22:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçular hərbi intizama ciddi riayət etməyə borcludurlar.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Amil Hacıyev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Amil Hacıyev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının pozulması" mövzusunda geniş məruzəsi dinlənilib.
Asiman Abbasov hərbi xidmət əleyhinə olan cinayətlərin anlayışı barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsinə əsasən hərbi xidmət əleyhinə olan cinayətlər dedikdə, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsində silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb olur. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda, bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya sair nəticələrə səbəb olduqda, iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, bu əməl iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha sonra məruzəçi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
11.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).