16:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Sentyabr ayının 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində "Narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlandığını və bu plana uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra Ombudsmanın əməkdaşı Vahidə Bayramova narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər barəsində tədbir iştirakçılarına məlumat verərək bildirib ki, narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə tənzimlənir.
Qeyd olunub ki, "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət narkoloji xəstəliklərin qarşısının alınması, belə xəstəliklərin erkən müəyyən və müalicə edilməsi, narkoloji xəstələrin səhhəti və psixoloji vəziyyəti üzərində tibbi nəzarətin həyata keçirilməsi və bu xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaradır. Narkoloji xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət tərəfindən təminat verilir.
Diqqətə çatdırılıb ki, həmin Qanuna əsasən narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər narkoloji nəzarət tədbirlərinin tərkib hissəsi olaraq insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınmasına, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və narkoloji xəstəliklərin doğurduğu mənfi nəticələrin narkoloji xəstə və cəmiyyət üçün yaratdığı ziyanın azaldılmasına yönəlir.
Vurğulanıb ki, narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər bütün təhsil, tibb, cəzaları icra edən müəssisələrdə və inzibati həbs yerlərində, habelə narkoloji xəstəliklərə düçar olma ehtimalı yüksək olan şəxslər arasında həyata keçirilir.
Sonra məruzəçi mövzu ilə əlaqədar mövcud qanunvericiliyin müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
14.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).