14:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dövlətçilik əzmi, milli dəyərlərə və insan amilinə söykənən siyasi iradə və qətiyyət Naxçıvanın hərtərəfli inkişafının təməlini təşkil edir.
 
Bunu ötən ayın ümumi mənzərəsindən də aydın görmək mümkündür.
 
 
Böyük iftixar və qürur hissi ilə qeyd olunmalıdır ki, qədimliyi qədər müasirliyi ilə də seçilən, dinamik, çoxşaxəli inkişaf strategiyası ilə dünyada tanınan Naxçıvan yeni inkişaf mərhələsini yaşamaqdadır. Ümummilli liderin dövlətçilik siyasətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilməsi sayəsində buna nail olunmuşdur. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin "Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik" ideyası muxtar respublikamızın timsalında bütün reallıqları ilə öz təsdiqini tapmışdır. Ötən ayın ümumi mənzərəsi bunu deməyə bir daha əsas verir.
 
Yüksəkkeyfiyyətli yayım muxtar respublikanın uğurlu media siyasətinin əsas prioritetini təşkil edir.
 
Muxtar respublikada diyarımızın qədim tarixinin, müasir inkişaf dinamikasının, milli dəyərlərimizin və zəngin turizm potensialının düzgün təbliği, eyni zamanda gənc nəslin vətənpərvər və milli dəyərlərə sadiq yetişməsi üçün məqsədyönlü media siyasəti aparılır. Mediaya yeni yanaşmanın, Naxçıvan mediasının, eləcə də Naxçıvan teleradiosunun, elektron medianın müasir dövrün tələbləri səviyyəsində inkişafının nəticəsidir ki, muxtar respublikada informasiya blokadası, tamamilə, aradan qaldırılmış, informasiya təminatı sahəsində tarixi nailiyyətlər qazanılmışdır. Müasir dövrdə rabitə və informasiya texnologiyalarının qarşısında duran əsas məsələlərdən biri də əhalini keyfiyyətli teleradio yayımları ilə təmin etməkdir. Son illərdə muxtar respublikamızda bu sahədə mühüm addımlar atılmış, müasir texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teleradioların, eləcə də ölkə və dünya televiziya və radiolarının yayımı muxtar respublikanın yaşayış məntəqələrinin 100 faizini əhatə edir. Bu məqsədlə Duzdağ, Ordubad və Şərurda Radio-Televiziya Ötürücü stansiyalarında müasir texnologiyalara əsaslanan radio-televiziya ötürücü sistemləri quraşdırılıb. Naxçıvan Muxtar Respublikası "Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində yayımlanan DVB-T standartlı rəqəmsal televiziya proqramlarının və FM bandlı radio proqramlarının yayım əhatə dairəsinin genişləndirilməsi, efir məkanının keyfiyyətli və dayanıqlı yayımla təmin olunması üçün də müntəzəm olaraq işlər görülür. Təsadüfi deyil ki, məhz Cənubi Qafqazda SFN təkkanallı rəqəmsal televiziya şəbəkəsi ilk dəfə muxtar respublikamızda tətbiq olunub. Muxtar respublikada 6 ötürücü, 44 azgüclü verici stansiya fəaliyyət göstərir. Ölkədə ilk dəfə olaraq Naxçıvan Dövlət Tele­viziyasının IP və internet televiziyaları üzərindən HD formatında yayımı təmin olunub. Bu gün ən müasir yayım və çəkiliş sistemlərinə malik olan Naxçıvan televiziyası və radiosu 20 saat bütün dünyaya yayımlanır, 140-dan çox ölkədə izlənilir. Ali Məclis Sədrinin "Universitet" televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə verdiyi tapşırıqlar icra olunmuş, "Universitet" televiziyasının fevral ayının 24-dən etibarən muxtar respublikada yüksək keyfiyyətlə yayımına başlanılmışdır. Bütün bunlar muxtar respublikanın informasiya blokadasının yarılması kimi mühüm hadisə ilə nəticələnmişdir.
Muxtar respublikada telekommunikasiya sahəsinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən çoxsaylı tədbirlərin davamı olaraq mart ayının 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni binada yaradılan şəraitlə tanış olmuşdur. Muxtar respublika rəhbəri yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək bildirmişdir ki, yeni ötürücü stansiyanın istifadəyə verilməsi ilə Sədərək rayonu ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Qeyd olunmuşdur ki, teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də ölkədaxili televiziyaların yayımının təşkili, eyni zamanda milli-mənəvi dəyərlərimizi kənar təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir.
Ali Məclisin Sədri demişdir: "Muxtar respublikada ötən illərdə bu sahədə xeyli işlər görülmüş, Sədərəkdə avtomat kökləmə sistemi ilə təchiz edilmiş FM verici avadanlıqları quraşdırılmışdır. Bu avadanlıqlar bütün muxtar respublika ərazisində qurulmalıdır. Naxçıvan dağlıq ərazidə yerləşir. Buna görə də monitorinqlər aparılmalı, hansı ərazidə siqnallar zəifdirsə, paket şəklində təqdim olunan kanallar məhduddursa, həmin ərazilərdə tədbirlər görülməlidir ki, əhali ölkəmizdə yayımlanan televiziya və radio verilişlərinə baxa və dinləyə bilsin. Bunun üçün lazımi şərait vardır. Dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə lazımi dəstək göstərilir. Aid təşkilatlar da bu işlərə məsuliyyətlə yanaşmalı, vericilər müasir tələblərə cavab verməli, avtomatik kökləmə sistemləri ilə təmin olunmalı, muxtar respublika ərazisində yayım keyfiyyəti yüksəldilməlidir".
Muxtar respublika rəhbəri vurğulamışdır ki, Sədərəkdə istifadəyə verilən stansiyanın müasir avadanlıqlarla təmin olunması həm də yeni mütəxəssislərin yetişməsi və onların işə müasir yanaşmasının təmin edilməsi baxımından əhəmiyyətli olduğu üçün qurulub-yaradılanlar qorunmalı, işə məsuliyyətlə yanaşılmalı, ərazidə keyfiyyətli teleradio yayımı həyata keçirilməlidir.
Stansiyaya baxış zamanı məlumat verilmişdir ki, Sədərək Radio-Tele­viziya Ötürücü Stansiyasında muxtar respublikada ilk dəfə olaraq 12 kanalın bir monitorda izlənməsinə imkan verən proqram təminatlı "Multiview" sistemi istismara verilmişdir. Stansiyada 2 enerji tənzimləyicisi, generator, rəqəmsal televiziya vericisi, İtaliyanın "Elenos" şirkətinin istehsalı olan avtomatik kökləmə sistemi ilə təchiz edilmiş 3 yeni FM verici, fiber-optik sonlandırma avadanlıqları, "Azercell", "Naxtel", "Azərconnect" mobil operatorlarının baza stansiyaları quraşdırılmışdır. 75 metrlik qüllədə isə mobil operatorların baza stansiyalarının, rəqəmsal tele­viziya və radio vericilərinin anten-fider sistemləri, radiorele link­lərinin verici-qəbuledici avadanlıqları qoyulmuşdur. Ali Məclisin Sədri muxtar respublikada televiziya və radio yayımlarının keyfiyyətinin artırılması sahəsində işlərin davam etdirilməsi və yeniliklərin tətbiqi barədə tapşırıqlar vermişdir.
 
Gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkilinə növbəti töhfə.
 
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi­-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə "Naxçıvanterminalkompleks" Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası əsaslı şəkildə təmir edilib. Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun inşa olunan müasir kompleksin tikinti işləri yekunlaşdırılıb.
Son illər muxtar respublikamızda gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində görülən ardıcıl tədbirlər, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun inkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun şəkildə yenidən formalaşdırılması gömrük xidmətinin keyfiyyətinin artmasına imkan yaradır.
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir. Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kompleksdə görülən işlərlə maraqlanmışdır. Məlumat verilmişdir ki, ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə yaradılacaq müasir şərait sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Rahat və sürətli keçidin təmin olunması üçün giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılmışdır.
Kompleksdə gömrük nəzarəti və rəsmiləşməsi "bir pəncərə" prinsipinə uyğun həyata keçiriləcək, "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunacaqdır. "Qırmızı kanal"a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub. Sərnişin keçid zalında giriş və çıxış istiqamətlərinin hər birində "Qırmızı kanal"la bəyan edilməli olan yüklərin gömrük nəzarətindən keçirilməsi üçün 2 müasir rentgen-baxış qurğusu, həmçinin şəxslərin üzərinin təkrar yoxlanılması üçün "body-scan" qurğusu vardır. "Yaşıl kanal" buraxılış sistemindən gömrük sərhədindən keçirilən əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli mallar olmayan sərnişinlər istifadə edəcəkdir. Giriş və çıxış istiqamətlərində pasport 4 məntəqədə həyata keçiriləcəkdir. Anbarlarda yüklərin yoxlanılması üçün 3 rentgen-nəzarət qurğusu, yoxlama-baxış sistemləri bölməsində giriş istiqaməti üzrə yük və minik nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün 2 X-Ray tipli rentgen-nəzarət qurğusu quraşdırılmışdır. Gömrük nəzarəti zonasında yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə müasir avadanlıqlar quraşdırılmış, tibb məntəqəsi yaradılmışdır. Kompleksin ərazisində yüksək görüntü keyfiyyətinə malik olan 90 kameralıq videonəzarət sistemi qurulmuşdur. Ali Məclisin Sədri kompleksdə işlərin keyfiyyətlə başa çatdırılması və xidmətin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tapşırıqlar vermişdir.
 
Üçrəngli bayrağımız tarixi qələbəmizin, ərazi bütövlüyümüzün toxunulmazlıq rəmzi, şəhidlərimizin ruhuna dərin ehtiram nümunəsi kimi düşmənə göz dağı, alınmaz qala olan Sədərəkdə qürurla dalğalanır.
 
Azərbaycanda dövlət rəmzləri və atributları daim uca tutulur, ölkəmizin hər yerində Bayraq meydanları yaradılır. Fəxarətlə deyə bilərik ki, bu gün üçrəngli bayrağımız 30 ilədək işğala məruz qalmış, Vətən müharibəsindəki tarixi Qələbəmiz nəticəsində azad edilmiş əzəli Azərbaycan torpaqlarında - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Şuşada, digər kənd və qəsəbələrimizdə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalandırılır. Ulu öndərin dövlət atributlarına yüksək ehtiramla yanaşma ideyaları qədim və zəngin dövlətçilik tarixinə malik diyarımızda da sədaqətlə yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: "Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır". Martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilmişdir. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, yaradılan şəraitlə tanış olmuşdur.
"Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır", - deyən Ali Məclisin Sədri qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır. Məlumat verilmişdir ki, Sədərək rayonunda sahəsi 6 min 312 kvadratmetr olan Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılmışdır. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı sianid plitələrlə üzlənmişdir. Meydanda geniş abadlıq işləri aparılmışdır.
Ali Məclisin Sədri demişdir ki, Sədərək rayon kimi formalaşır, əhalinin yaşayışı yaxşılaşır, imkanlar artır. Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infra­strukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi muxtar respublika üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olmuşdur. Ali Məclisin Sədri Bayraq Meydanında abadlığa və təmizliyə nəzarət olunması, ­yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
 
Qəhrəmanlıq mücəssəmələrinin ruhuna sonsuz ehtiram nümunəsi
 
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə yanaşı, Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarını uğurla başa vuran gənclərimiz də bu müharibədə igidlik və qəhrəmanlıqları ilə fərqlənmişlər. Onların göstərdiyi şücaət, hərbçilərimizin ərazi bütövlüyümüz uğrunda nümayiş etdirdiyi əzmkarlıq isə müzəffər hərb tariximizə yazılmışdır. Hərbçilərimiz göstərdikləri rəşadətə görə Ali Baş Komandan tərəfindən "Vətən müharibəsi qəhrəmanı" fəxri adına layiq görülmüş, orden və medallarla təltif edilmişlər. Muxtar respublikamız dövlət-xalq-ordu birliyinin parlaq təzahürü olaraq Vətənə və xalqa xidmətin ən ali məqamına - şəhidlik zirvəsinə yüksələnlərə böyük ehtiram nümayiş etdirməklə də əsl vətənpərvərlik nümunəsi göstərmişdir. Martın 18-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Abdullayev İntiqam Allahverdi oğlunun cənazəsi muxtar respublikaya gətirilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər. Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiətilə mərasim yerinə gətirilmiş, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirmişlər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılmış, "Qurani-Kərim"dən ayələr oxunmuş, şəhid cənazəsinin önündən keçilmişdir. Şəhidin cənazəsi doğulduğu kəndə yola salınmışdır. Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı vermişdir.
Sarsılmaz Azərbaycan-Türkiyə birliyi və çoxcəhətli tərəfdaşlığında doğma diyarımızın da müstəsna rolu vardır.
 
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iki qardaş xalqın milli-siyasi həmrəyliyinə söykənən Azərbaycan-Türkiyə əlaqələri, ölkələrimiz arasındakı sarsılmaz strateji tərəfdaşlıq daha da möhkəmlənməkdədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da bu tərəfdaşlığa öz töhfəsini verməkdədir. Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə ordu quruculuğu, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Ötən ilin noyabr ayında Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri, Türkiyə Cümhuriyyətinin qurucusu, Türk dünyasının böyük siyasi lideri Mustafa Kamal Atatürkün anım günü, 30 ilədək işğal altında olan torpaqlarımızın azad olunduğu, tarixi zəfər qazandığımız bir gün - noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, sarsılmaz Azərbaycan-Türkiyə birliyi və çoxcəhətli tərəfdaşlığında Azərbaycanın ulu diyarı Naxçıvanın müstəsna siyasi-strateji rolunu bir daha təsdiqləmişdir. Martın 18-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlamış, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırmış, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirmişdir. Muxtar respublika rəhbəri hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ilbəil möhkəmləndiyini qeyd edərək demişdir ki, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleksin qurulması ikitərəfli əlaqələrə verilən önəmin ifadəsidir. Ali Məclisin Sədri regionda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmiş, muxtar respublika ilə Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin perspektivlərini dəyərləndirmişdir.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq etmiş, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbənin və əldə olunmuş razılaşmanın region üçün əhəmiyyətini vurğulamışdır. Gələcək əməkdaşlıq barədə danışan Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasının inkişafının ikitərəfli münasibətlərə töhfə verdiyini bildirmişdir.
 
Aqrar sahənin inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına dövlət dəstəyi
 
Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı" bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının bu sahəyə marağını artırır. Digər tərəfdən, hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Aqrar sahənin inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına və itkisiz məhsul yığımına nail olmaq məqsədilə torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıda diqqətdə saxlanılır. Yeni innovativ texnologiyaların tətbiqi həm də əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına, bazarda yerli məhsulların üstünlük təşkil etməsinə, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Qeyd etmək yerinə düşər ki, son illər muxtar respublikaya 3282 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilib.
Martın 31-də "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı olub. Tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək kənd təsərrüfatının iqtisadi inkişafda əhəmiyyətindən, ölkəmizdə bu sahənin inkişafının diqqət mərkəzində olmasından bəhs edib. Qeyd olunub ki, ölkə Prezidentinin müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Bu gün təqdimatı keçirilən kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. Muxtar respublikada da kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan Ali Məclisin Sədri deyib: "Hər bir texnika bir ailənin iş yeri deməkdir. Hər bir texnika məhsul istehsalı, məhsuldarlığın artırılması deməkdir. Ona görə də texnikalar qorunmalı, onlar uzun müddət muxtar respublikanın kənd təsərrüfatı sahəsində istifadə edilməlidir". Ali Məclisin Sədri yeni texnikaların alınıb gətirilməsində əməyi olanlara təşəkkürünü bildirib.
Məlumat verilib ki, "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.
Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, əkin sahələrinə nəzarət olunması, yerlərdə baytarlıq apteklərinin yaradılması, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisası tələbələrinin bu işlərə cəlb edilməsi, alınan texnikalardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına cəlb edilmiş ailə təsərrüfatlarına da təqdim edilməsi barədə tapşırıqlar verib.
Ötən ayın ümumi mənzərəsi bir daha təsdiq edir ki, muxtar respublikada davamlı inkişafa nail olmanın, qarşıya qoyulan məqsədlərə vaxtında və uğurla çatmanın başlıca səbəbi ümummilli liderimizin dövlətçilik ideyalarına sarsılmaz sədaqət, vətənpərvərlik, müasirləşmə, qurub-yaratmaq amalı ilə yorulmaz fəaliyyətdir. Ali Məclis Sədrinin də dediyi kimi: "Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir".
 
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
 
14.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).