12:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Bağışlama müqaviləsi və onun hüquqi aspektləri.
 
Bağışlanma müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsini heç bir cavab xidməti ilə şərtləşdirmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır və hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bu müqavilənin bağlanması üçün hədiyyə verənin öz əmlakının bir hissəsini hədiyyə alana bağışlamaq, hədiyyə alanın isə həmin hədiyyəni qəbul etmək haqqında iradələrinin ifadəsi tələb olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
 
 
Bağışlama şəxsin əmlakının bir hissəsinin başqasının mülkiyyətinə verilməsidir. Bu isə şəxsin həmin əmlak üzərində sərəncam vermək qabiliyyətinə malik olmasını tələb edir. Bağışlama müqaviləsi üzrə şəxs özü üçün mülki vəzifə yaradır və onun icrasını öz üzərinə götürür. Bunun üçün isə şəxs mülki hüquq fəaliyyət qabiliyyətinə malik olmalıdır. Şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 18 yaşına çatdıqda, o cümlədən əmək müqaviləsi üzrə işləyənlərin və qanuni nümayəndəsinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 16 yaşı tamam olduqda, qanunla nikaha 18 yaşına çatanadək girmələrinə icazə verilən şəxslər isə nikaha girdiyi vaxtdan tam həcmdə əmələ gəlir. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
Mülki qanunvericiliyə əsasən fəaliyyət qabiliyyəti olmayan, yəni 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların və ya ağıl zəifliyi, yaxud ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsin əmlakından da bağışlama mümükündür. Belə bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçiliklə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilə bilər. Belə ki, mülki qanunvericiliyə əsasən fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin adından əqdləri onun qəyyumları bağlayırlar. Qəyyumlar isə qəyyumluqda olanların hüquq və mənafelərini qorumalı, onların marağına zidd əqdlərin bağlanmasına yol verməməlidir. Fəaliyyət qabiliyyəti olmayan şəxslərin əmlak maraqlarının etibarlı qorunması üçün qəyyumlar tərəfindən onların əmlaklarının özgəninkiləşdirilməsi, o cümlədən bağışlanması haqqında əqdlər ancaq qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olduqda bağlana bilər.
Fəaliyyət qabiliyyəti olmayan şəxsə edilən hədiyyələri isə bir qayda olaraq, onun qanuni nümayəndəsi qəbul etməlidir. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.
Mülki qanunvericilikdə bağışlamanın etibarlı olması üçün bağışlama müqaviləsinin imperativ qaydada formaları müəyyən edilmişdir. Belə ki, bağışlama müqaviləsi şifahi, sadə yazılı formada və notariat qaydasında təsdiq edilməklə bağlana bilər.
Bağışlama müqaviləsinin şifahi formada bağlanması daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə baş verir. Bağışlama müqaviləsi üzrə hədiyyə verən daşınar əşyanı hədiyyə alana verməklə, hədiyyə alan isə həmin əşyanı qəbul etməklə öz rəftarları ilə əqdi bağlamaq iradələrini icra edirlər. Lakin nəzərə almaq lazımdır ki, yalnız rəsmi reyestrlərdə qeydə alınması tələb olunmayan əşyaların bağışlanması haqqında müqavilə şifahi formada bağlana bilər. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların (mülki silahların, avtomobillərin, kiçik həcmli gəmilərin, mülki aviasiya hava gəmilərinin və s.) bağışlanması haqqında müqavilə isə notariat qaydasında təsdiqlənməlidir.
Daşınmaz əşyaların (torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərin) və ya həmin əşyalara hüquqların bağışlanması müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlı olur. Daşınmaz əmlakın bağışlanması üzrə mülkiyyət hüququ isə onun hədiyyə alana verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan keçir.
Sahibinə maddi fayda, yaxud başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə, o cümlədən bağışlaya bilər. Güzəşt edilməsi mümkün olan tələblərin və ya digər hüquqların bağışlanması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı surətdə həyata keçirildikdə etibarlı sayılır. Belə ki, sadə yazılı və ya notariat formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilir.
Həmçinin tərəflər gələcəkdə müəyyən əmlakın bağışlanmasının vəd edilməsi haqqında müqavilə bağlaya bilərlər və belə müqavilələr notariat qaydasında təsdiqləndikdə etibarlı olur.
Qeyd etdiyimiz kimi bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, lakin hədiyyəni alan hədiyyəni qəbul edənədək hədiyyə verən onu istədiyi vaxt geri götürə bilər. Bu halda bağışlama müqaviləsi bağlanmamış olur və hədiyyə verən özünün hədiyyə vermək niyyətindən geri çəkilməkdə müstəqildir.
Bununla yanaşı mülki qanunvericilikdə hədiyyə verənin bağışlamaqdan imtina etmək hüququ da nəzərdə tutulmuş və imtinanın əsasları müəyyən edilmişdir. Belə ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
Hədiyyə verənin bağışlamaqdan imtina etməsinin digər əsası hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasıdır. Məsələn, hədiyyə verən öz torpaq sahəsini qızının həyat yoldaşına bağışlayır. O isə hədiyyə verənin qızı və onların uşaqları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq onlara maddi yardım göstərmir, hətta aliment ödəməkdən belə yayınır. Bu halda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
Bəzən isə bağışlama müəyyən öhdəliklərin icrasından asılı edilə bilər. Hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödədiyini müəyyən edərsə, öhdəliyi tam və lazımınca icra etməlidir. Hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
Bəzən isə hədiyyə verənin və ya hədiyyə alanın imtina hüququnun həyata keçirilməsinə zərurət olmadanda bağışlama ləğv edilə bilər. Belə ki, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, habelə hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir.
 
18.10.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).