ermənistan ərazisinə dair hər hansı iddiası yaxud gizli niyyəti yoxdur, bizim məqsədimiz yalnız BMT və bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etməkdir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əzəli torpağı olmaqla yanaşı, bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı Azərbaycanın daha 7 rayonunu qanunsuz işğal etmişdir. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə - 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin buna baxmayaraq həmin qətnamələr 27 ildir ki, kağız üzərində qalmaqda davam edir.
Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atdığı addımlar 30 ilə yaxındır ki, Ermənistanın qeyri-kontruktiv mövqeyi ucbatından müsbət nəticəsini vermir. İşğalçı dövlət təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesini uzadır. Son təxribatları Ermənistanın yeni ərazilər naminə müharibəyə hazırlaşdığını ortaya qoysa da, dünya susdu. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur. "Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir" əminliyini ifadə edən cənab İlham Əliyevin bu fikirlərinin təsdiqi 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, 2020-ci ilin 12 iyul təxribatının qarşısının qətiyyətlə alınması və 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün Azərbaycan Ordusunun əks-hücumudur. Cənab İlham Əliyev, eyni zamanda, bu bəyanatı səsləndirmişdir ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır: "Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
 
 
10.10.2020 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).