2:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şəxsi həyata hörmət hüququ.
 
Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Bizim bu hüququmuz şəxsi və ailə həyatına hörmət hüququ və şəxsi toxunulmazlıq hüququ adı altında "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"nın 8-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə qorunur.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
 
 
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Burada şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə insanın ictimai və ya xidməti fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq onların kənar şəxslərə məlum olmasını istəmir. Bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq münasibətləri, intim və digər münasibətlər və sair məlumatlar daxildir.
Milli qanunvericiliyimizdən əlavə, beynəlxalq qanunvericilikdə də şəxsi toxunulmazlıq hüququna dair bir sıra müddəalar müəyyən olunub. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə qeyd olunan tələblərin pozulmasına görə cinayət məsuliyyəti müəyyən olunubdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cinayət məsuliyyətini özündə ehtiva edir. Həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qeyd olunan əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrinin pozulmasına görə də cinayət məsuliyyəti müəyyən olunubdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsinə görə yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
 
08.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).