20:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Uşaqların zərərli informasiyalardan qorunması barədə qanunvericiliyin tələbləri.
 
 
   İnformasiyanın azadlığı demokratik cəmiyyətin təməl daşıdır. Müvafiq informasiya olmadıqda, insan nə oxuya, nə işləyə, nə siyasi həyatda iştirak edə, nə də ki, ümumiyyətlə öz haqlarını qoruya və müdafiə edə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
Ölkə Konstitusiyasına uyğun olaraq hər kəs kimi uşaqların da yaşına uyğun informasiya əldə etmək hüququ var. Bəs uşaqların bu hüquqlarını pozmadan onları zərərli informasiyalardan necə qorumaq lazımdır?
Qeyd etmək lazımdır ki, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunla tənzimlənir.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən "uşaqlar üçün zərərli informasiya" dedikdə, uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlar nəzərdə tutulur. Zərərli informasiyalar sırasına uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar və müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar daxildir.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara isə zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalar aid edilir.
Qeyd etmək lazımdır ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən informasiya məhsullarının yaş təsnifatı aparılır. İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aparılır.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı, informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri, informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı qiymətləndirilir. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi qeyd olunan Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
"Universal" yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir. "18 yaşdan" kateqoriyasına Qanuna əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir. İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludurlar.
Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər "Telekommunikasiya haqqında" Qanuna uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər. Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Bəs uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması məsuliyyətə səbəb olurmu?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması dedikdə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılması, informasiya məhsulunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılması nəzərdə tutulur.
İnformasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsi, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsi, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsi də uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması hallarına daxildir.
Həmçinin uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması hallarına məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunması və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun onlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılması da aid edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Uşaqları yalnız dünyaya gətirmək deyil, onları həm də gələcəyin layiqli vətəndaşları kimi böyüdərək formalaşdırmaq cəmiyyətin, dövlətin və ailənin borcu və vəzifələridir. Bu prosesdə iştirak edən hər bir valideyn övladını vətənpərvər, millətə və dövlətçiliyə şərəflə xidmət edəcək şəkildə tərbiyə etməlidir. Gələcəyimizin qarantı olan ən qiymətli xəzinəmiz - övladlarımızı vətənini, millətini sevən, dövləti üçün çalışan bir şəxsiyyət kimi yetişdirmək, həyatın bəxş etdiyi çətinliklərin öhdəsindən gəlməyi bacaran, özünəinamlı, özü qərar verə bilən, təşəbbüskar, geniş düşüncəli, fədakar və istedadlı bir gənc kimi yetişmələrini təmin etmək bizim ümumi vəzifəmiz və məqsədimizdir.

Kazım Kazımlı
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

@Nuhçıxan İnformasiya Agentliyi 
 
20.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).