1:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi günün əsas tələbidir.
 
Ötən illərdə olduğu kimi 2021-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq avqustun 26-da N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Elnur Əliyev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Elnur Əliyev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov döyüş növbəsi çəkmə qaydalarını pozma barədə çıxış edərək qeyd edib ki, beynəlxalq hüququn subyekti kimi müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir.
Qeyd olunub ki, silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
Bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Qeyd olunub ki, hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki, Azərbaycanın nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin, Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olsun, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını belə əsirgəməsin, komandirlərə (rəislərə) sözsüz tabe olsun və döyüşdə onları müdafiə etsin və öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorusun.
Məruzəçi tədbirə yekun vuraraq bildirib ki, ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə başlamış və Rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanmışdır. 44 günlük tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar, o cümlədən şanlı ordumuzun güclü nizam-intizamı nəticəsində mümkün olmuşdur. Böyük Vətən müharibəsi bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
26.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).