12:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Culfa rayonunda yeni sosial obyektlər istifadəyə verilib.
 
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunu da əhatə etmişdir. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti yaranmasının 90 ili tamam olan Culfa rayonunda sakinlərin firəvan yaşayışını təmin etmişdir. Bu il də rayonda kompleks tikinti-quruculuq işləri həyata keçirilib.
 
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi üçün hərtərəfli xidmət şəraiti yaradılıb
 
Noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni xidmət kompleksi istifadəyə verilmiş, avtomobillər təqdim olunmuşdur
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
 
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri general-leytenant Şamı Abdullayev Ali Məclisin Sədrinə raport vermişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli inzibati bina, 4 qaraj, ehtiyat hissələri və təsərrüfat anbarları yenidən qurulmuşdur. Ərazidə 90 kubmetr həcmində yeraltı ehtiyat su anbarı, hündürlüyü 18 metr olan təlim qülləsi yerləşir. Yenidənqurmadan sonra şöbə 4 yanğınsöndürən və 1 xidməti avtomobil, yanğınsöndürən və xilasedicilər üçün 46 dəst xüsusi geyim forması ilə təmin edilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri general-leytenant Şamı Abdullayev çıxış edərək demişdir: Muxtar respublikada iqtisadiyyatın əsas göstəriciləri üzrə müsbət dinamikanın qorunub saxlanılması, sosial-iqtisadi islahatların davam etdirilməsi, xüsusilə əhalinin rifahının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülmüşdür. Bu ilin ötən dövründə muxtar respublikada 25 milyon kvadratmetrdən artıq sahədə dezinfeksiya işləri aparılmışdır. Ötən dövrdə Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının maddi-texniki bazası gücləndirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, yeni texnologiyaların tətbiqi iş prosesini təkmilləşdirmişdir. Ali Məclis Sədrinin qayğısı nəticəsində 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan şəhər şöbəsi, 2009-2014-cü illərdə Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək, cari ildə isə Culfa rayon yanğın təhlükəsizliyi şöbələri üçün inzibati binalar və texniki qarajlar tikilmişdir. Şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmış, 2017-ci ildə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 7 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Şamı Abdullayev göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Culfa Rayon Dövlət Yanğın Təhlükəsialiyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi, daxili xidmət kapitanı Mətin Muradlı yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edərək demişdir ki, bundan sonra da xidmətimizi günün tələblərinə uyğun təşkil edəcək və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni iş və xidmət şəraiti yaradılmış, inzibati bina yenidən qurulmuş və yeni avtomobillər təqdim olunur. Həyata keçiriən işlər əhalinin və dövlətin əmlakının yanğından və digər hadisələrdən vaxtında qorumağa və qarşısını almağa xidmət edir. Culfa rayonu bir şəhər, 22 kənddən ibarətdir. Rayonda 47 mindən artıq əhali yaşayır, 12 minə yaxın təsərrüfat vardır. 270-dən çox sahibkarlıq subyekti, yanacaqdoldurma məntəqələri, neft məhsulları anbarı mövcuddur. Görülən tədbirlər imkan verəcək ki, həm dövlətə, həm də əhaliyə dəyə biləcək ziyanın qarşısı vaxtında alınsın. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Bu fikirlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün şüar olmalı, onların gündəlik fəaliyyət istiqamətinə çevrilməlidir.
"Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılan şərait imkan verir ki, kollektiv vəzifələrini layiqincə yerinə yetirsin",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, əsas vəzifə dövlət və şəxsi əmlakın qorunmasıdır. O yerdə dövlət möhkəmlənir, şəxsi təsərrüfatlar inkişaf edir ki, orada dövlət əmlakı da, şəxsi əmlak da qorunur və insanlara dəyə biləcək ziyanın qarşısı vaxtında alınır. Ötən illərdə ərazidə ciddi problemlər olmayıb. Bu da şöbənin fəaliyyətinin nəticəsidir. Muxtar respublikada Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu sahədə hər il yeni infrastruktur yaradılmışdır. Bu gün sonuncu Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsidir ki, Culfa rayonunda müasir standartlara uyğun tikilərək şəxsi heyətin istifadəsinə verilir. Bu işləri həyata keçirmək üçün dövlət vəsaiti sərf olunub. Ona görə də kollektiv qarşıya qoyulan vəzifələri layiqincə icra etməlidir. Vəzifələrin icrası isə sabitlik, insanların rahat yaşayışı və ölkənin inkişafıdır.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onlar üçün yaradılan şəraitdən ötən illər ərzində düzgün istifadə ediblər. Hadisələrə vaxtında müdaxilə olunub, qabaqlayıcı tədbirlər görülüb. Xüsusilə qış aylarında hadisələr daha çox baş verir. Muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb. Bəzən fürsətçilər başqa ölkələrdən ucuz, standartlara uyğun olmayan sobalar gətirərək əhaliyə satırlar. Bunların qarşısı vaxtında alınmış, yaxşı nəticə vermişdir. Son illər bu sahədə baş verən hadisələr tamamilə aradan qaldırılmışdır. Bütün bunlar isə xidmətin düzgün təşkili nəticəsində olmuşdur. Həmçinin Fövqəladə Hallar Nazirliyinin kollektivi dünyanın qarşısında problem kimi dayanan koronavirus epidemiyasına qarşı mübarizədə fəal iştirak etmişlər. Muxtar respublika bu gün Azərbaycanda epidemiyanın yayılmasına görə ən aşağı göstəricisi olan yerdədir. Buna səbəb isə muxtar respublikada Fövqəladə Hallar Nazirliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivlərinin birgə səyi nəticəsində davamlı aparılan dezinfeksiya tədbirləridir.
Ali Məclisin Sədri Fövqəladə Hallar Nazirliyinin kollektivinə təşəkkür etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamış, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmasını tapşırmışdır.
Sonra yeni avtomobillərə baxış olmuşdur.
 
 
Bildirilmişdir ki, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinə "İVECO" və "Kamaz" markalı 4 müasir yanğınsöndürmə avtomobili, "Niva" markalı əməliyyat minik maşını və "Zil - 131" markalı avtomobilin bazasında yığılmış 30 metr uzunluğunda avtopilləkən təqdim olunmuşdur. Avtopilləkən hündür binalarda yanğınsöndürmə və xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri könüllü yanğınsöndürmə dəstələrinin yaradılması və kursların təşkilinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
 
 
 
Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri yeni binada fəaliyyət göstərəcək
 
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır". Muxtar respublikada bütün sahələr kimi, təhsil də qayğı ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, ötən illərdə 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, nümunəvi dərslərin keçirilməsi, innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün təhsil şöbəsinin inzibati binası istifadəyə verilir. Burada həm də məktəbdənkənar təhsil müəssisələri fəaliyyət göstərəcəkdir. Şəraitin yaxşılaşdırılması işə münasibətin, onun keyfiyyətinin və nəticəsinin yaxşılaşması deməkdir. Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Rayon məktəblərində 5 min 400-dən artıq şagird təhsil alır, 930-dan artıq müəllim fəaliyyət göstərir. Rayon Təhsil şöbəsinin 2019-2020-ci tədris ilindəki fəaliyyəti onu deməyə əsas verir ki, işlər düzgün qurulmuşdur. Belə ki, məktəbi bitirən 283 şagirddən 126-ı ali məktəblərə, 27-i orta ixtisas məttəblərinə qəbul olunmuş, onlardan 22-i 500-700 intervalında bal toplamışlar. Bu nailiyyətlərin qazanılmasında təhsil şöbəsinin də əməyi vardır. Rayonun təhsil müəssisələrində vətənpərvərlik işinin düzgün təşkilinin nəticəsidir ki, 28 şagird Heydər Əliyev adına Hərbi Liseyə, dəqiq elmlərə marağın artırılmasının nəticəsidir ki, 9 şagird Şərur Rayon Fizika-riyaziyyat Təmayüllü Liseyə qəbul olunmuşdur. Yaradılan müasir iş şəraiti imkan verəcəkdir ki, məktəblərə nəzarət daha da gücləndirilsin, tədrisin vəziyyəti yaxşı təhlil edilsin, müzakirələr aparılsın, çatışmazlıqlar aradan qaldırılsın, rayonun təhsil nailiyyətləri daha da artırılsın.
 
 
Ali Məclisin Sədri demişdir: Təhsil şöbəsinin qarşısında duran əsas vəzifə məktəblərdə tədrisin səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin dərsə davamiyyətinə, bütün fənlər üzrə dərslərin yeni texnologiyaların tətbiqi ilə tədrisinə nəzarət etməkdir. Bu gün zamanın tələbi ondan ibarətdir ki, tədris müasir, yeni texnologiyalar tətbiq olunmaqla təşkil edilsin. Bunun üçün mütləq yaradılmış kompüter siniflərindən, elektron lövhələrdən, laboratoriyalardan, şahmat siniflərindən və STEAM kabinələrindən istifadə olunmalıdır. Müasir tədrisin tələbləri ondan ibarətdir ki, tədrisə müəllim və şagird yaradıcı yanaşmalıdır. Yaradıcı aparılan tədris nəticəli olur. Məktəblərdə müasir şərait ona görə yaradılır ki, müəllimlər tədrisin yaradıcı tətbiqinə nail ola bilsinlər. Bu işlərə yeni başlanılan dövrdə problemlər mövcud idi. Elektron lövhəli siniflərdən düzgün istifadə olunmurdu. Artıq məktəblərdə bu problemlər aradan qaldırılıb. Dəqiq fənnləri tədris edən müəllimlər üçün Təhsil nazirliyi tərəfindən hər il kurslar təşkil edilir. STEAM kabinələri də bu yeniliklərə əlavə olunur. Bu yeni metod əsasən incəsənətlə dəqiq elmlərin birləşməsi nəticəsində formalaşan sistemdir. Bu, həm müəllimdən, həm də şagirddən tamamilə yaradıcı iş tələb edir. Ona görə də qərara alınıb ki, bu tədris ilindən etibarən muxtar respublikanın məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM kabinələrinin və Robotexnika dərnəklərinin qurulması davam etdirilsin. Bununla yanaşı, milli dəyərləimizi özündə yaşadan dərnəklərin fəaliyyəti də davam etdiriləcəkdir.
Ali Məclisin Sədri demişdir: Təhsil şöbəsinin inzibati binasında 3 məktəbdənkənar təhsil müəssisəsi üçün lazımi şərait yaradılmışdır. Burada həm milli, həm də innovativ dərnəklər birlikdə fəaliyyət göstərəcək. Məktəbdəki tədrisin səviyyəsi məktəbdəndənkənar müəssisələrin bilavasitə işindən asılıdır. Yəni şagirdin asudə vaxtı nə qədər səmərəli keçərsə, onun dərs qavrama qabiliyyəti bir o qədər rahat olar. Nəticələrə əsasən demək olar ki, Culfa rayonunda bu işlərə nail olunub. Yadda saxlamaq lazımdır ki, müasir dövrümüzdə inkişaf etmiş ölkələrdə ən yaxşı mühəndislər həmin dərnəklərdə formalaşırlar. Ona görə də tətbiq olunan bu yeniliklərin istifadəsinə nəzarət olunmalıdır. Ölkənin gələcəyinin hazırlanmasına hər kəs məsuliyyət daşıyır. Bunun üçün də işə məsuliyyətlə yanaşılmalı və tələbkarlıq artırılmalıdır.
 
 
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir: Muxtar respublika təhsili özünün inkişaf dövrünü yaşayır. Təhsilin bütün pillələri üçün zəruri infrastruktur formalaşdırılır, yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Yaradılan müasir şərait təhsilin keyfiyyətinin yaxşılaşmasına, şagirdlərin yüksək səviyyədə bilik almalarına, dünyagörüşlü və vətənpərvər formalaşmalarına, eləcə də pedaqoji heyətdə iş əzminin yüksəlməsinə geniş imkanlar açmışdır. Aparılan ardıcıl tədbirlər yalnız məktəb tikintisi ilə yekunlaşmamış, eyni zamanda şəhər və rayon təhsil şöbələri və məktəbdənkənar təhsil müəssisələri üçün də binalar tikilib istifadəyə verilir. Culfa rayonunun ümumtəhsil məktəblərində 595 kompüter, 78 elektron lövhə quraşdırılmış, kitabxanalar 87 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 97 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları və açıq idman qurğuları, eyni zamanda istilik sistemi quraşdırılmışdır. Rəhman Məmmədov muxtar respublikada təhsilin hərtərəfli inkişafına, innovativ təlim metodlarının tətbiqinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
Dərnək rəhbəri Türkanə Hüseynova minnətdarlıq edərək demişdir: "Ali Məclis Sədrinin qayğısı ilə Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Şagirdlərin milli dəyərlər ruhunda tərbiyə olunmasını, təhsilli, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır. Bu dərnəklər milli-mənəvi dəyərlərimizin qorunmasına, uşaqların intellektual və fiziki inkişafına mühüm töhfələr verəcək, şagirdlər innovativ dərnəklərdə bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Yaradılan şərait və göstərilən dövlət qayğısı müəllimlərdən böyük məsuliyyət tələb edir. Kollektivimiz bu məsuliyyəti dərindən dərk edir. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq".
 
 
Ali Məclisinin Sədri binada yaradılan şərait və dərnəklərin fəaliyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, mərkəzlər üçün binanın 1-ci mərtəbəsində 124 yerlik 11 sinif otağı ayrılmışdır. Binanın ikinci mərtəbəsində Culfa Rayon Təhsil Şöbəsi üçün 10 iş otağı, 50 yerlik iclas zalı və texniki otaq ayrılmış, otaqlarda 9 kompüter quraşdırılmışdır. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, memarlıq - dizayn, qum sənəti, xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində robotexnika və STEAM, mental-aritmetik, bujiteriya, ağac üzərində oyma, ağac üzərində yandırma, Turist - Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq, dulusçuluq, bədii tikmə və toxuculuq dərnəkləri yaradılmışdır.
Robotexnika və STEAM dərnəyi üçün 9 kompüter, rəngli printer, 3D printer, 10 robot, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları alınmış, elektron lövhə quraşdırılmışdır. Mental - aritmetik dərnəyi üçün elektron lövhə quraşdırılmış, dərs proqramı, hesablama alətləri alınmış, ağac üzərində yandırma dərnəyi üçün 10 elektrikli yandırma aləti, rəqs dərnəyi üçün 20 dəst geyim, rəsm dərnəyi üçün 15 molbert, memarlıq - dizayn dərnəyi üçün 7 kompüter, çertyoj lövhəsi, qum sənəti dərnəyi üçün 5 elektrikli qum masası, xalçaçılıq dərnəyi üçün 5 hana, heykəltəraşlıq və dulusçuluq dərnəyi üçün 12 dəzgah, eləcə də digər zəruri ləvazimatlar alınmışdır.
 
 
Robotexnika və STEAM dərnəklərində şagirdlərin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanacaqlar. Yeni dərnəklər yaradılarkən uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da nəzərə alınmışdır. Rəsm, qum sənəti, dulusçuluq, heykəltəraşlıq, bujuteriya, ağac üzərində yandırma, ağac üzərində oyma, bədii tikmə, toxuculuq və xalçaçılıq dərnəkləri xalq yaradıcılığımızın və dekorativ tətbiqi sənət nümunələrimizin sirlərini gənc nəslə öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri Mental - aritmetik dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət etməklə hesablama əməliyyatı aparmalarını izləmişdir.
Dərnək rəhbərlərindən Aidə İbrahimova, Sveta Kərimova, Məhluqə Rzayeva və Fuad Babayev şagirdlərin intellektual dünyagörüşlərinin formalaşmasında tətbiq olunan dərnəklərin rolunu yüksək qiymətləndirərək minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri yaradılan şəraitdən istifadə etməklə təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıdakı illərdə innovativ dərnəklərdə yeni metodları mənimsəyən şagirdlərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, STEAM tədris metodu ilə bağlı ədəbiyyatların tərcümə olunaraq təhsil ocaqlarına paylanması barədə tapşırıqlar vermişdir.
Binada istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salın­mış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.
 
 
 
Culfa şəhərində 11 yaşayış binası yenidən qurulub
 
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Culfa şəhərində yenidənqurmadan sonra istifadəyə verilən yaşayış binalarında görülən işlərlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, 11 yaşayış binası yenidən qurulmuş, həyətləri abadlaşdırılmış, binaların ətrafındakı yollara asfalt qatı verilmişdir.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri yaradılanların qorunması ilə bağlı tapşırıq vermişdir.
 
 
 
Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir
 
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanmışdır.
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirmişdir ki, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılmış, külək turbinlərinin bünövrəsi qoyulur. Həmçinin burada yarımstansiya tikilir.
Ali Məclisin Sədri ərazinin çəpərlənməsi, müşahidə kameralarının quraşdırılması, lazım olan materialların sifariş verilməsi, günəş su qızdırıcılarının kəndlərdə ardıcıl quraşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
 
   27.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).