22:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq".
Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları tikilir, uzun illər əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən bu tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına hesablanıb.
Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası tikilmiş, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemləri yenilənmişdir.
 
Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik təsərrüfatı yenidən qurulub.
 
  
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat vermişdir ki, Külüs, Keçili, Şahbuzkənd kəndlərini və yeni tikilən nasos stansiyasını dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 12,2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Bu məqsədlə 35/10 kilovatlıq "Şahbuz" yarımstansiyasında lazımi genişləndirmə işləri aparılmış, Külüs kəndi ərazisində 2500 KVA gücündə 35/10 kilovoltluq və nasos stansiyasının yaxınlığında 1600 KVA gücündə 10/6 kilovoltluq transformator yarımstansiyası quraşdırılmışdır.
Bildirilmişdir ki, elektrik xəttinin çəkilişi üçün 84 ədəd 35 kilovoltluq qalvanik metal dayaq, 36,6 kilometr uzunluğunda, 43,5 ton Piogen markalı polad-alüminium məftil, 1700 metr mühafizə trosu çəkilmişdir. Həmçinin 1 ədəd 63 KVA gücündə 10/0,4 kilovoltluq xüsusi sərfiyyat transformatoru, 35, 10 və 6 kilovoltluq komutasiya açarları quraşdırılmışdır.
Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik təsərrüfatlarının yenidən qurulması yaşayış məntəqələrində elektrik enerjisinin daha keyfiyyətlə ötürülməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək demişdir: Bu ərazilərin elektrik enerjisi ilə təminatında həmişə problemlər olmuşdur. Ona görə də kəndlərin elektrik sistemlərinin yenidən qurulması və yeni xəttin çəkilməsinə qərar verildi. Yeni elektrik xətti həm 3 kəndin elektrik enerjisi ilə təminatını yaxşılaşdırdı, həm də uzun illər bu ərazidə əkilməyən 340 hektar torpağın su təminatını həyata keçirməyə imkan verdi.
 
 
"Vaxtilə torpaq sürüşməsi zamanı Keçili kəndindən köçənlər üçün evlər tikiləndə qaynaq aparatını işlətmək üçün elektrik enerjisinin gücü çatmırdı", - deyən Ali Məclisin Sədri artıq bu gün həmin problemlərin aradan qaldırıldığını, müasir xətlərin qurulub istifadəyə verildiyini, elektrik təminatının yaxşılaşdırılmasının isə burada insanların rahat yaşayışına xidmət etdiyini bildirmişdir.
 
Külüsdə yeni nasos stansiyası istifadəyə verilib.
 
  
Aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək demişdir ki, yeni nasos stansiyası Şahbuzçaydan qidalanır və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurur. Nasos stansiyasında su sərfi saatda 300 kubmetr olan nasos və gücü 800 kilovat elektrik mühərrikindən ibarət nasos stansiyası tikilərək vakkum sistemi ilə təmin olunmuşdur. Suyun sahəyə verilməsi üçün 1850 metr təzyiqli boru xətti bərpa olunmuş, 290 metr yeni xətt çəkilmişdir. 2140 metr boru xətti üzərində 64 bar təzyiqə davam gətirən 4 əks klapan, 1 tənzimləyici siyirtmə quraşdırılmış, boru xəttinin dayanıqlılığını artırmaq üçün 18 beton anker dayaq tikilmiş, boru xəttinin sonunda 2 hidrant, 2 paylayıcı hovuz quraşdırılmışdır.
 
 
Ali Məclisin Sədri demişdir: 40 il əvvəl bu nasos stansiyasının qurulmasına cəhd göstərilmiş, lakin iş başa çatdırılmamışdır. Çünki buraya çəkilən elektrik xəttinin gücü nəzərə alınmadığından nasos stansiyasını işlətmək mümkün olmamışdır. Yeni elektrik xəttinin çəkilməsi, yarımstansiyanın qurulmasından sonra artıq bu nasos stansiyasının işləməsi reallaşmış və bu gün istifadəyə verilir. Stansiya vasitəsilə 3 kəndin - Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektara yaxın torpaq sahəsi suvarılan torpaqlar sırasına daxil olacaqdır. Şahbuz rayonunda elə bir yer yoxdur ki, orada 340 hektar suvarılan torpaq sahəsi bir yerdə olsun. Ona görə bu nasosun əhəmiyyəti çox böyükdür. 340 hektar dəmyə torpaq suvarılan torpaqlara çevrilir ki, bununla məhsuldarlıq xeyli artacaqdır.
Ali Məclisin Sədri nasos stansiyasının qurulmasında əməyi olanlara təşəkkür etmiş və stansiyanı işə salmışdır.
 
Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır.
 
Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılmış 340 hektar torpaq sahəsinə baxmışdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat vermişdir ki, sahəyə suyun paylanması üçün 5200 metr su arxı çəkilmiş və ərazi daşdan təmizlənmişdir. Əkin dövriyyəsinə daxil edilən 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Bunun 288 hektarı Külüs, 37 hektarı Mahmudoba, 15 hektarı isə Nursu bələdiyyələrinə daxildir. Ərazi Mahmudoba bələdiyyəsindən 1850 metr hündürlükdən başlayaraq Külüs və Nursu bələdiyyələrinə doğru 2100 metr hündürlüyədək 6 kilometr boyunca davam edir. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilmişdir ki, onun 121 hektarı xüsusi, 153 hektarı bələdiyyə mülkiyyətində olan torpaqlardır. Həmçinin 45 hektar sahədə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti əkin aparmışdır.
 
 
Əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilmişdir.
Ali Məclisin Sədri yeni əkin dövriyyəsinə qatılacaq 340 hektar sahədə qurulacaq qapalı suvarma şəbəkəsinin layihəsinə baxmışdır. Məlumat verilmişdir ki, qapalı suvarma şəbəkəsinin qurulmasında 42 hidrant, 10 siyirtmə, 6 suboşaldıcı və 3 təzyiqqaldırıcıdan istifadə olunacaqdır. Diametri 250 və 200 millimetr olan boru xətlərindən istifadə olunmaqla, ümumilikdə, 10 min 596 metr xətt çəkiləcəkdir.
Sonra kənd sakinləri ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək demişdir: Bu gün Şahbuz rayonunun həyatında əlamətdar gündür. Rayonun əkin dövriyyəsinə suvarılan 340 hektar torpaq sahəsi əlavə olunur. Bu ərazilər əkin üçün tam yararlı, məhsuldar torpaqlardır. Suvarılandan sonra burada məhsuldarlıq da artacaq və rayon muxtar respublikanın iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Ölkəmizin iqtisadi inkişafı, torpaq sahələrinin suvarılmasının dayanıqlılığının artırılması sahəsində görülən tədbirlər, qəbul olunan dövlət proqramlarına uyğun olaraq bu ərazinin də əkin dövriyyəsinə daxil olunması üçün plan hazırlandı və həyata keçirildi. İlk növbədə, 11 kilometrə yaxın yeni elektrik xətti çəkildi və 2 yarımstansiya yaradıldı. Daha sonra nasos stansiyasının qurulması ilə yeni torpaqlar əkin dövriyyəsinə qatıldı. Əraziyə gələn yolun da əkinçilər üçün vacibliyi nəzərə alınaraq buraya tam yararlı yol çəkildi.
Ali Məclisin Sədri demişdir: Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər. Dövlət dəstəyi ilə güzəştli şərtlərlə gübrələr verilir, əkinçilərə hər hektara görə vəsaitlər ödənilir. Bu ildən taxılın hər kiloqramı dövlət tərəfindən 42 qəpiyə alınacaqdır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir. Bu da həm əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Külüs kənd sakini Vahid Sadiqov minnətdarlıq edərək demişdir: "Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikanın hər bir rayonu kimi, Şahbuz rayonu da tamamilə abadlaşmışdır. Kəndimizdə yeni məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar tikilib, təbii qaz, elektrik enerjisi təminatı yaradılıb, yolumuz abadlaşdırılıb. İnsanların rahat yaşaması üçün hər şərait vardır. Ali Məclis Sədrinin Külüs kəndinə bu dəfəki səfəri xüsusilə fərqlənir. Ona görə ki sovet imperiyasının 70 ildə həyata keçirə bilmədiyi işlər qısa müddət ərzində reallığa çevrilib. Artıq "Düz" massivində su var, yəni həyat var. Kəndimizdə yeni nasos stansiyası qurulub, buraya 12 kilometr məsafədən elektrik xətti çəkilib, geniş yol salınıb, ərazi daşdan təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib. Burada görülən işləri biz heç təsəvvürümüzə də gətirə bilməzdik. Əvvəllər bu düzə qalxmaq çox çətin idi. İndi isə istənilən texnika bura çox asanlıqla gəlib-gedə bilir. Mən bu ərazidə 2 hektar taxıl əkmişəm. Bu cür əkin sahələrinin artırılması bolluq deməkdir. Bolluq xoş güzərandır. Bizim üzərimizə düşən bir vəzifə var - əkib-becərmək, bolluq yaratmaq, gəlir əldə etmək".
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılması, əkin zamanı məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış toxum sortlarından istifadə edilməsi, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
 
* * *
 
  
Nasos stansiyalarının tikilməsi üçün, ilk növbədə, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı vacib şərtdir. Külüs kəndində yeni nasos stansiyasının tikilməsi layihəsi 40 il bundan əvvəl, hələ Sovetlər Birliyi dövründə nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə bu ərazidə enerji təsərrüfatının normalara uyğun olmaması layihənin icrasına imkan verməmişdir. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi öncül istiqamət kimi götürülmüş, yeni elektrik stansiyaları qurulmuş, bütün yaşayış məntəqələrində, xüsusilə kəndlərdə elektrik təsərrüfatı sistemləri yenilənmiş, yeni və dayanıqlı elektrik verilişi xətləri çəkilmiş, transformatorlar qurulmuş, yarımstansiyalar müasirləşdirilmiş, enerjinin tələbata uyğun verilməsinə nail olunmuşdur. Məhz bu işlərin davamı olaraq Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemlərinin yenilənməsi, "Şahbuz" yarımstansiyasının gücünün artırılması nasos stansiyasının tikintisinə imkan vermiş, nəticədə, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Yeni torpaq sahələrinin əkilməsi isə həm muxtar respublikanın ərzaq təhlükəsizliyinə, həm də sakinlərin rifahına töhfə verəcəkdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
23.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).