1:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılsın.
2. "Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin.
3. "Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin strukturu" təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 18 dekabr 2020-ci il
 
____________________________________________________________________

"Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin

NİZAMNAMƏSİ
 

 
1. Ümumi müddəalar 
 
1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikasında tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yaradılmış digər dövlət orqanlarında və publik hüquqi şəxslərdə (bundan sonra - müvafiq qurumlar) işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmənin həyata keçirilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən publik hüquqi şəxsdir.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti imtahanların və hazırlıq kurslarının təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Mərkəz Naxçıvan şəhərində yerləşir.
 
2. Mərkəzin fəaliyyət istiqamətləri
 
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır;
2.1.3. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlayır;
2.1.4. dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır;
2.1.5. müvafiq qurumların əməkdaşlarının reyestrini təşkil edir, təkmilləşdirir və ondan səmərəli istifadə olunmasını təmin edir;
2.1.6. dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və şəffaflığı təmin edir;
2.1.7. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
2.1.8. prokurorluq, daxili işlər, ədliyyə, fövqəladə hallar, miqrasiya, gömrük, vergi və dövlət qulluğunun xüsusi növünə aid olan digər orqanlarda vətəndaşların qulluğa qəbul edilməsi üçün elan olunmuş müsabiqələrin test imtahanlarını keçirir;
2.1.9. müvafiq qurumlarda işə qəbul, işçilərin attestasiyası, sertifikasiyası və digər qaydada qiymətləndirilməsi üçün imtahanları təşkil edir və həyata keçirilməsini təmin edir;
2.1.10. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir və etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirir;
2.1.11. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
 
3. Mərkəzin vəzifələri və hüquqları
 
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair proqramların və digər sənədlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
3.1.2. dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət etmək;
3.1.3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçənlərə sertifikat vermək;
3.1.4. qanunvericiliyə uyğun olaraq peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanlar keçirmək və müvafiq sertifikatlar vermək;
3.1.5. dövlət qulluğu üzrə verilən sertifikatların uçotunu aparmaq;
3.1.6. müvafiq qurumlarda vəzifə təlimatlarının qanunvericiliklə müəyyən edilən ümumi şərtlərə uyğun hazırlanmasını, eləcə də vakant vəzifələrin tutulması şərtlərinin düzgün müəyyən olunmasını təmin etmək;
3.1.7. müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet portalında yerləşdirilməsini təmin etmək;
3.1.8. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yaradılmış müsahibə komissiyasının tərkibinə nümayəndələr təqdim etmək;
3.1.9. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil etmək;
3.1.10. müvafiq orqanlarda işə qəbul üçün müsabiqələr elan etmək;
3.1.11. işçilərin attestasiyası, sertifikasiyası və digər qaydalarda qiymətləndirilməsi üçün müvafiq imtahanları təşkil etmək, eləcə də müvafiq qurumlarda yaradılan şuraların tərkibində üzv qismində iştirak etmək;
3.1.12. müvafiq qurumlara qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, vakant vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaratmaq;
3.1.13. dövlət qulluqçularından və digər şəxslərdən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul etmək, araşdırmalar aparmaq, belə halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək;
3.1.14. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq;
3.1.15. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;
3.1.16. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılmaq üçün müvafiq orqanlara göndərmək;
3.1.17. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları barədə maarifləndirmə işi aparmaq;
3.1.18. müvafiq qurumların əməkdaşlarının reyestrini aparmaq, eləcə də dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etmək;
3.1.19. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlər görmək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini təmin etmək;
3.1.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Mərkəzin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
3.2.1. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.2.2. dövlət qulluğunun təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.2.3. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları dövlət orqanlarından, təşkilatlardan, vəzifəli şəxslərdən sorğu etmək və almaq;
3.2.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.5. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını, barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı tələb etmək;
3.2.6. digər dövlət müəssisələrindən mövcud olan vakant vəzifələrin siyahısını tələb etmək;
3.2.7. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;
3.2.8. konfranslar, müşavirələr və seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.9. muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
3.2.10. ilk dəfə müvafiq qurumlarda işə qəbul olan şəxslər üçün qanunvericiliyin tətbiqi, etik davranış, korrupsiyaya qarşı mübarizə və sair məsələlər üzrə təlim kursları təşkil etmək;
3.2.11. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar vermək;
3.2.12. müxtəlif qurumların və şəxslərin müraciəti əsasında tələb olunan sahədə şəxslərin bilik səviyyəsini qiymətləndirmək;
3.2.13. test bankının formalaşdırılması, proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar və ekspert şuraları təşkil etmək, yaradılmış test bankının mütəmadi təftişini aparmaq;
3.2.14. ödənişli əsaslarla sınaq imtahanları keçirmək, hazırlıq kursları və təlimlər təşkil etmək;
3.2.15. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq və dərc etmək;
3.2.16. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 
4. Mərkəzin idarə olunması
 
4.1. Mərkəzin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Mərkəzin sədri Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.2. Mərkəz sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Sədrin müavini ona həvalə edilən vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Mərkəzin sədri:
4.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.3.2. Mərkəzin fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə hesabat verir;
4.3.3. müvafiq qurumlarda Mərkəzi təmsil edir;
4.3.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin xərclər smetasını təsdiq edir;
4.3.5. Mərkəz sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
4.3.6. Mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görür;
4.3.7. Mərkəzin işçiləri üçün icrası məcburi olan əmrlər və göstərişlər verir;
4.3.8. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.3.9. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.3.10. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.3.11. qanunverciliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
 
5. Mərkəzin əmlakı və maliyyə fəaliyyətinin əsasları
 
5.1. Mərkəzin əmlakı təsisçinin verdiyi əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.2. Mərkəz öz əmlakından və sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında istifadə edir.
5.3. Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
 
6. Mərkəzin fəaliyyətinə nəzarət
 
Mərkəz fəaliyyətinə dair illik hesabatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir.
 
7. Mərkəzdə uçot və hesabat
 
Mərkəz qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə və statistik hesabatları tərtib və təqdim edir.
 
8. Mərkəzin ləğvi və yenidən təşkili
 
Mərkəzin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.
 
"Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin
 
S T R U K T U R U
 
"Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin Aparatı (şöbələr və sektorlar).
 
        19.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).