15:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi üçün müasir iş şəraiti yaradılıb.
 
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
 
 
Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla, 2 sinif otağı, elektron lövhəli 72 yerlik iclas zalı, 2 soyuducu kamerası olan anbar və yardımçı otaqlar vardır. Burada gigiyena, epidemiologiya, xüsusi təhlükəli infeksiyalar və ümumi laboratoriya olmaqla, 4 şöbə, təşkilati-metodik və ictimai sağlamlıq, sanitar karantin və dezinfeksiya bölmələri və xüsusi təhlükəli virusoloji, xüsusi təhlükəli bakterioloji, parazitoloji, toksikoloji, ümumi bakterioloji-seroloji, ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərir.
 
 
Mərkəzə polimeraz zəncirvari reaksiya cihazları, mikrobioloji laminar dolabları, termostatlar, vorteks, termoşeyker, mikrosentrufuqalar, lüminissent və binokulyar mikroskoplar, quru hava sterilizatorları, qaz və maye xromatoqrafları, spektrofotometr, fotoelektrokolorimetr, radiyasianın təyini cihazı, suyun və südün keyfiyyət analizatorları və digərləri olmaqla, ümumilikdə 66 adda 156 sayda müxtəlif müasir tibbi cihazlar verilmişdir. Həmçinin sterilizasiya üçün avtoklavlar, bakeriosit lampalar, dezinfeksiya kamerası və laborator avadanlıqları yuma və dezinfeksiya cihazı alınmışdır. Peyvəndlərin saxlanılması üçün isə soyuducu kameralar və dondurucu quraşdırılmış, xlor, xloramin, didifos, deltametrin, bromosept, larviol ehtiyatı yaradılmış, dezinfeksiya, dezinseksiya və digər tədbirlər üçün ehtiyac olan birdəfəlik işçi kombinizonlar, eynək, filtirli maska, çəkmə və 60 avtoçiləyici verilmişdir.
Zirzəmidə dezinfeksiya bölməsi işçiləri, anbardar, peyvənd saxlama, qidalı mühit hazırlama, sterilizasiya, iclas zalı, anbar, camaşırxana, yeməkxana, qazanxana və elektrik otaqları yerləşir. Mərkəzə fiber-optik xətt çəkilmiş, elektron sənəd dövriyyəsi sisteminə qoşulmuş, 16 masaüstü kompüter, 8 printer və avtomobillər alınmışdır.
Mərkəzə baxışdan sonra iclas zalında tədbir keçirilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Əhalinin sağlamlığının qorunmasında gigiyena və epidemiologiya tədbirlərinin mühüm əhəmiyyəti vardır. Müstəqillik illərində muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi bu məsələ diqqətdə saxlanılmış, cəmiyyətin əsas sağlamlıq göstəricisi olan sanitariya mədəniyyəti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında dövlət sanitariya nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi və onun 7 rayon şöbəsi tərəfindən həyata keçirilir. Ötən dövrdə mərkəzin fəaliyyəti təmin edilmiş, rayon şöbələri üçün müasir iş şəraiti yaradılmış, yeni ştat strukturu təsdiq olunmuşdur. Hazırda mərkəz və onun rayon şöbələri, ümumilikdə, 316 ştat vahidi ilə fəaliyyət göstərir. Gigiyena və epidemiologiya sahəsində kadr hazırlığı da diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müvafiq ixtisas açılmış, bu günədək həmin ixtisasın 100-dən artıq məzunu olmuşdur. Dünyada yayılan virusun muxtar respublikada epidemiyadan pandemiyaya çevrilməməsi də məhz bu sahədə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.
Ali Məclisin Sədri muxtar respublikada sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında səmərəli fəaliyyətlərinə görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivinə təşəkkür edərək demişdir: Gigiyena və epidemiologiya sahəsində yeniliklərin tətbiqi bütün dövrlər üçün vacibdir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, fəsillərə uyğun fəaliyyət proqramı hazırlanaraq təsdiq olunmalı, yerlərdə mütəmadi deznifeksiya işləri aparılmalıdır. İxtisaslı kadr təminatı işin keyfiyyətini artıran başlıca amildir. Gigiyena və Epidemiologiya Mərkəzi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrini praktik fəaliyyətə cəlb etməli, gənc əməkdaşlar işə götürülməli, kurslar təşkil olunmalıdır. Muxtar respublikada yoluxucu və parazitar xəstəliklərlə bağlı vəziyyət sabitdir. Lakin buna baxmayaraq, Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi mütəmadi olaraq yoluxucu və parazitar xəstəliklərin profilaktikasını aparmalı, müayinə və monitorinqlər davamlı xarakter daşımalıdır. Dövlət sanitariya nəzarəti o zaman nəticəli olur ki, əhali bu işə dəstək verir. Muxtar respublikada sanitariya mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlər davam etdirilməli, sosial gigiyenanın əhəmiyyəti insanlara düzgün çatdırılmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının istifadəyə verilməsi və avtomobillərin təqdimatı münasibətilə tədbir iştirakçılarını və mərkəzin bütün kollektivini təbrik etmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq Gigiyena və Epidemiologiya Mərkəzi də hərtərəfli qayğı ilə əhatə olunmuş, əhali arasında yoluxucu xəstəliklər minimum həddə endirilmişdir. Vaxtında aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində polimelit, difteriya və maliyariya xəstəliyi qeydə alınmır. Naxçıvan Muxtar Respublikasında sanitar-epidemioloji xidmətin formalaşması və inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Son illər Sədərək, Babək, Şahbuz, Ordubad, Şərur rayon gigiyena və epidemiologiya şöbələri bütün növ müasir tibbi avadanlıqlarla təmin edilmiş yeni binalara köçürülmüşdür. Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin isə yenidən qurulması həyata keçirilir. Mərkəz üçün yeni binanın istifadəyə verilməsi də görülən işlərin davamıdır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi və səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıq vermişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev minnətdarlıq edərək universitetin müvafiq ixtisasında təhsil alan tələbələri üçün Gigiyena və Epidemiologiya Mərkəzinin baza rolunu oynayacağını bildirmişdir.
Sonra 2-si Gigiyena və Epidemiologiya Mərkəzi, 7-si rayon şöbələri, 1-i Naxçıvan Şəhər Bələdiyyəsi üçün olmaqla, 10 avtomobilin təqdimatı olmuşdur.
 
 
Ali Məclisin Sədri avtomobillərə baxmış və açarları təqdim etmişdir.
Mərkəzin həyətində 40 yerlik açıq və 4 yerlik örtülü dayanacaq yaradılmış, bina istilik, elektrik və su sistemləri ilə təchiz edilmiş, generator, UPS, əks-təzyiqli antibakterial filtirli havalandırma və kondisioner sistemləri quraşdırılmışdır.
 
 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
25.06.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).