1:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılsın.
2. "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi" təsdiq edilsin.
3. "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi" təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri     Vasif TALIBOV 
 
Naxçıvan şəhəri, 21 yanvar 2021-ci il
 
 
Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin
NİZAMNAMƏSİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilətəsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra - Agentlik) muxtar respublikada medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (bundan sonra - media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Agentlik Naxçıvan şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. muxtar respublikada müvafiq sahənin inkişafını təmin etmək;
2.0.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.0.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.0.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
3.1.3. dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər görmək;
3.1.4. jurnalistlərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək;
3.1.5. medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək;
3.1.6. media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili, eləcə də jurnalist məsuliyyətinin artırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək, peşə kursları təşkil etmək;
3.1.7. media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbirlər həyata keçirmək;
3.1.8. əhalinin maarifləndirilməsinə və ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, ictimaiyyətin diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
3.1.9. audiovizual və çap məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
3.1.10. dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, mediada müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
3.1.11. media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək;
3.1.12. Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq;
3.1.13. media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək;
3.1.14. media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, ictimai rəyin öyrənilməsini təşkil etmək;
3.1.15. çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərmək;
3.1.16. çap mediası və onlayn mediada yayımlanan informasiya və digər materiallar qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, inzibati xəta əlamətləri aşkar etdikdə, qanunvericiliyə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.17. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.18. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri qanunvericiliyə uyğun olaraq təşkil etmək;
3.1.19. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini, bu informasiyanın daim yenilənməsini və informasiya təhlükəsizliyini təmin etmək;
3.1.21. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.22. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.23. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.24. qabaqcıl təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.25. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə fəaliyyət göstərən ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq;
3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.3. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.4. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.6. media nümayəndələrini dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.8. media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq, bu istiqamətdə tədbirlər keçirmək və tövsiyələr hazırlamaq;
3.2.9. Agentliyin maliyyələşdirdiyi layihələr üzrə müqavilə şərtlərini pozan media subyektlərini belə layihələrdə iştirakdan məhrum etmək;
3.2.10. qanunvericiliyə uyğun olaraq sosial reklamlar sifariş vermək;
3.2.11. media sahəsi üzrə elektron informasiya bankını formalaşdırmaq;
3.2.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentliyin idarəetmə orqanı Müşahidə Şurasıdır.
4.2. Agentliyin Müşahidə Şurası (bundan sonra - Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.3. Şura Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 2 (iki) üzvdən ibarətdir.
4.4. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.5. Şura qərar qəbul etməkdə müstəqildir.
4.6. Şuranın vəzifələri aşağıdakılardır:
4.6.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.6.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək, icrasına nəzarət etmək;
4.6.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.6.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək, büdcəsinin icrasına nəzarət etmək;
4.6.5. Şura üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.6.6. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.6.7. bu Nizamnamənin 3.1.21-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.6.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.7. Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclasında qərarlar sədrin və hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.8. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.9. Şuranın iclasının nəticəsi Şura üzvlərinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.
4.10. Şuranın sədri:
4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik və onu təmsil edir;
4.10.2. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan əmrlər verir;
4.10.3. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.10.4. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;
4.10.5. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.10.6. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.10.7. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu həyata keçirir;
4.10.8. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;
4.10.9. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.10.10. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.10.11. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.11. Şuranın üzvləri:
4.11.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.11.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.11.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, qanunvericiliklə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.2. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanı həyata keçirir.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.2. Agentlik "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.

     22.01.2021














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).