18:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

 
Milli Qurtuluş Gününün bəhrələri - müasir Şərur şəhəri.
 
"Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır", - deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin etmiş, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılmış, yeni inzibati binalar və sosial obyektlər tikilmiş, rahat yollar çəkilmiş, əhalinin rifahı yaxşılaşmışdır.
İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilmiş, Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmışdır.
 
Şərur rayonunda Bayraq Meydanının açılışı olub
 
Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir.
İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
 
"Hər bir ölkənin müstəqillik rəmzi hesab olunan bayrağı o ölkə üçün müqəddəsdir. Ona görə də müstəqillik, torpaqların qorunması, dövlətçilik uğrunda şəhidlik zirvəsinə ucalanlar da bayrağa bükülür. Şərur rayon ərazisində qurulan bu Bayraq Meydanı da bir neçə gün əvvəl qeyd olunan 28 May - Respublika Günü münasibətilə və şəhidlərimizin əziz xatirəsinə qaldırılır",-deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır.
Bildirilmişdir ki, Şərur rayonunda Bayraq Meydanının tikintisinə ötən ilin aprel ayında başlanılmışdır. Bayraq dirəyinin hündürlüyü 36,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Ümumi sahəsi 4 min 795 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş, dekorativ ağac və gül kolları əkilmişdir.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev minnətdarlıq edərək demişdir: "Muxtar respublikanın bütün rayonları kimi, Şərur rayonu da göstərilən diqqət və qayğı sayəsində sürətlə inkişaf edir. Rayonun kəndləri yeni görkəmə qovuşmuş, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olmuşdur. Rayon sakinləri bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı kimi qiymətləndirir. Tarixən xalqımız bayrağa ehtiramla yanaşmışdır. Bütün qələbə və zəfərlərimiz Azərbaycan Bayrağı ilə ifadə olunmuşdur. Bu gün rayonumuzda yaradılan Bayraq Meydanı da gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olacaqdır".
Ali Məclisin Sədri Bayraq Meydanında müxtəlif tədbirlərin keçirilməsi, abadlığa və təmizliyə diqqət edilməsi, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
 
 
 
Şərur şəhər avtomobil yolları yenidən qurulub
 
Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir.
İyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik yolun üzərində 3 su keçidi qoyulmuş, 3 min 300 metr uzunluğunda kanal, 5 min metr uzunluğunda yeraltı elektrik, 8 min 834 metr uzunluğunda rabitə, yaşıllıqlar üçün isə 2 min 985 metr su xətti çəkilmiş, müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Şəhərin girişində və daxili avtomobil yollarının kənarlarındakı köhnə səkilər və bardürlər yenisi ilə əvəz edilmiş, səkilərdə 96 yerdə məhdud fiziki imkanlılar üçün keçid qoyulmuşdur.
Ali Məclisin Sədri demişdir ki, Şərur muxtar respublikanın ən qədim tarixə malik olan bölgələrindəndir. Şərur şəhəri tarixinin heç bir dönəmində müstəqillik illərində olduğu qədər inkişaf etməmişdir. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. O gün olmasaydı, bu işlər də həyata keçirilə bilməzdi. Şəhərin yolları su və kanalizasiya sistemləri işlənib tamamilə başa çatdıqdan sonra yenidən quruldu. 11 min 200 metrlik yolun 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlıdır.
 
 
Bu da imkan verəcək ki, bu yollardan uzun illər sıxlıq olmadan istifadə etmək mümkün olsun.
"Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir",- deyən Ali Məclisin Sədri Şərur rayonunda yeni yolların qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, yol kənarında yaşıllıqların artırılması barədə tapşırıq vermişdir.
 
* * *
 
Həmin gün Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanmış, müvafiq göstərişlər vermişdir.
 
Yeraltı piyada keçidləri təhlükəsizliyə təminatdır
 
Həmin gün Şərur şəhərində "28 May" və "Nizami" küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.
 
 

Məlumat verilmişdir ki, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan keçidin möhkəmləndirilməsi üçün tunelin yan divarlarına və örtüyünə dəmir-beton qatı verilmiş, membranla izolyasiya olunmuşdur. Keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, hər iki giriş pilləkəninin üzəri metal konstruksiya ilə örtülmüşdür
 

Ali Məclisin Sədri keçiddə təmizliyə riayət olunması barədə tapşırıq vermişdir.
 
Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək
 
Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.
İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanmışdır.
 
 
Məlumat verilmişdir ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılmışdır. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılmışdır.
Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılmışdır.
 
 
 
Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb
 
Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.
İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək demişdir ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılmışdır. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmişdir. Həmçinin həyata keçirilən ekoloji tədbirlər muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin azalmasına səbəb olmuşdur. Bu sahədə əsas işlər Gigiyena və Epidemiologiya Mərkəzinin, onun yerli qurumlarının üzərinə düşür. Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən cari ilin 5 ayı ərzində 1388 parazitoloji, 666 bakterioloji müayinə aparılmışdır ki, bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
 

Şöbənin parazitoloq köməkçisi Nərmin Əliyeva kollektiv adından minnətdarlıq edərək demişdir: "Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni bir müəssisənin təməlinin qoyulması və yeni bir obyektin istifadəyə verilməsi ilə əlamətdar olur. Gigiyena və Epidemiologiya Şöbəsi üçün yeni iş şəraiti yaradılıb. Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki, rayon əhalisinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsində və peyvəndləmə işinin aparılmasında daha fəal olaq".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək demişdir: Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir.
"Yaxşı iş şərait yüksək əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, əsas məsələ profilaktik tədbirlərin vaxtında görülməsi və gigiyenik qaydalara əməl olunmasıdır. Gigiyena və Epidemiologiya Şöbəsinin kollektivi mütəmadi sanitariya tədbirləri həyata keçirməlidir. Çünki bu tədbirlər xəstəliklərin yayılmamasına, onların vaxtında aşkar olunmasına və qarşısının alınmasına xidmət edir. Yaradılan şərait bundan sonra da muxtar respublikada virus və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verəcəkdir.
Ali Məclisin Sədri kollektivin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirmişdir.
Məlumat verilmişdir ki, şöbədə müdir, epidemioloq, entomoloq, parazitoloq, sanitar həkim və digərləri olmaqla, 18 otaq vardır. Burada Gigiyena, Epidemioloji, Dezinfeksiya şöbələri və bakterioloji, parazitaloji, eləcə də ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərəcəkdir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, südün keyfiyyət analizatoru, radiasiya ölçmək üçün dozimetr, batometr, PH-metr, termohiqrometr, binokulyar mikroskop və digər köməkçi tibbi ləvazimatlar ilə təmin edilmişdir.
Bina istilik sistemi ilə təchiz olunmuş, həyət abadlaşdırılmış, işıqlandırma və suvarma sistemləri çəkilmişdir.
Şöbənin baş həkimi Məhərrəm Qədimov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar vermişdir.
Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi "Changan" markalı avtomobil təqdim olunmuşdur.
 

 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
04.06.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).