3:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı. 
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilsin.
2. "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 1 dekabr 2020-ci il
 
______________________________________________________________________
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
"Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin 

N İ Z A M N A M Ə S İ
 
1. Ümumi müddəalar 
 
1.1. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) muxtar respublikada icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. 
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəhbər tutur. 
1.3.Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. 
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Agentlik Naxçıvan şəhərində yerləşir. 
 
2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri 
 
2.1. Agentliyin fəaliyyətinin məqsədi Naxçıvan Muxtar Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbisığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. muxtar respublikada icbari tibbi sığorta sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.2.2. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək; 
2.2.3. icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
2.2.4. icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək. 
 
3. Agentliyin vəzifələri və hüquqları 
 
3.1.Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: 
3.1.1. icbari tibbi sığorta və səhiyyə sahəsi üzrə məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir; 
3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində araşdırmalar aparır və nəticələri əsasında xidmətlər zərfinin müəyyən olunmasına dair təkliflər hazırlayır; 
3.1.3. icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin edir, icbari tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta ehtiyatı yaradır;
3.1.4. xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür; 
3.1.5. xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlayır;
3.1.6. xidmətlər zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisələrinə ödənilməsini təmin edir; 
3.1.7. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə icbari tibbi sığorta müqaviləsi bağlayır;
3.1.8. xidmətlər zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir; 
3.1.9. qanunvericiliyin tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir;
3.1.10. icbari tibbisığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır; 3.1.11. icbari tibbi sığorta sahəsində təlimlər təşkil edir, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir; 
3.1.12. icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat verir;
3.1.13. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir; 3.1.14. icbari tibbi sığorta sahəsində elektron xidmətləri təşkil edir;
3.1.15. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;
3.1.16. icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə təkliflər verir; 
3.1.17. dövlət və kommersiya sirrinin, qanunvericiliyə əsasən konfidensial hesab edilən, habelə həkim sirrini təşkil edən məlumatların və məxfilik rejiminin qorunması üçün tədbirlər görür; 
3.1.18. icbari tibbi sığorta sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir; 
3.1.19. Agentliyin informasiya təminatını təşkil edir, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini həyata keçirir; 3.1.20. icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;
3.1.21. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür, qabaqcıl təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-texniki nailiyyətləri tətbiq edir; 
3.1.22.Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür; 
3.1.23. Agentliyin maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.24. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır: 3.2.1. icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübəni öyrənmək və təcrübə mübadiləsi aparmaq; 
3.2.2. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb müəssisələrini seçmək; 
3.2.3. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər üçün tariflərin müəyyən olunmasına dair təkliflər hazırlamaq; 
3.2.4. xidmətlər zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərinin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
3.2.5. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
3.2.6. tibb müəssisələri müqavilənin şərtlərini pozduqları hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək; 
3.2.7. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana göstərilən tibbi yardıma çəkilən xərclərin ödənilməsini məhkəmə qaydasında tələb etmək; 
3.2.8.sığortaolunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətinin monitorinqini həyata keçirmək; 
3.2.9. sığortaolunanlara göstərilən tibbi xidmətlər üçün tibb müəssisələrinə ödənilən sığorta ödənişlərinin əsaslılığına nəzarət etmək;
3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq; 
3.2.11. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; 
3.2.12. icbari tibbi sığorta sahəsində rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.13. könüllüləri öz fəaliyyətinə cəlb etmək;
3.2.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; 
3.2.15. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 
 
4. Agentliyin idarə olunması 
 
4.1. Agentliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin direktoru rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 
4.2. Direktorun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Direktorun müavini ona həvalə edilən vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. 
4.3. Agentliyin direktoru: 
4.3.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir; 
4.3.2. müavini və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır; 4.3.3.Agentliyin ştat cədvəlinin və işçilərin əməkhaqlarının təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər verir; 
4.3.4. Agentliyin maliyyə planlaşdırmasını aidiyyəti üzrə razılaşdırmaqla təsdiq edir; 
4.3.5. bu Nizamnamənin 3.1.23-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.3.6. bu Nizamnamənin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür; 
4.3.7. Agentliyin büdcəsinin icrasına nəzarət edir; 
4.3.8. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 
4.3.9. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; 4.3.10.Agentliyin işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir; 
4.3.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
4.3.12. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir; 
4.3.13. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.3.14. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır; 
4.3.15. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür; 4.3.16. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir; 
4.3.17. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
 
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
 
5.1. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.2.Agentlik öz əmlakından və sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Agentliyin xərclər smetası əsasında istifadə edir. 
5.3. Maliyyə ilinin sonunaAgentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. 
 
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
 
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir. 
6.2. Agentlik hər il martın 31-dək əvvəlki ildə muxtar respublikada icbari tibbi sığorta sistemi ilə bağlı hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir. 
 
7. Agentlikdə uçot və hesabat
 
7.1. Agentlik qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir. 7.2. Agentlik qanunvericiliyə uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 7.3.Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edə bilər. 
 
8. Agentliyin ləğvi və yenidən təşkili
 
Agentliyin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.
 
       02.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).