10:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında ötən ilin yekunları müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
 
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2020-ci ilin yekunları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış dördüncü sessiyasında qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq keçirilib. 
Yığıncağı Ombudsman Ülkər Bayramova açaraq bildirib ki, muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaradıb. Hesabat dövrü ərzində muxtar respublikada yaradılmış imkanlardan istifadə edilərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər uğurla davam etdirilib.

 
Qeyd olunub ki, 2020-ci il ərzində təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. 
Bildirilib ki, 2020-ci il ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Ərizəçilər tərəfindən Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 74 müraciət daxil olub, müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında cavablandırılıb.
Vurğulanıb ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. 2020-ci il ərzində Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılıb, ötən il ərzində təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 18 tədbir təşkil edilib. 
Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 27 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 61 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 472 nəfər iştirak edib. 
Ombudsman bildirib ki, 2020-ci il ərzində təsisatda beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilmiş tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilib, təcrübə mübadiləsi və bu sahədə maraq doğuran digər məsələlər müzakirə edilib. 
Ombudsman Ülkər Bayramova hesabat dövründə Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları üçün hüquqi maarifləndirmə işinin kütləvi informasiya vasitələrində təşkilinə xüsusi önəm verildiyini vurğulayıb. Qeyd olunub ki, Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr davamlı təkmilləşdirilərək daha da gücləndirilib. Belə ki, Ombudsmanın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 171, Müvəkkilin rəsmi internet səhifəsində 169, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 174, ümumilikdə isə 514 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində yerləşdirilib. 
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
Ülkər Bayramova yığıncaqda görülmüş işlər və əldə olunmuş uğurlarla yanaşı, təsisatın fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar barədə də çıxış edərək Ombudsmanın əməkdaşları qarşısında qoyulan tələblər, xüsusilə vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırıb, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyini vurğulayıb. 
 
 
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Abil Orucəliyev və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci il üçün iş planı təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirib ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin edilməsi istiqamətində işlər bundan sonrada daim diqqət mərkəzində saxlanılacaq, həmçinin Müvəkkil təsisatı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
          14.01.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).