3:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi yaradılsın.
2. "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
_________________________________________________________________
 
"Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsin
N İ Z A M N A M Ə S İ
 
1. Ümumi müddəalar
 
1.1. "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi (bundan sonra - Mərkəz) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən, muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarını yerli şəraitə uyğun yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin edən və toxumçuluq sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Mərkəz Naxçıvan şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyət istiqamətləri
 
2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
 
2.0.1. toxumçuluq sahəsində dövlət ­siyasətinin həyata keçirilməsində iştirak etmək;
2.0.2. muxtar respublikada toxumun istehsalını, tədarükünü, saxlanmasını və satışını təmin etmək;
2.0.3. kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması ilə bağlı tədbirlər görmək;
2.0.4. daxili bazarda toxum çatışmazlığının və qiymət artımının qarşısının alınmasında iştirak etmək;
2.0.5. müvafiq sahədə xarici təcrübəni öyrənmək və tətbiq etmək;
2.0.6. Mərkəzin Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
 
3. Mərkəzin vəzifələri və hüquqları
 
3.1. Mərkəz, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. dövlət reyestrinə daxil edilmiş müxtəlif kənd təsərrüfatı bitki sortları üzrə toxumların istehsalı, tədarükü, idarə olunması və satışı ilə bağlı təkliflər hazırlamaq;
3.1.2. muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun toxum istehsalını və tədürükünü həyata keçirmək;
3.1.3. muxtar respublikanın yüksək məhsuldarlığa malik yerli toxum fondunu yaratmaq, bu məqsədlə elmi, aqrotexniki və təşkilati tədbirlər görmək;
3.1.4. toxum ehtiyatlarının yaradılması məqsədi ilə istehsal və tədarük olunacaq toxumun çeşidi, həcmi və hər təsərrüfat ili üzrə satışı barədə təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
3.1.5. muxtar respublikada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə birlikdə yerli toxum sortlarını araşdırmaq, bərpa etmək və yaymaq;
3.1.6. toxumun keyfiyyətli və təhlükəsiz saxlanılmasına nəzarət etmək, satışını təşkil etmək;
3.1.7. orta bazar qiymətləri nəzərə alınmaqla toxum satışı barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmək;
3.1.8. istehsal və tədarük edilən toxumların dövlət standartlarına uyğun olaraq sortlar və reproduksiyalar üzrə qablaşdırılmasını və etiketləşdirilməsini təmin etmək;
3.1.9. Mərkəzə tədarük edilmiş toxumun yenidən işlənilməsini (toxumun qurudulması, kimyəvi və bioloji preparatlarla işlənilməsi, soyudulması, təmizlənməsi və s.) həyata keçirmək;
3.1.10. təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər nəzərdə tutulur) nəticəsində Mərkəzdə saxlanılan toxumun miqdarında azalma barədə aidiyyəti üzrə məlumat vermək və müvafiq qaydada yenisi ilə əvəz olunmasını təmin etmək;
3.1.11. Mərkəzdə saxlanan toxumun sığortalanmasını təşkil etmək;
3.1.12. dövlət reyestrinə daxil edilmiş yüksək məhsuldar bitki sortlarının toxumlarının istehsal edilməsi ilə bağlı təkliflər hazırlamaq;
3.1.13. daxili bazarda toxum çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması sahəsində təkliflər hazırlamaq və tədbirlər həyata keçirmək;
3.1.14. qabaqcıl təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.15. Mərkəzin vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.16. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.17. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:
3.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq;
3.2.2. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.3. tədarük üçün təklif olunan toxumun keyfiyyəti ilə bağlı sənədləri satıcıdan (malgöndərəndən) tələb etmək və toxumun partiyalarına baxış keçirmək;
3.2.4. toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə iştirak etmək;
3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, seminarlar keçirmək və maarifləndirici materiallar hazırlamaq;
3.2.6. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
4. Mərkəzin idarə olunması
 
4.1. Mərkəzin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.
4.2. Direktorun Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Direktorun müavini, Direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:
4.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və Mərkəzi təmsil edir;
4.3.2. Mərkəzin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq aidiyyəti üzrə təqdim edir;
4.3.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
4.3.4. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;
4.3.5. Mərkəzin büdcəsinin icrasına nəzarət edir;
4.3.6. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.3.7. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;
4.3.8. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.3.9. Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
 
5. Mərkəzin əmlakı və maliyyə fəaliyyətinin əsasları
 
5.1. Mərkəzin əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.2. Mərkəz öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
 
6. Mərkəzin fəaliyyətinə nəzarət
 
Mərkəz fəaliyyətinə dair illik hesabatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
 
7. Mərkəzdə uçot və hesabat
 
7.1. Mərkəz qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.2. Mərkəz qanunvericiliyə uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
 
8. Mərkəzin ləğvi və yenidən təşkili
 
Mərkəzin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 15 iyul 2021-ci il
 
15.07.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).