17:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Oktyabr ayının 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd edib ki, dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə 10 oktyabr "Ümumdünya Psixi sağlamlıq günü" kimi qeyd edilir.
Ombudsmanın əməkdaşı bildirib ki, psixi pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə Avropa Regionunun 52 ölkəsinin nümayəndəsi tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı qəbul edilib.
Tədbirdə qeyd olunub ki, psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir. Belə ki, Azərbaycan Respublikası da yuxarıda qeyd edilən Bəyannaməyə imza atıb, Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəliklər götürüb.
V.Bayramova çıxışında bildirib ki, Ümumdünya Psixi Sağlamlıq Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Naxçıvan Muxtar Respublikasında da insan sağlamlığı bütün dövrlər üçün aktual məsələlərdən biri olub, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm işlər görülüb.
Ombudsmanın əməkdaşı vurğulayıb ki, muxtar respublikada psixi sağlamlığın qorunması, psixi sağlamlıq problemlərinin qarşısının alınması və profilaktikasının təmin edilməsi, həmçinin psixi problemləri olan şəxslərin sosial inteqrasiyası və fəaliyyət imkanlarını genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, psixi pozğunluqdan əziyyət çəkən şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi və sosial müdafiəsinın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin müasir avadanlıqlarla, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi sanitar şəraitin yaradılması, o cümlədən dispanserdə stasionar şəraitdə müalicə alan pasiyentlərin müayinə və müalicəsi, psixoprofilaktikası, reabilitasiyası, onların tibbi xidmət ehtiyacları üçün dərman preparatları ilə təmin edilməsi, həmçinin pasiyentlərin dispanserdə saxlanılması və gündəlik menyuya uyğun olaraq qida rasionu ilə təmin olunması muxtar respublika rəhbərliyinin diqqətdə saxladığı sahələrdəndir.
Diqqətə çatıdılıb ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa əsasən Ombudsmanın preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseridir. Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan pasiyentlərin saxlanma şəraiti, pasiyentlərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr, həmçinin Dispanserin tibb heyəti tərəfindən psixiatriya yardımı göstərilərkən pasiyentlərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, pasiyentlərlə rəftara dair məsələlərlə bağlı hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Bütün bunlar isə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə xidmət edir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
08.10.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).