18:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsü qaydası.
 
 
Cəmiyyətdə tez-tez qarşımıza çıxan məsələlərdən biri də ər-arvad arasında qarşılıqlı hüquqi münasibətlərdir. Bu münasibətlər zamanı ər-arvadın qarşılıqlı hüquq və vəzifələri özünü əmlak və qeyri-əmlak sferasında büruzə verir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. Bu öhdəliklərdən bir də mülkiyyət münasibətləri ilə bağlıdır. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də ər-arvadın və ya onlardan birinin tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmaqdan ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyi prinsipinə uyğun olaraq ər və arvad ailə hüquq münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Qeyd etmək lazımdır ki, ər-arvadın birgə mülkiyyəti payı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə birgə mülkiyyət münasibətlərinə xitam verilir.
Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Qeyd olunmalıdır ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Həmçinin, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Təcrübədə ər-arvadın ümumi əmlakının bölünməsi əsasən nikahın pozulması dövrünə təsadüf edir.
Əmlak bölgüsü ər-arvadın tələbi ilə onların hər birinin şəxsi mülkiyyətində olan əmlakının müəyyən edilməsindən başlanılır. Sonra isə ümumi mülkiyyətdə olan hansı əşyanın kimə verilməsi məsələsi həll olunur. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Burada ən əsası əşyaların köhnəlmə dərəcələrini nəzərə almaqla onların əsl qiymətini müəyyən etməkdir. Tərəflərdən birinə pul və ya başqa kompensasiya verildikdə ər-arvadın maddi vəziyyəti, onlardan birinin tələbi və s. nəzərə alınır.
Həmçinin, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
Ümumi qaydaya əsasən əmanət kassalarına və başqa kredit idarələrinə qoyulan əmanət ər-arvadın birgə mülkiyyəti hesab edilir və onlar arasında bölünə bilər. Burada bütün əmanətlərdən söhbət gedə bilməz. Ər-arvadın hər birinin adına üçüncü şəxs tərəfindən qoyulmuş əmanət ərin (arvadın) şəxsi mülkiyyəti olduğundan əmlak bölgüsü zamanı nəzərə alınmır.
Ər-arvadın olduğu nikah etibarsız hesab edilərsə, onda onlar Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulan şəxsi və əmlak hüquqlarını əldə etmirlər. Belə olduqda ər-arvaddan birinin adına qoyulmuş əmanət barədə mübahisə ər-arvad arasında əmanətin bölünməsi qaydalarına əsasən bölünə bilməz. Əmanətin taleyi bu hallarda mülki qanunvericiliyin ümumi qaydalarına əsasən müəyyənləşdirilir.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
Nikah pozulduqdan sonra iddia müddəti ərzində, hətta ər-arvadın ümumi əmlakı bölündükdən sonra belə, məhkəmə təcrübəsi bölünməmiş əmanətin bölünməsi məsələsini müsbət həll edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq edilir. Ər-arvad arasındakı ümumi əmlakın bölünməsi barədə sazişdə (müqavilədə) başqa hal nəzərdə tutulmadığı hallarda onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsində qeyd olunur ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yetkinlik yaşına çatmayan uşaqların birgə yaşadığı ərin (arvadın) payı bir qayda olaraq uşaqların mənafeyinə və maraqlarına xidmət göstərən əşyaların (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s) hesabına artırılır. Başqa sözlə desək, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
 
                09.02.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).