12:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İnsan hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizmi - mediasiya.
 
Müasir dövrdə sürətlə dəyişən ictimai münasibətlər sistemi insan hüquqlarının müdafiəsində daha çevik və mobil mexanizmlərin yaradılmasını xeyli dərəcədə aktuallaşdırmışdır. Belə şəraitdə milli hüquq sistemlərində şəxsiyyətin hüquq və qanuni mənafelərinin müdafiəsinin ənənəvi vasitələri ilə yanaşı, yeni modellərin müəyyən edilməsi və hüququ pozulmuş şəxslərin şəffaf münasibətlər şəraitində alternativ müdafiə vasitələrini seçmək imkanlarının olması vacib məsələlərdən birinə çevrilir. Bu baxımdan milli hüquq sistemində mediasiya institutunun tətbiqi şəffaflığın təzahürlərindən biri kimi qiymətləndirilməlidir.
 
 
Bu gün mediasiya institutu ictimai münasibətlərin konfliktli subyektləri arasında mübahisələrin şəffaf və səmərəli həlli üsullarından biri kimi çıxış edir. Ölkəmizdə mediasiya institutunun normativ hüquqi bazasının əsası 29 mart 2019-cu il tarixli "Mediasiya haqqında" Qanunun qəbulu ilə qoyulmuşdur. "Mediasiya haqqında" Qanunun qəbulu Azərbaycanda davam edən məhkəmə və hüquq islahatlarının tərkib hissəsi kimi xarakterizə olunur.
Belə ki, müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Mübahisələrin alternativ həll yollarının tətbiq edilməsi insanların hüquq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə mübahisənin məhkəmə qaydasında həllindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır.
Qanunvericiliyə əsasən mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir. Mediasiya mülki və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir.
Mediasiya vasitəsilə mübahisələrin həlli zamanı mediasiya iştirakçıları qismində mediator və tərəflər çıxış edir. Qanunda verilmiş anlayışa görə, tərəflər dedikdə hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar başa düşülür. Mediator isə peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunan fiziki şəxsdir.
Qeyd etmək lazımdır ki, mediator mediasiya prosesində tərəflərin razılığı çərçivəsində hərəkət etməli, qərar qəbul etməkdə tərəflərə köməklik göstərməlidir. Mediasiya prosesində mediatorun peşəkarlığı tərəflərdən hər hansı birini qane etməzsə və yaxud mediatorun qərəzsizliyinə şübhə yaranarsa, hər hansı bir tərəf ondan imtina edə bilər, mediasiya prosesini tərk edə bilərlər. Çünki mediatorun fəaliyyəti tərəflərin etimadı əsasında həyata keçirilir. Mübahisə edən tərəflər mediatora inanmalı, etibar etməli, lazım gələndə problemlərini onunla bölüşməli, sirlərini ona açmalıdırlar. Mediator məhz həmin vasitələrdən istifadə etməklə tərəfləri barışığa gətirməlidir. Mediasiya prosesi barışıq sazişinin bağlanması ilə nəticələnmədiyi halda mediator mediasiyaya xitam verməli və bu barədə tərtib edilmiş müvafiq sənədi tərəflərə təqdim etməlidir. Məhz bundan sonra tərəflər həmin sənədi əlavə etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər.
Qeyd edək ki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər. Əgər hər hansı tərəfin mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti yoxdursa, onda mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Mediasiya proseslərinin tətbiqi nəticəsində gözlənilən nəticələrdən biri məhkəmələrdə iş yükünün, həmçinin tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllinin təmin olunmasıdır.
Digər qeyd edilməli məsələ isə mediasiya proseslərinin məhkəmə prosesləri ilə müqayisədə qısamüddətli olmasıdır. Belə ki, məhkəmə mübahisələri uzun müddət vaxt aparır, bəzən illərlə insanlar məhkəmə qarşısında (məhkəmə çəkişmələrinə cəlb olunurlar) dayanırlar. Lakin mediasiya prosesləri (mürəkkəb mediasiya mübahisələri də nəzərə alınarsa) 60 gün ərzində başa çatır və tərəflər müvafiq nəticənin əldə olunması üçün uzun müddət gözləməli olmurlar.
Bu gün ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə, dinamik və mütərəqqi institut olan mediasiya bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin səmərəli təmin edilməsinə və təkmilləşdirilməsinə xidmət edir.
 
16.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).