16:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Beynəlxalq humanitar hüquqda təsbit olunanların pozulması yolverilməzdir.
 
 
"Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!" 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir.
1988-1993-cü illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun isə 7 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmiş, bütün Azərbaycan əhalisi işğal edilmiş ərazilərdən qovulmuş, azərbaycanlılar qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır. 
Qeyd etmək lazımdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə hüquqi çərçivə müəyyən edilmişdir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin bugünədək beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmamış və həmin qətnamələr icra edilməmişdir.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə 1994-cü ilin mayın 12-də atəşkəsə nail olunmuş və ötən müddət ərzində təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. Lakin aparılan danışıqlara məhəl qoymayan və münaqişənin sülh yolu ilə həllindən boyun qaçıran işğalçı dövlət təcavüzkar siyasətindən əl çəkməyərək beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurmaqda davam edir.
Müharibə və digər beynəlxalq silahlı münaqişələrlə bağlı ən mühüm normalar 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarında və bu Konvensiyalara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç Protokolda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş konfransda "Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Həmçinin BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki, silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu Bəyannaməyə ciddi əməl etməyə çağırır: mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin, müharibə və digər silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər. 
Lakin, işğalçı Ermənistan hərbi təxribatlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlərini, təcavüz və terror aktlarını davam etdirmiş, nəticədə, 2016-cı ildə aprel təxribatı, 2020-ci ildə iyul hadisələri baş vermişdir. Bütün bunlara baxmayaraq Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də, onlar nəticə çıxara bilmədilər.
Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, Birləşmiş Millətlər Təşkilatına, Minsk qrupuna çatdırdı. Yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşan işğalçı Ermənistanın dayandırılması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi və bu məsələyə lazımınca diqqət yetirmədi. 
Nəticədə təcavüzkar siyasətin davamı kimi 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəşə açmış, nəticədə mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilmiş, mülki obyektlər və yaşayış evləri yararsız vəziyyət düşmüşdür.
Hal-hazırda işğalçılıq siyasəti yeridən təcavüzkar dövlətin silahlı qüvvələri mülki əhali və hərbi qulluqçular arasında fərq qoymur. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhərlərdə mülki əhalinin sıx yaşadığı məntəqələri - ra¬yon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağ¬çalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qur¬ğularından intensiv atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törədirlər.
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollara əsasən müharibə və digər beynəlxalq silahlı münaqişələr zamanı mülki əhaliyə hücum edilməsi, müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum edilməsi, hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntıların törədilməsi, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum edilməsi, hərbi zərurət olmadan hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hücum edilməsi qadağan edilir.
Həmçinin bu Konvensiyalara və onlara əlavə edilmiş Protokollara əsasən hərbi zərurət olmadan qəsdən mədəni sərvətin, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvətin hücum obyektinə çevrilməsi, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, müvəqqəti barışıq haqqında sazişin və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişin pozulması qadağan edilir.
Bununla yanaşı, bu beynəlxalq sənədlərdə ətraf mühitə geniş, uzun sürən və ciddi ziyan vuran hərbi əməliyyatların keçirilməsinə dair metod və vasitələrdən istifadə edilməsi, mülki əhalidən aclıqdan mübarizə üsulu kimi istifadə edilməsi, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edilməsi, sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə hücum edilməsi, həmçinin yetkinlik yaşına çatmayanların silahlı qüvvələrə cəlb edilməsi qadağan edilmişdir. 
Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi nəticəsində işğalçı dövlət daha da azğınlaşaraq münaqişə zonasını qəsdən genişləndirir və insanlıq əleyhinə yeni cinayət əməllərini törətməkdə davam edir.
İşğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya edilmiş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 
İşğalçı Ermənistan ordusunun təxribatlarının qurbanı olan mülki vətəndaşlarımızın sayı artmaqdadır ki, onların içərisində qadınlar və uşaqlar da var. 1925-ci il Cenevrə Protokoluna, 1949-cu il Cenevrə Konvensiyalarına və onun Əlavə Protokollarına, BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"yə, həmçinin, müharibə və digər silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquqi aktlara əsasən mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır. 
Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirməli, terrorçu dövlətin işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və bu ölkəni beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.
Beynəlxalq təşkilatlar sükutlarını pozmalı, işğalçı Ermənistanın beynəlxalq humanitar hüquq və ödəliklərə əməl etməyə çağırmalı, bu hüquq normalarının pozulmasına və öhdəliklərin yerinə yetirilməməsinə görə Ermənistana qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmalıdır.
Tarix boyu işğalçı, təcavüzkar siyasət yeridən, mülki əhaliyə qarşı soyqırım törədən, qadın, uşaq, əlil, qoca demədən günahsız insanları qətlə yetirən, dövlətlərin suverenliyinə və ərazi bütovlüyünə qəsd edən, insanlıq əlehinə və müharibə cinayətləri törədən dövlətlər öz layiqli cavablarını almış, haqq və ədalət zəfər çalmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri hər bir Azərbaycan vətəndaşını qələbəyə inamla səsləyir. "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
 
16.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).