18:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
 
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Burada işçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür.
 
 
Əmək müqaviləsinə xitam verilməsi əsaslarına tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar, habelə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi daxildir.
Qanunvericilikdə əmək müqaviləsinə xitam verilərkən işçilər üçün bir sıra təminatlar müəyyən edilmişdir. İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən tərəfindən işçi bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi və on ildən çox əmək stajı olduqda isə azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir.
İşəgötürən işçinin razılığı ilə qeyd etdiyimiz azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli və azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə isə orta aylıq əməkhaqqının 2 misli miqdarında əməkhaqqını bir dəfəyə ödəməklə də müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
Həmçinin xəbərdarlıq müddəti ərzində işçi hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Qeyd edək ki, əmək müqaviləsi müəssisənin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar ləğv edilərkən işçiyə işəgötürən tərəfindən əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Belə ki, işçinin bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında və on ildən çox əmək stajı olduqda isə orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
Əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, işçinin hərbi və ya alternativ xidmətə çağırılması və ya qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi ilə bağlı xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında, əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xitam verildikdə isə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Əmək müqaviləsinə xitam verilməsinin səbəb və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İşçinin əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə isə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
 
23.07.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).