18:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Culfa rayonunun Yaycı kəndində içməli su şəbəkəsi qurulur.
 
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır".
Avqustun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun Yaycı kəndində qurulacaq içməli su şəbəkəsinin layihəsinə baxmışdır.
 
 
Məlumat verilmişdir ki, Gilançay yatağında müxtəlif diametrli borularla 16 baxış quyusu olan 516 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikiləcəkdir. Kaptajdan su anbarlarına qədər plastik borularla 13,4 kilometr xətt çəkiləcək, boru xətti üzərində 5 havaburaxıcı və 7 suboşaldıcı quraşdırılacaqdır. Su natrium hipoxloridlə dezinfeksiya olunaraq hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığılaraq öz axını ilə şəbəkəyə veriləcəkdir.
Layihəyə əsasən kənddə 138,5 kilometr daxili su şəbəkəsi çəkiləcək və 1950 evə su verilərək sayğac quraşdırılacaqdır. Su şəbəkəsi üzərində 6 yanğın hidrantı və qəza zamanı xətlərdən suyun boşaldılması üçün 14 suboşaldıcı və müxtəlif diametrli 141 siyirtmə quraşdırılacaqdır. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su veriləcəkdir. Bununla da, kənd sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Yaycı kəndinin içməli su təminatı vacib məsələdir. Ona görə ki, kənd muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Vaxtilə bu kəndin su təchizatının yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür. Ancaq bu gün müasir tələblər səviyyəsində yeni içməli su şəbəkəsinin qurulmasına ehtiyac var idi. Gilançayda tikiləcək kaptajdan 14 kilometrə yaxın aparıcı xətt və kənddaxili 140 kilometrə yaxın daxili su xətti çəkiləcəkdir. Bu, böyük layihədir. Lakin muxtar respublikanın tikinti təşkilatlarının imkanları və yerli istehsal imkan verəcəkdir ki, bu layihə də qısa müddətdə başa çatdırılsın. Su xətti çəkilərkən, əsasən, yerli istehsal olan tikinti materiallarından istifadə olunacaq, iş keyfiyyətlə başa çatdırılacaqdır.
Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elnur Abbasov kənd sakinləri adından minnətdarlıq edərək demişdir: "Naxçıvanın hər yeri abadlaşır, inkişaf edir, müasirləşir. Eynilə də bu abadlaşdırma işləri Culfa rayonunun hər bir kəndində görülmüş, bütün kəndlərdə yenidənqurma işləri aparılmışdır. Bir neçə il bundan əvvəl Yaycı kəndində ərazilərin suvarılması üçün 3 nasos stansiyası qurulmuşdur. Bütün inzibati binalar yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilmiş, kənd sakinlərinin istifadəsinə verilmişdir. İndi isə sakinlərin içməli su problemi öz həllinin tapacaqdır. Bu problemin aradan qaldırılması bütün kənd sakinlərinin sevincinə səbəb olmuşdur".
Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov demişdir: "Ali Məclis Sədrinin kəndimizə, eləcə də muxtar respublikanın digər bölgələrinə səfərləri quruculuq tədbirləri ilə yadda qalır. Naxçıvanda ulu öndər Heydər Əliyev ideyalarına əsaslanan quruculuq işləri aparılır. Əsrə bərabər işlər görülür. Bu gün quruculuq və inkişafın Naxçıvan modeli yaranıb. Muxtar respublikada o yer yoxdur ki, quruculuq işləri getməsin. Bütün bunlar Naxçıvanın, ümumilikdə isə Azərbaycanın inkişafına xidmət edir. Culfada bütün kəndlər kompleks abadlaşıb. Yaycıda həmişə içməli su problemi olub. Əvvəllər bu istiqamətdə müəyyən işlər görülüb. Bu gün isə sakinlərin rahatlığına xidmət edəcək mühüm bir layihənin təməli qoyulur".
Ali Məclisin Sədri demişdir: Su həyatdır. Hər bir ev içməli su ilə təmin olunmalıdır. Ölkə üzrə qəbul olunmuş dövlət proqramlarında rayon və şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Kəndlərin su təminatının yaxşılaşdırılması üçünsə əlavə tədbirlər görülür. Bu layihə muxtar respublikanın daxili imkanları hesabına həyata keçiriləcək, insanların rahat yaşayışı tam təmin ediləcəkdir. Yaycı qədim tarixə malikdir. Bu kənddə də ermənilər tərəfindən soyqırımı həyata keçirilib, lakin sakinlər öz yurdlarını tərk etməyib, kənddə məskunlaşaraq buranı inkişaf etdirmişlər. Son illər Yaycıda quruculuq işləri aparılmış, torpaqların suvarılması üçün nasos stansiyaları qurulmuşdur. Bu gün kənddə yeni evlər tikilir, məskunlaşma ilbəil artır. Sakinlər də yaradılan bu imkanlardan səmərəli istifadə etməlidirlər.
 
 
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri texniki-mühəndis qaydalarına əməl olunmaqla işlərə başlanılması və keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
04.08.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).