8:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərq Qapısı" qəzeti - 100 il.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərq qapısı" qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə" 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən qəzetinin 100 illik yübileyi muxtar respublikamızda silsilə tədbirlərlə qeyd olunur.
 
 
Böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan "Şərq qapısı" qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərq qapısı" qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə" müvafiq Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq etdi. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan "Cavanlar həyatı" qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilib. Vərəqə şəklində çap olunan "Cavanlar həyatı" qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərib, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda "Füqəra səsi" adlı yeni bir qəzet nəşr olunub. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan "Şərq qapısı" qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb.
Ötən əsrin 70-80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilib. Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən "Şərq qapısı" qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirib. Ümummilli lider Heydər Əliyevin "Şərq qapısı" qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub. Müstəqillik illərində "Şərq qapısı" qəzetinin maddi-texniki bazası gücləndirilib, yaradıcılıq imkanları genişləndirilib, rəngli nəşrinə başlanıb, yubileyləri dövlət səviyyəsində qeyd olunub.
 
 
Bu gün "Şərq qapısı" qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün "Şərq qapısı"nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Sayt 2019-cu ildə yenilənib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb. Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür. Qazanılan uğurlar Naxçıvanı dünyaya böyük vətənpərvərlik sevgisi ilə sevdirmək məramının, Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırılmasının, vaxtilə Naxçıvana ərazi blokadasından da ağır zərbələr vuran informasiya blokadasının yarılması, informasiya təminatının düşünülmüş şəkildə təşkilinin bəhrələridir. "Şərq qapısı" qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə" müvafiq Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.
 
03.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).