10:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər tib işçilərinin uşaq hüquqları ilə bağlı hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Ombudsmanın əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb, son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılıb, uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar davamlı olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəldilmiş dövlət proqramları qəbul edilib.
Vurğulanıb ki, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, muxtar respublikada uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, sağlamlıqlarının qorunmasına, istedadlarının üzə çıxarılmasına, intellektual və mənəvi inkişafına, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Diqqətə çatdırılıb ki, ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində qəbul edilmiş Dövlət proqramlarının icrası təmin edilib, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 15 mart 2021-ci il tarixdə bu sahədə yeni - "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd olunub ki, bu tədbirlər gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan uşaqların təhsilinə, sağlamlığına, sosial müdafiəsinə, asudə vaxtının səmərəli təşkilinə və hüquqlarının qorunmasına xidmət edir. Bu gün həyata keçirilmiş maarifləndirici tədbir də Müvəkkil təsisatı tərəfindən uşaqların hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə yönəlib.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
26.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).