2:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir".
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edib. Rayon kimi yaranmasından 90 il ötən, muxtar respublikanın ən qədim və böyük yaşayış məntəqəsi olan Şərur müasir görkəmi ilə seçilir. Rayonun Qarabürc kəndində aparılan quruculuq işləri həyata keçirilən tədbirlərin davamıdır.
 
Qarabürc kənd məktəbində müasir tədris şəraiti yaradılıb.
 
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 11-də Qarabürc məktəbində olmuş, tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, 120 şagird yerlik 3 mərtəbəli binada 14 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, şahmat sinfi, STEAM kabinəsi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbdə 14 kompüter və 3 elektron lövhə quraşdırılmış, kompüter və elektron lövhələr internetə qoşulmuşdur. Məktəbin kitabxana fondu da zənginləşdirilmişdir. Burada 2159 kitab vardır.
Muxtar respublikada idman dərslərinin, xüsusilə də şahmatın tədrisinə ciddi diqqət yetirilir. Qarabürc kənd ümumi orta məktəbində də şahmat otağı, idman zalı və qurğuları istifadəyə verilmişdir. Məktəbdə ilk dəfə STEAM kabinəsi yaradılmışdır. Kabinədə elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları qoyulmuşdur.
STEAM elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunduğu tədris metodudur. Dünya təhsil sistemində STEAM tədris metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilində pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə müəllimlər üçün STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsait hazırlanmışdır.
 
 
 
Ali Məclisin Sədri STEAM kabinəsində şagirdlərin əl işlərinə baxmış, STEAM metodları ilə bağlı xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də STEAM kabinəsinin yaradılması ilə bağlı tapşırıqlar vermişdir.
Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilmişdir.
Məktəbin müəllimi Nadir Ağayev yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir ki, əvvəllər məktəbimizdə bu cür şərait olmamışdır. Bu gün maddi-texniki bazası möhkəmləndirilən bir məktəbə sahibik. Çalışacağıq ki, işimizi yaradılan şəraitə uyğun quraq.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu ilin ötən dövründə 4 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş İmtahan Mərkəzi yaradılmış, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlamışdır. Hazırda Şərur rayonunda Şəhriyar, Ordubad rayonunda Ordubad şəhər 1 nömrəli və Nüsnüs kənd tam orta məktəbləri, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ordubad və Culfa rayonlarında yerləşən məktəbdənkənar müəssisələrdə 30 innovativ dərnək yaradılır. Muxtar respublikada gənc­lərin hərtərəfli təhsil alması ilə yanaşı, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində əldə olunan qələbədə Ali Baş Komandanımızın da dediyi kimi Naxçıvanın igid gəncləri vətənpərvərliyi və şücaəti ilə seçilmişlər. Rəhman Məmmədov muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik etmiş, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
 
 
 
Məktəbin müəllimi Lalə Quliyeva demişdir: "Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan kəndimizdəki ümumi orta məktəbə də pay düşmüşdür. Bu gün həm Qarabürc kəndinin sakinləri, həm də məktəb kollektivi üçün çox qürurverici gündür. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi qələbəni yeni məktəbin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edirik. Məktəbimizdə gənc nəslin təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. Bu da şagirdlərin daha yaxşı təhsil almalarına, vətənpərvər ruhda tərbiyə olunmalarına imkan verəcəkdir". Lalə Quliyeva göstərilən hərtərəfli qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişdir.
 
 
 
Ali Məclisin Sədri məktəb kollektivini təbrik edərək demişdir: Azərbaycan torpaqlarını işğaldan azad etmiş və qələbə qazanmışdır. Belə bir əlamətdar gündə Qarabürc kənd ümumi orta məktəbinin istifadəyə verilməsi ikiqat bayram sevinci yaşadır. Quruculuq işləri o vaxt həyata keçirilir ki, ölkədə sabitlik, iqtisadi inkişaf, xalq-dövlət birliyi, ən əsası isə güclü lider olsun. Bütün bunlar Azərbaycanda vardır. Ona görə də ölkəmizdə həm inkişaf təmin edilib, həm işğal altında olan torpaqlarımız geri qaytarılıb, həm də bu cür müasir məktəb binaları tikilib istifadəyə verilir.
 
 
 
Ali Məclisin Sədri demişdir: Pedaqoji kollektivin formalaşması, yaradılan şərait imkan verir ki, növbəti tədris ilində Qarabürc kənd ümumi orta məktəbi tam orta məktəbə çevrilsin. Bunun üçün lazımi tədbirlər görüləcək. Müəllimlərin üzərinə düşən vəzifə isə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır. Məktəbdəki əyani vəsaitlər imkan verəcəkdir ki, tədris şagirdlərə əzbərləməklə deyil, qavrama yolu ilə öyrədilsin. Ötən tədris ilində məktəbin 9-cu sinif bazasından iki şagirdin Heydər Əliyev adına Hərbi Liseyə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunması məktəbin nailiyyətidir.
 
 
 
Ali Məclisin Sədri pedaqoji kollektivə təşəkkür etmiş, nailiyyətlərin daha da artacağına və yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.
Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmışdır.
 
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb.
 
  
 
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerlə­şir. Kitabxana fondunda 2 min 735 kitab vardır.
Ali Məclisin Sədri kitab müzakirələrinin təşkil olunması ilə bağlı tapşırıq vermişdir.

 
 
Binada poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülmüş, kənd Kürçülü kəndində yerləşən yeni nəsil ATS vasitəsilə telefonlaşdırılmışdır. Kənd sakinləri sürətli internetdən istifadə edirlər.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 39 üzvü vardır ki, onlardan da 12-si gənc, 9-u isə qadındır.
Yeni Azərbaycan Partiyası Qarabürc kənd ərazi ilk təşkilatının sədri Səbuhi Əliyev Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik edərək demişdir: "Ölkəmizin sosial-iqtisadi inkişafını biz cəbhədə qazanılan uğurlarda gördük. Fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq. Bu qələbə əzmi ilə də işləməyə, ölkəmizə bütün sahələrdə töhfə verməyə çalışacağıq".
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq xidmətidir. Xəstəliklərə qarşı vaxtında peyvəndlərin vurulması, dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, heyvanlar arasında heç bir yoluxucu xəstəlik yoxdur.
Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
 
 
 
Məntəqə müdiri Tahirə Quliyeva demişdir ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğıdan bizim kəndimizə də pay düşüb. Müasir tibbi avadanlıqlar imkan verəcək ki, insanların sağlamlığının keşiyində daha məsuliyyətlə dayanaq. Tahirə Quliyeva torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklərini çatdırmış, sağlam gənc nəslin yetişdirilməsinə göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulamış və tibbi xidmətlərin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
 
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub.
 
 
 
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 3 sakin işlə təmin olunmuşdur. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi ilə bağlı tapşırıq vermişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Xalqımızın qələbəni qeyd etdiyi gündə Qarabürc kəndi muxtar respublikanın müasir kəndləri sırasına daxil olur. Kəndin inkişafı onun yolundan başlanır. Kənd avtomobil yolunun yenidən qurulması, müasir iş şəraitinin yaradılması, məktəb, xidmət və kənd mərkəzləri kimi sosial obyektlərin qurulması sakinlərin rahat yaşamasına xidmət edəcəkdir. Qurulanların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Dünyada belə ölkələr çox azdır ki, həm torpaqlarının qorunması üçün ordu quruculuğuna vəsait ayırır, həm də ölkədə abadlıq-quruculuq tədbirləri həyata keçirir. Bütün bunları Qarabürc kəndinin simasında aydın görürük.
Ali Məclisin Sədri demişdir: Kənd sakinləri burada münbit torpaqlara sahibdirlər. Suvarma suyu ilə təmin olunublar, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Buna görə də torpaqlar əkilməli, ölkəmizin inkişafına hər bir sakin töhfəsini verməlidir. Sevindirici haldır ki, yeni evlər tikilir, məskunlaşma artır. Dövlət tərəfindən də lazımi köməklik göstərilir. Bundan sonra ölkəmizin qarşısında duran əsas vəzifə işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması olacaqdır.
 
 
 
Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Kənd sakinləri adından minnətdarlıq edən Arif Yusifov demişdir: "Muxtar respublika rəhbərinin kəndimizə gəlişi sakinlər tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Mən bütün kənd sakinləri adından Ali Məclisin Sədrini İkinci Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edirəm. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərmişlər. Biz bununla qürur duyuruq. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların rahat yaşayışının təminatıdır. Bu quruculuqdan kəndimizə də pay düşmüşdür. İstifadəyə verilən məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri və digər müasir infrastruktur kəndimizin simasını tamamilə dəyişməklə yanaşı, həm də sakinlərin rahatlığına xidmət edəcəkdir. Kəndimizin sakinləri çox zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları bazar və yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapmışdır. Heç bir çətinliyimiz yoxdur. Söz veririk ki, yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafına töhfə verəcəyik".
 
Qarabürc kənd avtomobil yolu yenidən qurulub.
 
 
 
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Bildirilmişdir ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilmişdir. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulmuş, 1056 metr uzunluğunda beton su kanalı çəkilmişdir.
 
* * *
 
 
 
Qarabürc kəndində abadlıq işləri də aparılmış, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilmiş, 2 transformator quraşdırılmış, 3 min metr uzunluğunda yeni elektrik xətti çəkilmiş, 4 min metrlik elektrik xətti izolyasiyalı elektrik kabellərlə əvəz edilmişdir. Kənddə yeni tikililərə qaz xətti çəkilmiş, 1560 metr qaz xəttində təmir-bərpa işləri aparılmış, mövcud subartezian quyusundakı nasos yenilənmişdir.

12.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).