"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin; 2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 17 mart 2021-ci il 18.03.2021
|