14:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks qurulur.
 
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə görülən işlərlə maraqlanmışdır.
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişlər.
Məlumat verilmişdir ki, ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir ki, bu da kompleksdə sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Rahat və sürətli keçidin təmin olunması üçün giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılmışdır. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla, 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulur. Hərəkət zolaqları üzrə sərhədkeçmə vaxtının ölçülməsi sistemi, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün 36 kamera quraşdırılıb. Yük nəqliyyat vasitələrinin çəkilməsi üçün müvafiq hərəkət zolaqlarının üzərində 60 tonluq 2 tərəzi, həmçinin bütün hərəkət zolaqlarının üzərində radiasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün qurğular qoyulub.
 
 
Kompleksdə gömrük nəzarəti və rəsmiləşməsi "bir pəncərə" prinsipinə uyğun həyata keçiriləcək, "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunacaqdır. "Qırmızı kanal"a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub. Sərnişin keçid zalında giriş və çıxış istiqamətlərinin hər birində "Qırmızı kanal"la bəyan edilməli olan yüklərin gömrük nəzarətindən keçirilməsi üçün 2 müasir rentgen-baxış qurğusu, həmçinin şəxslərin üzərinin təkrar yoxlanılması üçün "body-scan" qurğusu vardır. "Yaşıl kanal" buraxılış sistemindən gömrük sərhədindən keçirilən əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli mallar olmayan sərnişinlər istifadə edəcəkdir. Giriş və çıxış istiqamətlərində pasport nəzarəti 2-si Azərbaycan, 2-si xarici ölkə vətəndaşları üçün olmaqla, 4 məntəqədə həyata keçiriləcəkdir. Sərnişin keçid zalında rüsumsuz ticarət mağazası və kafe fəaliyyət göstərəcəkdir. Bütün rəsmiləşmə və keçid zallarında quraşdırılmış elektron bəyanetmə köşklərində gömrük qanunvericiliyi ilə bağlı məlumat almaq və Dövlət Gömrük Komitəsinin 234 nömrəli informasiya-sorğu xidməti ilə birbaşa əlaqə yaratmaq imkanı vardır.
Anbarlarda yüklərin yoxlanılması üçün 3 rentgen-nəzarət qurğusu, yoxlama-baxış sistemləri bölməsində giriş istiqaməti üzrə yük və minik nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün 2 X-Ray tipli rentgen-nəzarət qurğusu quraşdırılmışdır. Kompleksdəki bütün rentgen-nəzarət və baxış qurğuları Almaniyanın "Smiths Dedection" şirkətinin istehsalıdır. Gömrük nəzarəti zonasında yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə ölkəyə giriş istiqamətində avtonəqliyyat vasitələri üçün müasir dezinfeksiya baryeri, sərnişin zallarında hərarəti məsafədən ölçən termovizorlar quraşdırılmış, tibb məntəqəsi yaradılmışdır. Kompleksin ərazisində yüksək görüntü keyfiyyətinə malik olan 90 kameralıq video-nəzarət sistemi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
 
 
Ali Məclisin Sədri kompleksdə işlərin aprel ayına qədər başa çatdırılması və xidmətin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tapşırıqlar vermişdir.
 
         12.03.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).