Yaşa görə əmək pensiyası hüququ hansı hallarda yaranır.? "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələbinə əsasən qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Yəni, hazırda 62 yaşına çatmış və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunmuş tələblərinə cavab verən qadınların yaşa görə əmək pensiyası hüququ yaranırsa, 1 iyul 2021 - 30 iyun 2022 tarixlərində 62 il 6 ay yaşına çatmış və Qanunun qeyd olunmuş tələblərinə cavab verən qadınların yaşa görə əmək pensiyası hüququ yaranacaq və 2027-ci il iyulun 1-dək hər növbəti ildə qadınların yaş həddi altı ay artırılacaq.
07.05.2021
|