7:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin vəşəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu(bundan sonra - Fond) yaradılsın.
2. "Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası" təsdiq edilsin.
3. Müəyyən edilsin ki:
3.1. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır;
3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;
3.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra -Nazirlik).
4. Nazirlik:
4.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etsin;
4.2. fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;
4.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın;
4.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;
4.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;
4.6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 14 dekabr 2020-ci il
 
_________________________________________________________________
 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə
Q A Y D A S I
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (bundan sonra - Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Fondun məqsədi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il __dekabr tarixli Fərmanının 3.1-ci bəndində qeyd olunan şəxslərin (bundan sonra - şəxs) sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verməkdir.
1.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra - Nazirlik).
 
2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə
 
2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr);
2.1.2. qanunla qadağan olunmayan digər mənbələr.
2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.
2.3. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
2.4. Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:
2.4.1. onlayn qaydada - fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;
2.4.2. SMS vasitəsilə - fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;
2.4.3. bank köçürməsi vasitəsilə - Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;
2.4.4. terminal vasitəsilə - fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;
2.4.5. qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.
2.5. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
2.5.1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
2.5.2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
2.5.3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;
2.5.4. məişət şəraitinin yaxşılaşdırılması.
2.6. Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz.
 
3. Müraciətlərin qəbulu və ehtiyacların müəyyənləşdirilməsi
 
3.1. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir. 
3.2. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.
3.3. Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Nazirliyin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Nazirliyin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:
3.3.1. bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;
3.3.2. müraciətin ilkin və ya təkrar olması;
3.3.3. müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;
3.3.4. himayəsində azyaşlı uşağın olması;
3.3.5. ailədə əmək qabiliyyətli şəxslərin sayı;
3.3.6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması; 
3.3.7. dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.
 
4. Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti
 
4.1. Nazirlik daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.
4.2. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə müvəkkil bank vasitəsilə təqdim olunur.
4.3. Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.
 
5. Fondun vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət
 
5.1. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına nəzarəti Nazirlik həyata keçirir.
5.2. Nazirlik:
5.2.1. Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini aidiyyəti üzrə təqdim edir;
5.2.2. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları aidiyyəti üzrə təqdim edir.
 
         14.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).